Vüqar Bayramovdan 2015 üçün bədbin proqnoz

26-11-2014, 08:40   
Vüqar Bayramovdan 2015 üçün bədbin proqnoz
“2015-ci ilin dövlət büdcəsinə dünya bazarında neftin qiymətinin düşməsi birmənalı olaraq təsir göstərəcək”.

Bu sözləri açıqlamasında Avropa Birliyinin Vətəndaş Cəmiyyəti Forumunun həmsədri, iqtisadçı alim Vüqar Bayramov 2015-ci il dövlət büdcəsini qiymətləndirən zaman dedi.

Mütəxəssisin fikrincə, neft qiymətlərinin dünya bazarında enişi Azərbaycan iqtisadiyyatına təsir edəcək: “Neftin dünya bazarında qiymətinin büdcəyə təsirini qiymətləndirən zaman 2014-2015-ci illər dövlət büdcələrinin bir-birindən fərqləndirilməsinə ehtiyac var. O fikirlə razıyam ki, cari ilin dövlət büdcəsində neftin dünya bazarında qiymətinin aşağı düşməsi ciddi təsir göstərmədi. Bu da onunla bağlıdır ki, 2014-cü ilin ilk 8 ayında Azərbaycan neftinin dünya bazarındakı qiyməti 110 dollar, 9 ayda isə 108,5 dollar olub. Bununla da praktik olaraq neftin dünya bazarında qiymətindəki azalmalar ilk 9 aydakı artım hesabına kompensasiya edilə bilər”.

Mütəxəssisin sözlərinə görə, bu kompensasiya yalnız bir müddət davam edəcək: “Qiymət 100 dollardan aşağı olsa belə, bu, heç bir təhlükə törətmir. Amma 2015-ci ilin dövlət büdcəsi ilə bağlı təəssüf ki, bunu qeyd etmək mümkün deyil. Gələn ilin dövlət büdcəsində neftin 1 barelinin qiyməti 90 dollar nəzərdə tutulub. Bu da o deməkdir ki, neftin dünya bazarındakı qiyməti nəzərdə tutulan məbləğdən az olarsa, onda gələn il üzrə proqnozlaşdırılan gəlirləri əvəz etmək mümkün olmayacaq. Bu zaman dövlət gəlirlərinin proqnozlaşdırılan səviyyədə saxlanılması üçün Dövlət Neft Fondundan bu istiqamətdə ayrılan vəsaitlərin həcminin artırılmasına ehtiyac yaranacaq. Bu da arzuolunan deyil. Nəticədə Dövlət Neft Fondunun transfertlərinin dövlət büdcəsindəki payının artması baş verəcək”.

Neft Fondunun büdcədəki payının çoxalmasını təhlükəli tendensiya kimi qiymətləndirən ekspert çıxış yolunu xərclərin azaldılmasında görür:

“Nəzərə alsaq ki, proqnozlara görə, dövlət büdcəsinin gəlirlərinin formalaşmasında Dövlət Neft Fondunun payı 53,5 faizdir. Bu da kifayət qədər yüksək rəqəmdir. Mövcud proqnozlara əsasən, Dövlət Neft Fondu dövlət büdcəsinin yarıdan çoxunu formalaşdırır. Bu baxımdan belə bir vəziyyətdə hökumətin müraciəti nəticəsində Dövlət Neft Fondu transfertlərin həcmini artıra bilər. Digər metod büdcə xərclərinin azaldılmasını təmin etməkdir. Bu variant daha uyğundur. Çünki qanunvericiliyə əsasən, müdafiə olunan sahə, yəni əmək haqqı, sosial proqramlar, təqaüd və s. üçün nəzərdə tutulmuş xərclərin azaldılmasından söhbət getmir. Sadalanan sahələrdən savayı digər xərclərin azaldılması nəticəsində iqtisadiyyatda tarazlıq yarana bilər. Yəni heç bir halda sosial xərclərin azaldılması baş verməyəcək. Bu baxımdan 2015-ci ilin dövlət büdcəsinə dünya bazarında neftin qiymətinin geriləməsi birmənalı olaraq təsir göstərəcək. Son qiymət azalmaları bir mesaj kimi qiymətləndirilməlidir. Bununla da Azərbaycan hökuməti iqtisadiyyatın diversifikasiyası ilə bağlı siyasətini davam etdirməlidir. Daha ciddi şəkildə iqtisadiyyatın şaxələnməsinə nail olmalıdır”.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.