Azərbaycanda dini zəmində toqquşma hazırlanır?
Son bir neçə gündə iki məsciddə təxribat baş verdi; Qaraçuxurdakı vəhhabi məscidi yandırıldı
Azərbaycanda dini camedə daha bir təxribat xarakterli hadisə baş verib. Noyabrın 26-da səhər saat 01:55 radələrində Qaraçuxur məscidi yandırılıb. İlkin məlumatda bildirilirdi ki, naməlum şəxslər məscidə içərisində yanacaq olan şüşə qab atıblar. Nəticədə məsciddə yanğın başlayıb.
Məscidin axundu Mirfəttah Fəttayev isə deyib ki, Allah evinə 6-7 min manat məbləğində ziyan dəyib.
Onun sözlərinə görə, ibadətgahı kimlərin yandırdığı bəlli deyil: “Məscidi yandıranlar bəlli deyil. Hətta gözətçiyə güc də tətbiq edilib və o yıxılıb. Hadisə şahidlərinin bildirdiyinə görə, həmin adamlar iki nəfər olub. Məscidin içərisinə daxil olaraq od vurublar. Gözətçi dərhal ayağa qalxıb. Ətrafda yaşayan camaatın köməyi ilə yanğının daha da şiddətlənməsinin qarşısı alınıb”.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı APA-ya açıqlamasında bildirib ki, komitə məsələni nəzarətə götürüb.
M.Qurbanlı qeyd edib ki, polisin araşdırması ilə yanaşı, Komitə məsələni nəzarətdə saxlayır və yaxın zamana araşdırmanın nəticələri məlum olacaq: “O məsciddə indiyə qədər dini baxımdan qarşıdurma, mübahisə müşahidə olunmayıb. Bu hadisə də indi araşdırılmalıdır. Bunun kökündə hansı xəttin olması diqqətlə araşdırılıb öyrəniləcək”. Hadisənin dini təriqətlər arasında mübahisə zəminində baş verməsi ilə bağlı yayılan fikrə komitə sədri belə cavab verib ki, hər şey araşdırmadan sonra bəlli olacaq və açıqlanacaq.
Virtualaz.org-un məlumatına görə, məscidin əsasən giriş hissəsinə ziyan dəyib. İbadətgahın xalçası yanıb və yararsız hala düşüb, binanın divarlarını his basıb. Məscidin kondisionerlərinə və isitmə (kombi) sisteminə də zərər dəyib. Pəncərələrin şüşələri sınıb. Polis məscidi tam nəzarətə götürüb.
Qeyd edək ki, məscid kamera sistemi ilə təchiz olunub. Allah evini yandıran şəxslər nəzarət kameralarına düşüb. Polis görüntülərə əsasən araşdırmalara başlayıb.
Yanğını törədən iki şəxs hələ saxlanılmasa da, onları məscidə gətirən taksinin sürücüsü saxlanılıb. Qaraçuxur məscidi 1992-ci ildə azərbaycanlı və türkiyəli iki iş adamının təşəbbüsü ilə tikilib. Hazırda ən çox camaatı olan məscidlərdən biridir. Bu məscidddə sünni və şiə camaatı birlikdə ibadət etsə də, camaat arasında məscid vəhhabi məscidi kimi tanınır.
Qeyd edək ki, son günlərdə bu, Azərbaycanda məscidlərlə bağlı ikinci təxribatdır. Bir neçə gün əvvəl Sumqayıt şəhər 6-cı mikrorayondakı məscidin divarına naməlum şəxslər tərəfindən ingilis dilində “Burda Allah yoxdur” (“God No Were”) kəlməsi yazılmışdı. Həmin məscid şiələrin ibadət yeridir.
Bundan əvvəl də müxtəlif bölgələrdə vəhhabilərə qarşı təzyiqlərin olması barədə məlumatlar yayılmışdı.
son vaxtlarda həbsxanalarda da sünni və şiə təriqətindən olan məhbuslar arasında gərginlik yaşanır. Hətta bir müddət öncə onların arasında ciddi münaqişənin baş verdiyi də bildirilir. Dini cameədə baş verən son olaylara nəzər saldıqda bu qənaətə gəlmək olur ki, hansısa maraqlı qüvvələr Azərbaycanda dini zəmində problemlər, qarşıdurmalar və toqquşmalar yaratmaqda maraqlıdırlar.
Ekspertlərin fikrincə, son baş verənlər bir daha göstərir ki, bu məsələ ilə bağlı ciddi problemlər var və bir neçə bu cür təxribat xarakterli olaylar arzuolunmaz nəticələrə aparıb çıxara bilər. Ekspertlər hesab edirlər ki, hər iki təriqət üzvləri arasındakı nüfuzlu şəxslər xoşagəlməz halların yaşanmaması üçün təbliğat aparmalıdırlar, dindarları təxribatlara uymamamağa çağırmalıdırlar. Əks təqdirdə, Azərbaycanı dini zəmində toqquşmalara sürükləmək istəyən qüvvəllər bir neçə belə təxribatla öz istəklərinə çata bilərlər. Bu isə Azərbaycanı böyük bir təhlükənin içərisinə soxar.