Rusiyada yeni inqilab yetişir

24-11-2014, 09:21   

Rusiyada yeni inqilab yetişir

Qabil Hüseynli: “Rusiya ilə bağlı başda Amerika olmaqla Qərbin ciddi planları var...”
Rusiya prezidenti Vladimir Putin deyib ki, Rusiya ekstremizmin və rəngli inqilabların qarşısını almaq üçün hər şeyi etməlidir. Noyabrın 20-də Təhlükəsizlik Şurasında çıxış edən Putin bildirib ki, “biz rəngli inqilabların hansı faciəvi nəticələrə apardığını görürük”. Prezident “rəngli inqilabları” ekstremizmə bənzədib.

Maraqlıdır ki, ötən həftə Çinin və Rusiyanın müdafiə nazirləri də rəngli inqilablardan qorunmaq məsələsini müzakirə ediblər. Bu barədə Rusiyanın müdafiə nazirinin müavini Anatoli Antonov deyib. “Azadlıq” radiosunun məlumatına görə, Antonov deyib ki, Şoyqu və Vanguan o cümlədən rəngli inqilab təhlükəsindən danışıblar. Honq-Konqda demokratiya uğrunda nümayişlərə toxunan müdafiə nazirləri etiraf ediblər ki, heç bir ölkənin rəngli inqilabdan qorunmağa immuniteti yoxdur.

Antonov deyib ki, rəngli inqilab Qərb, o cümlədən Amerika siyasi strateqlərinin eksperimentidir. Onun sözlərinə görə, Ukraynada rəngli inqilab oldu və Ukraynanı çətinliyə və sınaqlara saldı.

Qeyd edək ki, “rəngli inqilab” termini son 10 ildə postsovet məkanında baş verən siyasi hakimiyyət dəyişikliyi, daha dəqiqi keçmiş sovet kadrları olan avtoritar rejimlərin inqilab nəticəsində Qərbyönümlü hakimiyyətlə əvəzlənməsi hadisəsidir. Qırğızıstan, Gürcüstan və Ukraynada “rəngli inqilab” baş verib. Ancaq hazırda Rusiya liderlərinin məhz rəngli inqilab mövzusunu gündəmə gətirməsi Qərbin Rusiyaya qarşı sanksiyaları ilə izah olunur. Görünən odur ki. Rusiya liderləri ölkə daxilində inqilabi proseslərin baş verəcəyindən narahatdırlar.
Mövzu ilə bağlı şərh verən politoloq Qabil Hüseynli deyir ki, Rusiya hakimiyyətinin narahatlığı anlaşılandır. Q.Hüseynlinin fikrincə, Kreml artıq anlayır ki, Qərb Rusiya ilə bağlı ciddi planlarını işə salıb: “Rusiyada rəngli inqilab realdır. Rusiya hazırda tikan üzərində oturmuş vəziyyətdədir. İnsanlar çox narahat, pərişandırlar. Hətta gələn məlumatlara görə, səhhətində problemlər yarananlar da var. Bütün bunlar onu göstərir ki, Rusiyada inflyasiya dərinləşdikcə, rublun məzənnəsi aşağı düşdükcə, iqtisadi göstəricilər pisləşir və Qərbin sanksiyaları öz təsirini göstərir”.

Hazırda Rusiyanın dünyadan təcrid olunmuş vəziyyətdə olduğunu qeyd edən Q.Hüseynli əlavə edir ki, neftin qiymətinin aşağı düşməsiylə bu vəziyyət günü-gündən daha da pisləşir: “Əhalinin maddi rifah səviyyəsində daha çox təzahür edən bu vəziyyət Putinin reytinqinin aşağı düşməsinə də ciddi surətdə təsir göstərir. Açığını demək lazımdır ki, Qərbin özü də Rusiyada ən azından Putinlə bağlı, eləcə də əhalinin yaranmış vəziyyətə etirazları ilə bağlı xüsusi planlarının olması ehtimalı yüksəkdir. Məsələn, xarici işlər naziri Lavrov açıq şəkildə bəyan edir ki, Qərb Putini devirmək istəyir. Mənim zənnimcə, Rusiya ilə bağlı başda Amerika olmaqla Qərbin ciddi planları var. Və bu planlar həyata keçənə qədər Qərb təmkinli mövqe tutacaq. Deyirlər ki, cəhənnəmə gedən özünə yoldaş axtarır. İndi Rusiya hələ belə deyək, vəziyyətin qarışmadığı, qarışması ehtimalının aşağı (yalnız Honq-Konq istisna olunmaqla) səviyyədə olduğu Çini də özünə yoldaş etmək istəyir”.

Q.Hüseynli hesab edir ki, hazırda Honq-Konqdakı iğtişaşları çıxmaqla Çin xeyli dərəcədə sabit ölkədir və inqilab ehtimalı yoxdur. Ekspertin fikrincə, hazırda əsas hədəf Rusiyadır və Qərb dünyası Rusiya hakimiyyətini zəiflətmək və ən azından yaxın illər üçün aqressiv siyasətdən imtina etməyə məcbur vəziyyətə gətirmək istəyir: “Çin də Honq-Konqla bağlı ciddi təşviş içərisindədir. Ancaq ölkənin iqtisadi vəziyyəti, kontinental Çində əhalinin maddi durumu Rusiya ilə müqayisəedilməzdir. Bu səbəbdən də Qərb hələ ki Çini Honq-Konqla pressinq vəziyyətində saxlamaqla, belə demək mümkündürsə, ”bütün cəbhə boyu" Rusiyaya doğru hücuma keçib.

Rus siyasi elitasının belə təşvişli vəziyyəti də artıq təzahürləri görünməyə başlayan bu durumdan qaynaqlanır. Ona görə də Rusiya yeni bir siyasi vəziyyətə hamilədir desək, yanılmarıq. Putinin xilas yolu yoxdur. Rusiya bu dəfə də zəiflədilsə, Yeltsin dönəmi postsovet Rusiyası səviyyəsinə düşsə, ona bir daha xarici aqressiv siyasət yürütmək imkanı verilməyəcək".
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar