Əliyev Qərbi yox, Rusiyanı seçdi...

25-11-2014, 10:59   
Əliyev Qərbi yox, Rusiyanı seçdi...«Bloomberg» Rusiyanın Ukraynaya müdaxiləsindən sonra Əliyevin Moskva ilə yaxınlaşmasını təhlil edib

Amerikanın “Bloomberg” agentliyi Rusiyanın Ukraynanın bir hissəsini işğal etməsi fonunda Əliyevin Putinlə münasibətlərinin istiləşməsindən bəhs edən məqalə hazırlayıb. Məqalədə Azərbaycan-Rusiya əlaqələri geniş şəkildə təhlil olunub. “Ukrayna böhranından sonra Azərbaycan rəhbərliyi Rusiya ilə əlaqələri möhkəmləndirir” başlıqlı məqalənin tərcüməsini təqdim edirik:

***

ABŞ və Avropa ilə müttəfiq olmuş keçmiş sovet ölkələri Ukraynada baş verənlərdən sonra Rusiyaya yaxınlaşır. Ukrayna ilə 1500 kilometrlik məsafədə yerləşən Azərbaycan da taktikanı dəyişir. Baş nazirin müavini Yaqub Eyyubov sentyabr ayında sükutu pozaraq, Rusiyanı öz ölkəsinin “ən yaxın müttəfiqi”, “qardaş ölkə” adlandırdı. Münasibətlərin istiləşməsinin daha bir göstəricisi Rusiya hərbi gəmilərinin bir illik fasilədən sonra keçən ay Bakı limanına gəlişi oldu.

Mərkəzi Asiyanın enerji daşıyıcılarının Rusiyadan yan keçməklə Qərbə aparılması yolunda başlıca əngəl Avropada 25 il əvvəl “dəmir pərdə” dağılandan sonra Putinin səyləri nəticəsində yaranmış böhran oldu. Enerji və ətraf mühitin araşdırılmasıyla məşğul olan elmi-tədqiqat qrupunun rəhbəri Elnur Sultanov deyir ki, Ukrayna keçmiş sovet ölkələri arasında böyük bir mirvaridir. Rusiyanın Ukraynanın bir hissəsini işğal etməsinə Qərbin yetərincə sərt reaksiya verməməsi çox pis siqnaldır. Onun sözlərinə görə, bu hadisə göstərdi ki, Rusiya regionda hegemonluğunu qoruyub saxlamağa çalışır və onunla hesablaşmayan region dövlətlərini cəzalandırmaqda israrlıdır: “Bu hadisə həm də onu göstərdi ki, Rusiya ilə münasibətlər pisləşsə, xilas olunmağımız üçün heç kimə etibar edə bilmərik”.


Xəzərin sahilində yerləşən Azərbaycan 20 il ərzində ABŞ və Avropa ilə ciddi münasibətlər sistemi qurmağa çalışıb. Son dövrlərdə Rusiyanın müttəfiqi olan Ermənistanla Dağlıq Qarabağ münaqişəsinə görə münasibətlər gərginləşib. Eyni zamanda, Azərbaycan hökuməti insan haqlarını, mətbuat azadlığını pozduğuna görə sərt tənqidlərə məruz qalır.

Azərbaycanda keçən həftə ölkənin hava məkanını pozmuş erməni vertolyotu vuruldu. Bu hadisə konflikti dərinləşdirmək təhlükəsi yaradır. Həmçinin avqust ayında 20-dən artıq hərbçinin ölümü ilə nəticələnmiş atışmalar oldu.

Ermənistanda Rusiyanın hərbi bazası var. Putinin Ukraynaya aqressiyasından sonra Azərbaycan rəhbərliyi çox ciddi narahatlıq keçirməyə başladı.

Azərbaycan prezidenti Ilham Əliyev son üç ayda iki dəfə Vladimir Putinlə görüşüb. Həmçinin bu yaxınlarda Moskvadan gələn bir sıra yüksək vəzifəli şəxsləri qəbul edib.

Türkiyə və Israillə yanaşı, Rusiya da Azərbaycana ən çox silah satan ölkələrdən biridir. Ötən il Putinin Bakıya səfəri zamanı Ilham Əliyev Azərbaycanın Rusiyadan dörd milyardlıq silah alması haqda məlumat vermişdi. Azərbaycan hökuməti növbəti ilin büdcəsində müdafiə xərclərini daha 27 faiz artırmağı planlaşdırır.

“Sözsüz ki, biz Bakı ilə Moskva arasında sıx əlaqələr görürük”, - deyə Karnegi Fondunun əməkdaşı Tomas de Val bildirib. Onun sözlərinə görə, Azərbaycan hökuməti Rusiya və Qərblə bərabər səviyyədə münasibətlər saxlamağa çalışırdı: “Amma Azərbaycanın daha çox Rusiyaya meyllənməsi ABŞ və Avropa ilə münasibətlərin gərginləşməsi fonunda baş verir”.

Sentyabr ayında ABŞ prezidenti Barak Obama Azərbaycanı “QHT-lərin fəaliyyətinə imkan verilməyən və bu istiqamətdə qanunları mürtəceləşdirən” ölkələr sırasına daxil etdi. Həmçinin ATƏT bu ay Azərbaycan hakimiyyətini müstəqil mediaya və huquq müdafiəçilərinə qarşı repressiyalara son qoymağa çağırdı.

Azərbaycan Kosovo, Iraq və Əfqanıstan məsələsində ABŞ-la müttəfiqlik edib. Əfqanıstana göndərilən yüklərin üçdə biri Azərbaycandan keçir.

Azərbaycan həmçinin ABŞ-ın dəstəklədiyi GUAM-ın üzvüdür. Bu alyansda həmçinin Ukrayna, Gürcüstan və Moldova təmsil olunur. Azərbaycan bu ilin iyununda Avropa Ittifaqı ilə Azad Ticarət Müqaviləsini imzalamaqdan imtina etdi.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.