“Türmə əhvalatları” layihəsində
Onu kimin ürəyi necə istəyirdisə elə də çağırırdı: “Qoca”, “Avara”, “Gic”, “Yazıq”,”Lapux” və sair...
Onun isə dünya qulağına deyildi. Bütün günü 10 saylı CÇM-in həyətində gəzir, divar boyu əllərini sürtür, “buranın qapısı hara açılır?” - deyirdi. O, bilmirdi ki, bu divarların o tayında da daha möhkəm, üstü tikanlı məftillərlə qurşaqlanmış daha böyük divar var və bu iki divarın aralığındakı təmiz şumlanmış yumşaq torpağa ayaq basmaq belə qadağandır. Quş qonanda ayaq izləri qalan bu ərazini keçmək sıldırım qayalıqları keçməkdən daha qorxulu, daha təhlükəlidir.
Sənin bala bacını...
O, doğurdan da yazıq adam idi. Bura gələli heç görüş otağı tərəfə də keçməmişdi. Görüş otaqları olan yer azadlıqla türmənin neytral zonası idi sanki. İstər-istəməz adam burada özünü rahat hiss edə bilirdi. Çölün havası vardı burada, o isə bunu bilmirdi. Bu əraziyə, görüş yerinə girmək üçün buraxılış məntəqəsi vardı. Həmin buraxılış məntəqəsindən demək olar ki, hər gün bir neçə dəfə o biri tərəfə keçmək istəsə də, nəzarətçilər onun “burnuna vurub” geri qaytarırdılar. Bu qoca, ayaq üstə dura bilməyən, kiminsə ona bağışladığı həddindən artıq böyük olan ayaqqabını barmaqlarının ucunda sürüyən yazıq və kimsəsiz adama çoxlarının yazığı gəlirdi. Hər kəs ona diqqət kəsilmək istəyirdi. Heç kəs ondan iyrənmirdi. Baxmayaraq ki, boynunda, başında bit, sirkə az qala rəqs edəcək dərəcədə oynaşırdı. Arada əli ilə bədənindəki biti, sirkəni tutur, barmaqlarının arasında sıxıb öldürür, yerə atır, döyürmüş kimi təpikləyir, “abrını alır”, onlara latayır deməkdən belə çəkinmirdi:
- Sənin bala bacını...
Eşidənlərin gülüşü ətrafa yayılırdı.
Məsələ onda idi ki, o təkcə biti, sirkəni, yay axşamları səsi ətrafı bürüyən cırcıramaları, cəza evinin həyət-bacasında fır-fır fırlanan pişikləri yox, elə gözünə pis dəyən, ona qıcıq verən adamları da söyürdü:
- Sənin...
Deyin, gəlib səfehlərinə yiyə çıxsınlar
Ondan heç kəs incimirdi. Çalışırdılar ki, onun qəzəbinə tuş gəlməsinlər. Bir az uzağa gedib, onunla zarafat etmək istəyən əhl üzvləri də var idi:
- Nəynən, ədə, hələ bir de görək...
Ürəkdən gülürdülər. O isə heç nə olmurmuş kimi yenə də səmə kimi gəzirdi. Üzünün təmiz olan, köynəyinin yuyulan, şalvarının tozdan-torpaqdan təmizlənən vaxtları da olurdu. Ayaqyoluna da getməzdi, kiçik təbii borcunu cəza müəssisəsinin meydanında gəzə-gəzə versin. Elə bir ağac dibi yox idi ki, sərgərdan köpək kimi onun dibini sulamayaydı.
Arada türmə işçilərinin qəzəbinə tuş gələrdi. Qışqırardılar:
- Talışlara deyin, gəlib səfehlərinə yiyə çıxsınlar.
Qoca Astaradan idi. Çox vaxt da talışca danışardı, söyüş söyərdi. Rus dilində də gözəl bilirdi. Amma yazıq idi, kimsəsiz idi, yaxşı ki, əhllərinin uşaqları ona sahib çıxardılar. Az olmamışdı başqa əhlin “yekəbaşları”, qocanı tanımayan təzə dustaqlar onun söyüşünə tab gətirməyib zor tətbiq etmək istəsinlər. Belə məqamlarda talış balaları sinələrini qabağa verərdi, onu müdafiə edərdilər, durumu başa salardılar; necə də olmasa onların adı idi.
Qocanı “Xan” deyə çağırırdılar. Əsl adı isə Xanoğlan idi. Yoxlamalarda heç vaxt olmazdı. Daha doğrusu, sırada durmazdı. İnsanların qarşısından keçər, dustaqların adlarını oxuyan zabitlərin yanında durar, kartoçkalardan adları oxuyurmuş kimi zabitlərin əlinə tərəf boylanırdı.
Bir də gördün, uniformada olan türmə işçilərinin qarşısında dayandı:
- Məni niyə saxlamısız, buraxın, gedim.
Ona fikir verməyib, ehmalca itələyib keçən zabitlərin ardınca:
- Sənin..., sənin...
Zabitlər Xanı eşitməzliyə vururdular.
Nemes əfserinə oxşeyır e
Rəis müavini Vəli Şirinov çox vaxt səhər yoxlanışında özü də iştirak edirdi. Hündürboy, yaraşıqlı zabit idi. Onun haqda bir neçə dəfə bəhs etmişəm. İşinin öhdəsindən bacarıqla gələn biriydi. Məhbuslardan çox nəzarətçilər və başqa zabitlər ondan çəkinərdi. Bir dəfə səhər yoxlanışı zamanı Vəli müəllim adəti üzrə dayanıb yoxlamanı seyr edirdi. Xan da adətinə xilaf çıxmamışdı; sıranın qarşısında ayaqqabılarını sürüyərək gəzirdi. Vəli müəllimə yaxınlaşdı, qarşısında durub gözünü qırpmadan diqqətlə baxdı. Əlini kürəyində çarpazladı, rəis müavinin arxasına keçdi, yan tərəfdən baxdı. Gözlərini qıydı, əlini günlük edib qaşının üstünə qoydu, yenə də baxdı. Sıranın qarşısında duran dəstə rəisləri Xana him-cim etdilər ki, kənara çəkilsin. Xan heç kəsə fikir vermədi, Vəli müəllim isə durmağında davam etdi, heç qımıldanmadı da. Sırada olan 1000 nəfərdən artıq dustağın marağı, zabitlərin səslərini içinə çəkib durması heç də xoşa gələn olaydan xəbər vermirdi. Rəis müavini ehmalca geri dönüb kabineti yerləşən korpusa tərəf addımladıqda Xan onun ardınca farağat komandası alıbmış kimi bir neçə əsgəri addım atıb dayandı, sağ əlini yuxarı qaldırıb uca səslə qışqırdı:
- Hayl, Hitler!
Vəli müəllim onun bu hərəkətini görməsə də, səsini güman ki, eşitdi. Rəis müavini yox olan kimi zabitlərin də dodaqları qaçdı. Dustaqların gülüşü isə çoxdan divarları aşıb o üzə, azadlığın olduğu tərəfə adlamışdı.
Xan bu gülüşdən “payını götürdü”, gözlərində sevinc vardı, hamının eşidəcəyi səslə:
- Nemes əfserinə oxşeyır e, düm-düz durur...
Söyüş söymədi bu dəfə...
Bir dəfə də CÇM-in rəisi Ədliyyə polkovniki Fikrət İsmayılovun qarşısını kəsib əsəbi halda:
- Ədə, sənin... burda məni niyə saxlamısan, ədə? Nə etmişəm sənə, dədə balası, burax minim avtobusla gedim xarabama, - demişdi.
Rəis iri addımlarla tez uzaqlaşmışdı.
Bu qırışmalı görəndə öz dərdimi unuduram
Xana ən çox lənkəranlı Sulduz diqqət ayırırdı. Sulduz sürücü idi. Öz şəxsi avtomobilində Lənkəran-Bakı marşrutu ilə sərnişin daşıyarmış. O, tiryək istifadəçisi kimi həbs olunmuşdu.
Tanışlığımızın ilk günlərində ondan:
- Necə oldu həbs olundun, - soruşdum.
Qısaca danışdı:
- Gündə iki dəfə Bakıya gedib-gəlirdim. Pul lazım idi mənə. Böyümüş 3 qızım vardı. Elçilər qapının ağzını kəsmişdi. Cehizlərini almalı idim. Ona görə də gecəmi, gündüzümü yollarda keçirirdim. Hər gün bir çimdikdən də az qəbul edirdim. Yorğunluğumu çıxarırdım. Kimdən ki mal alırdım, o məni satmışdı.
Sulduz bir dəfə mənimlə söhbətində Xanı göstərib çox yanıqlı halda dedi:
- Bu qırışmalı görəndə öz dərdimi unuduram. Necə də olmasa, adımızdı.
Sonra da əsəbi halda ünvansız söyüşlər söyüb, əlavə etmişdi:
- Bunun nəyini tuturdular axı, yaşı da çoxdur, özü də dəli. Heç olmasa, bunu nəzərə alaydılar...
Xanı əhl uşaqları az qala sürüyə-sürüyə hamama aparırdılar. Ayaqlarını yerə dirəyib uşaq kimi ağlayırdı, çimmirəm, deyirdi. Sulduz deyirdi ki, onun üzünü də mən qırxıram. Ta məndə bir şey qoymayıb. Ana-bacı söyür, neynim axı? – Sonra da ürəkdən gülüb, sən öl, bir dəfə “apartaçenni”lərdən birinə 2 “şirvan” verdim, dedim, alə, bu kişi bizi yağlayır, gir hamamda yanına, görək sənə bir şey edə biləcək? Bu da gedib, qocaya deyib ki, bəs mən şərəfli adamam, pulumu almışam, sən gəl, mənə heç olmasa toxun. Xanın əlinə dəmir tas keçib, götürüb vurub o “üzdəniraq”ın başına... Sən ölməyəsən, 200 dollar xərcimiz çıxdı, əhlin qara gün üçün yığılan puldan verdik...
Sulduz bu hadisəni elə ürəkdən danışıb gülmüşdü ki!
Xanın oğlunu gəlini öldürüb
- Bəs yaxşı bu binəvanın günahı nədir? Niyə həbs olunub? – maraqlanmışdım.
Sulduz da eşitdiklərini demişdi:
- Danışırlar ki o, guya oğlunu öldürüb. Balta ilə başından vurub.
Xan 8 il azadlıqdan məhrum edilmişdi.
Sulduz deyirdi ki, əslində Xan oğlunu öldürməyib. Xanın oğlunu gəlini öldürüb. Deyilənlərə inansaq, gəlinin görüşdüyü adam varmış, yəni ərinə xəyanət edirmiş. Xan da nə qədər xəstə olsa da, gəlinin yanına gələn adamı evindən qovurmuş. Hay-küy salırmış. Gəlini söyürmüş, döyürmüş. Axır ki oğlu da hadisədən xəbərdar olur. Xanın dediklərinə əvvəl inanmasa da, sonradan ip ucu tutub. Arvadından şübhələnib. Aralarında mübahisə düşüb. Qadın ərini balta ilə öldürüb. Sonra da baltanı verib qayınatasının əlinə. Qayınata əlində balta gəlini qatıb qabağına ki vursun, oğlunun qisasını alsın. Gəlin hay-küy salıb, qonşular səsə gələndə, oğlanı ölmüş görüblər... Gəlinin həyatını xilas ediblər...
Xan beləcə həbs olunmuşdu.