Müxalifət təmsilçilərinin bir-biriləri ilə savaşı protest elektoratı tərəfindən narazılıqla qarşılanır. Müxalifətdaxili savaş insanlarda məyusluq yaradır. Eyni düşərgəyə mənsub olan insanların bir-birilərinə nifrət püskürməsini protest elektoratı məyusluqla qeyd edir.
Vurğulamaq lazım gəlir ki, ölkə vətəndaşlarının çox əhəmiyyətli hissəsi mövcud hakimiyyətdən narazıdır və rejimin tezliklə dəyişməsini istəyirlər. Lakin bütün bunların fonunda geniş xalq kütlələri hələ də müşahidəçi rolunu oynamaqda davam edir. Xalq siyasi proseslərdə aktiv rol almır. Bu, baş vermədikcə də Azərbaycanda siyasi dəyişiklik mümkün olmur.
Xalqın seyrçi mövqe tutmasının səbəbləri sırasında müxalifətdaxili didişmələrdən insanların bezməsi mühüm rol oynayır.
Xalq kütlələri son 20 ildə dəfələrlə ən ağır şərtlər altında öz sözünü deyib. Bu mübarizənin səmərəsiz olması proseslərə mənfi təsir göstərib. Lakin xalqı öz gücünə və qələbəyə inandırmaq hələ də mümkündür. Ənənəvi şüar və taktika ilə isə buna nail olmaq son dərəcə çətindir.
Son illər keçirilən etiraz aksiyaları, tədbirlər proses yarada bilmədi. Odur ki, qısa bir zamanda unuduldu.
Xalq konkret hədəflər uğrunda mübarizə aparmaq istəyir. Kimlərinsə iqtidardan getməsini arzulamaq siyasi proseslərdə fəal iştirak etməyən insanlar üçün maraqlı deyil. Sıravi vətəndaş son dərəcə sadə suallara cavab tapmaq istəyir - hakimiyyət dəyişikliyi mənim həyatımda nələrə səbəb olacaq?
Digər tərəfdən, xalqı qələbəyə aparan passionarların zəifliyi ümumi nəticəyə mənfi təsir göstərir.
Bunlara baxmayaraq, ölkəni sosial etirazlar bürüməkdədir. Müxalifət düşərgəsində barışdırıcı bir liderə ehtiyac yaranır. Daxili çəkişmələrdən uzaq olan, sosial şəbəkələrdəki virtual mübarizədən kənarda duran, konkret hədəfləri olan barışdırıcı lider bu mərhələdə xalqın dəstək verəcəyi bir simaya çevrilə bilərdi.
Milli birliyə nail ola biləcək lider ehtiyacı günü-gündən daha artıq hiss edilməkdədir. Son ayların görüntüsü ondan ibarətdir ki, bu gün məhz Əbülfəz Elçibəy kimi liderə ehtiyac yaranıb. Yumşaqlığı, səhvləri ilə yanaşı proses yarada biləcək, milyonlarla insan üçün simvola çevriləcək, utopik görünsə belə böyük ideyalarla çıxış edən, narazıları öz ətrafında birləşdirə biləcək bir lider bu gün olsaydı, hər şey fərqli ola bilərdi. Əgər bu gün Elçibəy yaşasaydı, iqtidar dəyişikliyi qaçılmaz olacaqdı.
Bu gün Azərbaycanda ağıllı liderlərin sayı heç də az deyil. Lakin onlardan heç biri Elçibəy qədər sevilmir.
Elçibəyin başqalarından başlıca fərqi həm də o idi ki, o, düşmənlərini dosta çevirə bilirdi. İndi isə bəziləri hər vəchlə dostu düşmən edirlər və bundan zövq alırlar.
Ən yaxın tarixin təhlili göstərir ki, əgər 1992-ci ilin mayında Elçibəyin inqilabçılığı olmasaydı, kommunist rejimi yıxmaq da mümkün olmayacaqdı.
Məhz belə bir liderə bu gün ehtiyac var. Başdan-ayağa sevgi ilə dolu olan, xarizması qarşısında düşmənlərini diz çökdürən milli azadlıq hərəkatının liderinə ehtiyac yaranıb.
Bu gün Elçibəy kimi barışdırıcı lider cəmiyyət tərəfindən də qəbul edilərdi.
Azərbaycanda demokratik fikirli ziyalılar heç də az deyil. Son prezident seçkilərində bunun şahidi olduq. Prosesə onların mövqeyi önəmli təsir elədi.
Rafiq Əliyev, Cəmil Həsənli, Rüstəm İbrahimbəyov, Çingiz Hüseynov kimi ziyalılar bu gün bir qədər fərqli missiya ilə çıxış etməli və müxalifətdaxili savaşa son qoymağa ən azı cəhd etməlidirlər. Əks təqdirdə, hakimiyyətin 2015-ci il üçün nəzərdə tutduğu “müxalifətsiz Azərbaycan” ssenarisi reallaşa bilər.
Adıçəkilən ziyalılardan savaş iştirakçısına çevrilmək yox, savaşı durdurmaq vəzifəsi dayanır. Onlar bunu bacaracaqlarmı?