Beyini daha yaxşı işlətməyin 7 yolu

22-11-2014, 20:31   

«New Scientist» elmi jurnalı beyinin ən önəmli 7 funksiyasının necə işlədiyini və bunlardan necə daha yaxşı yararlanmaq yollarını öyrənmək üçün tanınmış mütəxəssislərin fikrini öyrənib. Məqalədən əsas bölümləri qısa əlavələrlə diqqətinizə yetiririk.

Beyinin çalışma mexanizmini ən yaxşı bilənlər neyropsixoloqlardır. Nüfuzlu «New Scientist» elmi jurnalı beyinin ən önəmli 7 funksiyasının necə işlədiyini və bunlardan necə daha yaxşı yararlanmaq yollarını öyrənmək üçün tanınmış mütəxəssislərə üz tutub. Söhbət Nilli Lavie, Jason Chein, Vinod Goel, Alan Baddeley, Gabriele Wulf, Tim Rogers, Michael Ramscar, John Kounios kimi tanınmış elm adamlarından gedir.

DİQQƏT

Beyinimizin ən önəmli və təməl funksiyasından biri diqqətdir. Diqqət bəlli bir zaman dilimində nəyi sezəcəyimizi müəyyənləşdirir və bunun fərqində olmağımızı təmin edir. Çevrəmizdə olub-bitənlərdən bir anlam çıxara bilməkdən ötrü bizimlə əlaqəsi olmayan hər şeyi süzgəcdən keçirməmiz və yalnızca bir şeyə köklənməmiz lazımdır. Diqqət funksiyasının işi bununla bitməz: nəyisə əzbərləmək və ya öyrənmək üçün də diqqətimizi toplamalıyıq. Dolayısıyla diqqəti kökləmək qabiliyyətini inkişaf etdirsək, beyinin başqa funksiyalarını da gəlişdirə bilərik.

DİQQƏTDƏN YARARLANMAQ YOLLARI

Beyinin 2 diqqət sistemi var: «aşağıdan-yuxarı» və «yuxarıdan-aşağı». «Aşağıdan-yuxarı» diqqət ani səsləri, tərpənən əşyaları və ya toxunma kimi önəmli hissləri avtomatik sezdirir. Bu sistem sürətlə çalışır və hər zaman fəaliyyətdədir (ən azından yuxudan oyanmışıqsa).

«Yuxarıdan-aşağı» diqqət sistemi bilərəkdən yararlandığımız diqqətdir. Nəyi düşünmək istəyiriksə, onu hədəfə alır və diqqətdə saxlayır.Belə diqqət hər hansı bir işi görməyimizi təmin edir və həmin işə köklənir.

Amma diqqətimiz yayına da bilər. Yuxarıdan-aşağı diqqət dözüm tələb edir və onun dağılma riski yüksəkdir. Onu dağıdan aşağıdan-yuxarıya diqqətdir.

DİQQƏTİ NECƏ İNKİŞAF ETDİRMƏK OLAR?

Diqqətin dağılmasını önləmək bizim əlimizdədir. Telefonun səsini azaltmaq, televizoru söndürmək kimi adi üsullarla aşağıdan-yuxarı gələn diqqət dağıdıcılarını əngəlləmək olar. London Universitet Kollecində çalışan neyropsixoloq Nilli Lavie-nin fikrincə, belə bəsit üsullar beyinimizin «yuxarıdan-aşağı» diqqət tutumunu artıra bilər.

O öz araşdırmalarında «yuxarıdan-aşağı» diqqəti inkişaf etdirməyin yolunu tapıb: bundan ötrü diqqəti bir şeyə deyil, çox şeyə cəmləşdirmək lazımdır. Lavie-nin «yüklənmə teoremi»nə görə, beyin bəlli həddən sonra aldığı siqnalları qəbul etmir. Bunlara diqqətdağıdıcılar da daxildir.

Lavie bu kəşfinin həm diqqətdağıdıcılar, həm də dalğınlıq üçün keçərli olduğunu söyləyir. Real həyatda görülən işlər, vizual element əlavələriylə daha diqqətçəkici hala gətirilə bilər. Məsələn, yazılı bir mətni çərçivəyə almaq, arxa planı – fonu rəngləmək yoluyla.

Bu baxımdan yaddaşın gəlişdirilməsi də fayda verir. Diqqətini cəmləşdirə bilməyənlər və ya beyini zədəli xəstələrlə işləyən alimlər yaddaşı gəlişdirməklə diqqəti uzun müddət bir nöqtədə toparlamağın mümkünlüyünü düşünürlər.

Zehni qabiliyyəti artırmağın bir başqa yolu meditasiyadır. Meditasiya edən insanların beyinləri öyrənilərkən, beyinin diqqətlə bağlı sahələrinin daha yaxşı inkişaf etdiyi üzə çıxır.

İŞLƏK YADDAŞ (QISAMÜDDƏTLİ YADDAŞ)

İşlək yaddaş da beyinin diqqət qədər həssas funksiyalarından biridir. Bildiyimiz və anımsadığımız hər şey işlək yaddaşda toplanır.

Ancaq işlək yaddaş uzunmüddətli yaddaş üçün dəyiş-düyüş yeri deyil. İndi işlək yaddaşa beyinin qeyd dəftərçəsi kimi baxılır. Buradakı bilgilər müvəqqəti saxlanır. Bu bilgiləri düşünərək və seçərək çalışırsınızsa, demək, işlək yaddaşdan yararlanırsınız.

İşlək yaddaş necə çalışır? 1970-ci illərdə İngiltərə York Universitetinin əməkdaşı Alan Baddeley və Graham Hitch işlək yaddaşın necə çalışdığını göstərən bir model hazırlayıblar. Bu sistemin ən önəmli parçası «idarəedici vəzifəsini görən nəzarət nöqtəsi»dir. Onun işi diqqəti uyğun bilgilər üzərində cəmləşdirməkdir.

Bu gün bəzi əsəb həkimləri işlək yaddaşın ayrı bir sistem olmadığını, əksinə, uzunmüddətli yaddaşın bir parçası olduğunu düşünürlər.

Hər necə olsa da, işlək yaddaş insan beyninin standart hissələrindən biridir, amma bəzi insanların işlək yaddaşı digərlərindən daha yaxşıdır. Təsadüfi deyil ki, akademik uğur üçün işlək yaddaş get-gedə IQ-dən-zəka əmsalından daha güvənli bir bildirici sayılır.

MƏNTİQLİ DÜŞÜNCƏ VƏ RASİONALLIQ

İnsanlar özlərini məntiqli və ağıllı varlıqlar kimi görməyə meyllidirlər. Əslində də belə ola bilərsiniz, ancaq bundan ötrü xeyli əmək sərf etmək qaçılmazdır.

Məntiqli düşüncə insanların bir mikromenecer kimi davranmasını tələb edir. Axı insanların çoxu belə doğulmur və yalnız sonradan verilən təhsil və tərbiyə, eləcə də çalışma sayəsində məntiq qazanırlar.

«Sol beyin=məntiq, sağ beyin=inanc» şəklində yayılmış təsəvvür, əslində, elmilikdən çox da uzaq deyil. Görüntüləmə texnikası ilə əldə edilən bilgilərə görə məntiqli bir düşüncə silsiləsi formalaşdırmaq üçün yalnız sol yarımkürənin fəaliyyəti lazımdır.

Di gəl, məntiqli bir düşüncə ilə inanc arasında bir ziddiyyət olduğu zaman məhz sağ yarımkürənin «müdaxiləsi» ziddiyyəti aradan qaldırır. Amma təəssüf ki, çox vaxt udan tərəf sağ yarımkürə olur. Son illər ard-arda aparılan təcrübədən bu nəticə çıxır: Mövcud təsəvvürlərə zidd olan yeni bilgi ortaya çıxdığı zaman beyin sanki geriyə boylanaraq köhnə təsəvvürlərə ilişib qalır. Başqa sözlə, mövcud düşüncələri yeniləşdirmir.

Bir digər çaşdırıcı nöqtə də, ümumi təsəvvürlərdən fərqli olaraq, duyğuların rasionallığa tərs düşməməsidir. Sağ yarımkürəsi zədələnmiş insanlar qərar qəbulunda çətinlik çəkirlər. Üzə çıxan digər bir maraqlı məqam da odur ki, güclü duyğular məntiqli qərar almağımıza mane olur. Bu, sevdiyimiz insanlarla bağlı qərarlarda özünü daha çox hiss etdirir.

Toronto York Universitetində yaddaş psixoloqu çalışan Vinod Goel-in fikrincə, beyinə yönəldilən xəbərdarlıq siqnalları məntiqli düşüncə prosesini dəstəkləyir.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.