Gedənlər dönür - Azərbaycanı çətin qış gözləyir
Ölkədə sosial və iqtisadi gərginlik artır; İqtisadi böhran səbəbindən Rusiyadan qayıdanlar ölkədə sosial problemlərin artmasına, kütləvi etirazlara və kriminogen durumun pisləşməsinə səbəb ola bilər; qışda ət məhsullarının qiyməti bahalaşacaq, neft isə ucuzlaşmaqda davam edir...
Azərbaycanda sərt qışın nəfəsi duyulmaqdadır. Hökumətin və digər dövlət strukturlarının xüsusilə ölkə əhalisinin təxminən yarısının məskunlaşdığı paytaxt Bakıda qış mövsümünə hazır olmadığı barədə şikayətlər nəzərəçarpacaq həddə çoxalmaqdadır. Paytaxtın bir sıra rayonlarında qaz, işıq və su problemi var, ilk qarın yağması ilə bu problemlərin daha da artacağı gözləniləndir. Amma Azərbaycanın bu qış üzləşə biləcəyi daha ciddi problemlər də var.
Neftin qiymətinin müəyyən edilmiş 100 dollarlıq həddən aşağı düşməsi Azərbaycan iqtisadiyyatına ciddi təsir etməyə başlayıb. Dövlət Neft Şirkətindən "AzərTAc"a verilən məlumata görə, noyabrın 24-də “Azərilayt” markalı neftin bir bareli London birjasında 81,79 dollar təşkil edib. Müqayisə üçün deyək ki, bu ilin sentyabrında “Azərilayt” markalı neftin bir bareli 97,98 dollara satılırdı.
Hökumət əhalini neftin qiymətinin aşağı düşməsindən narahat olmamağa çağırır. Amma o da aydındır ki, neftin qiymətinin aşağı düşməsi Azərbaycanın həm xarici ticarət dövriyyəsinə, həm də illik daxilolmalara təsirsiz ötüşməyəcək. Neftin qiymətindəki ucuzlaşmanın siyasi səbəbləri sırasında Qərb-Rusiya münaqişəsi dayanır və “bu xəmir hələ çox su aparacaq”. Bu isə bu o deməkdir ki, Azərbaycan hökuməti ötən həftə keçirilən büdcə müzakirələrində toxtaq görünməyə çalışsa da, büdcə xərcləmələrində ciddi qənaətlər etməyə məcbur olacaq, investisiya layihələrinə və əhalinin sosial müdafiəsinə yönəldiləsi xərclər azaldılacaq.
***
Ukrayna torpaqlarını işğal edən Rusiyaya Qərbin tətbiq etdiyi sanksiyalar ölkə iqtisadiyyatına ciddi mənfi təsirini göstərməkdədir, nəticədə rus rublu da dəyərdən düşüb. Bütün bunlar Rusiyada məskunlaşmış azərbaycanlı miqrantlara problemlər yaradır. Artıq Rusiyada baş qaldırmaqda olan böhranla əlaqədar azərbaycanlıların da kütləvi şəkildə bu ölkədən Azərbaycana qayıdacağı barədə məlumatlar yayılır. Belə kütləvi dönüş olarsa, Azərbaycanda daha ciddi problemlər yaranacaq.
Problemləri qısa olaraq belə ümumiləşdirmək olar.
1) Rusiyadan qayıdanlar məyus və bir az da qəzəblidirlər;
2) Ölkədə onsuz da işsizlik ciddi problem olaraq qalır və Azərbaycan iqtisadiyyatının yeni işçi ordusunu həzm etmək gücü yoxdur;
3) Regionlarda sosial problemlərin artması ciddi fasadlar yarada və etirazlar doğura bilər.
Artıq məlumatlar var ki, Rusiyada geniş əhali kontingenti olan şimal (Quba, Qusar və Xaçmaz) və qərb rayonlarından (Tovuz, Şəmkir və Qazax), eləcə də cənub rayonlarından olan (Masallı, Lənkəran və Astara) Azərbaycan vətəndaşları geri qayıtmağa başlayıb. Üstəlik, Rusiyadan gələn pul axınını da son bir ayda kəskin şəkildə azalıb. Rəsmi məlumata görə, burada söhbət ildə 1,8 milyard dollara yaxın vəsaitdən gedir. Qeyri-rəsmi məlumata görə, bu məbləğ daha çoxdur, ən azı ikiqat artıqdır. Bu axın əsasən Azərbaycanın regionlarında sosial gərginliyin azalmasına təkan verirdi, insanların dolanışığı ilə yanaşı əmlak, avtomobil bazarına ciddi təsir göstərirdi. Son günlər əmlak və maşın bazarında durğunluğa səbəb də Rusiyadan gələn külli miqdarda vəsaitin azalmasıdır.
Rusiyadan Azərbaycan vətəndaşlarının geri qayıtması şübhəsiz ki, ölkədə onsuz da ağır olan kriminal duruma da təsir edəcək.
Belə məlumatlar da var ki, rayonlarda yerli icra və hüquq-mühafizə orqanları geri qayıdan Azərbaycan vətəndaşlarına yumşaq desək, pis üz göstərir. Məsələn, bu günlər iqtisadi krizis səbəbindən Azərbaycana qayıtmağa məcbur olan bir vətəndaşımız redaksiyamıza zəng edərək “məni rayonda incidirlər, ”niyə qayıtdın" deyib, qeydiyyata götürmürlər, hətta deyirlər ki, Rusiyada türmədə yatmadığın barədə “spravka” gətir. Bu, rayona qayıdan bütün adamların başına gəlir" deyə, şikayətçi bildirib. Bu fakt həm də onu göstərir ki, icra strukturları başları ağrımasın deyə, sosial gərginliyin artmasını və kriminogen durumun pisləşməsini önləmək üçün belə inzibati metodlara əl atırlar.
***
Azərbaycanı gözləyən daha bir problem bahalaşmadır. Sentyabr-oktyabr aylarında ərzaq məhsullarının bahalaşmasını hökumət də etiraf etməyə məcbur olub. Bu ilin təkcə oktyabr ayında ərzaq məhsullarının qiymətləri 0,6 faiz bahalaşıb. Ay ərzində buğda ununun, manna yarmasının, peçenyenin, toyuq və əlavə toyuq məhsullarının, balıq məhsullarının, quru südün, yumurtanın, günəbaxan yağının, mərcinin və şəkər tozunun qiymətində bahalaşma müşahidə olunub.
Qışda ərzaq məhsullarının bahalaşacağını şərtləndirən daha bir ciddi səbəb var. İqtisadi böhran və sanksiyalar səbəbindən Rusiya bu qışı fəlakətlə üzləşə bilər. Bu səbəbdən dünənədək Azərbaycan məhsullarına ağız büzən Rusiya hökuməti bu aydan ölkəmizdən quş əti, süd və balıq məhsulları almağı planlaşdırır.
Rusiyanın Baytar və Fitosanitar üzrə Dövlət Xidmətinin (“Rosselxoznadzor”) rəhbərliyi bəyan edib ki, əgər yoxlamalarda heç bir problem olmasa, bu ilin sonuna qədər Azərbaycandan bir sıra məhsulların idxalına icazə veriləcək.
Ona görə də Azərbaycanda meyvə-tərəvəzin dalınca ət və ət məhsullarının da qiymətinin sıçrayışlı şəkildə artacağı gözlənilir. Azərbaycanda ət istehsalında istifadə edilən yemin maya dəyəri yüksək olduğundan mal, qoyun və toyuq ətinin qiyməti onsuz da bahadır. Üstəlik, Azərbaycanda bu sahədə istehsal olduqca zəifdir, hətta bəzən idxal vasitəsilə bu ehtiyac qarşılanır. Ekspertlərin iddiasına görə, Azərbaycan il ərzində adambaşına ət ehtiyacının cəmi 40 faizini ödəyə bilir. Bu baxımdan Azərbaycan hökumətinin Rusiyaya dost yardımı ölkə daxilində həm də ət bazarının qiymətinə ciddi təsir edəcək.
Hökumət valyuta ehtiyatları hesabına neftin qiymətinin ucuzlaşması ilə yaranan kəsiri ört-basdır etməyə çalışacaq. Ancaq nəzərə almaq lazımdır ki, Azərbaycanda neft hasilatı da azalmağa doğru gedir. Yəni istənilən halda neftin ucuzlaşması və qlobal böhranın ikinci dalğasının sərhədlərini genişləndirməsi Azərbaycan üçün yaxşı perspektiv vəd etmir...