İranda şiə və sünni alimlər bir araya gədi
"The Associated Press” agentliynin İrandan verdiyi xəbərdə deyilir ki, dünyanın 80 ölkəsindən gələn sünni və şiə din xadimləri bazar günü Qum şəhərində bir araya gəliblər. Onlar özünü "İslam Dövləti” adlandıran İŞİD-ə qarşı öz etirazlarını dilə gətiriblər. Agentlik qeyd edir ki, İran əhalisinin əksəriyyəti şiədir. Bu ölkə İraq və Suriyada at oynadan sünni terrorçulara qarşı mübarizədə İraq və Suriya hökumətinə, həmçinin kürd peşmərgələrə hər tərəfli yardım edir.
Ayətullah Nasir Məkarim Şirazi tədbirin əsas təşkilatçısıdır. O, çıxışı zamanı sünni və şiələri terrorçulara qarşı mübarizəyə səsləyib. Siqareti öz fətvası ilə qadağan edən bu şiə lideri deyib ki, İŞİD-ə qarşı hərbi əməliyyatların keçirilməsi zəruridir. Ancaq biz din xadimləri müsəlmanlara İŞİD-ın aşıladığı ideologiyanın saxta olduğunu çatdırmalıyıq. Bu düşüncənin köklərini qoparıb atmalıyıq. Müsəlmanlara İŞİD-ın murdar üzünü göstərməliyik. İraqın xarici işlər naziri İbrahim əl-Cəfəri deyib ki, İŞİD islam dünyasına yönəlmiş ən böyük təhlükədir. İŞİD şiələri də, sünnilər də öldürür.
Sünni alim Əbdülrəhman Sarbazi isə deyib ki, sünni müsəlmanlar da İŞİD-ı törətdiyi cinayətlərə görə ittiham edir və bu təşkilatı bəşəriyyətə təhlükə sayır. Agentlik bildirir ki, tədbirdə ən çox vurğulanan fikir o olub ki, İŞİD-i ABŞ və İsrail yaradıb. Məqsəd müsəlman dünyasında məzhəb savaşına rəvac verməkdir.