İŞİD tərəfdarı olan azərbaycanlı danışdı

27-11-2014, 11:19   
İŞİD tərəfdarı olan azərbaycanlı danışdı
"İŞİD-in baş kəsməyini əsas gətirərək, onların əleyhinə fikirlər səsləndirirlər. Lakin Qurana baxdıqda görmək olar ki, orada buna icazə verilir"

Son zamanlar İŞİD adlanan (İraq İslam Şam Dövləti) təşkilat haqqında müxtəlif fikirlər dolaşır. İctimaiyyət hesab edir ki, başkəsən videoları ilə məşhur olan İŞİD üzvləri dünyanı bir neçə əsr geriyə çəkmək və yalnız qəddarlıq barəsində düşünürlər. Azərbaycanda bu qruplaşmanın tərəfdarları az olsa da, yox deyil. Milli Şuranın mitinqində qaldırılan İŞİD bayrağı da buna bir sübut oldu. Hafta.az-ın əməkdaşı Azərbaycanda yaşayan İŞİD ideologiyasının tərəfdarı ilə söhbət edib. Adının açıqlanmasını istəməyən müsahibimiz bizimlə söhbətində bir neçə məsələ barəsində İŞİD-çilərin mövqeyinə aydınlıq gətirib. Həmin müsahibəni diqqətinizə çatdırırıq
- İŞİD ideologiyasını dəstəkləmənizin səbəbi nədir?
- Dünyada aparılan siyasəti götürdükdə, İŞİD-in apardığı siyasətə üstünlük verirəm. Bir kəs ki, çıxıb xəlifəliyini elan edir və hədislərlə, Qurani-Kərimlə sübut edir ki, doğrudan da belə olmalıdır. Çoxları İŞİD-in baş kəsməyini əsas gətirərək, onların əleyhinə fikirlər səsləndirirlər. Lakin Qurana baxdıqda görmək olar ki, orada buna icazə verilir. Onlar Quranı da insanın qarşısına qoyur ki, baxın biz burada yazılanlardan kənar heç bir hərəkət etmirik. Belə olan təqdirdə insanın onlara qarşı deyəcək sözü olmur.
- Siz hesab edirsiniz ki, İslamda baş kəsməyə icazə var?
- Bəli, var. İŞİD-in baş kəsməyini biz sadəcə olaraq, mediadan izləyirik. Onların öz medialarından izlədiyimə istinadən deyə bilərəm ki, onlar İslama müxalif olanların başlarını kəsirlər. Məsələn, Əsədin ordusu, Peşmərgə və digər qruplaşmalar vardır ki, İŞİD onlara qarşı çıxır. Quranda bir çox ayələr də var, orada bildirilir ki, sizinlə vuruşanlara qarşı siz də vuruşun. Kafirləri gördüyünüz yerdə öldürün. Hətta elə ayələr vardır ki, bizə ağır gələr və onları qəbul edə bilmərik. Biz məntiqimizə tərs gəlirik. Məsələn, Quranda Allah deyir ki, kafirləri gördüyünüz yerdə onların əl-ayaqlarını bağlayıb, barmaqlarını doğrayın. Deyir ki, məhz onlara sizin əlinizlə əziyyət verirəm. Biz də müsəlman olaraq bütün bunları oxuyub, iman gətirməliyik.
- Azərbaycanda İŞİD barəsində məlumatı ilk dəfə kimdən almısınız?
- Azərbaycanda ən radikal qruplaşma hesab olunan sələfilərin 90 faizi özünü İslamçı hesab edir. Onlar özlərinə müsəlman desələr də, əməllərində bunu göstərmirlər. Peyğəmbərimiz bu cür islamçılara da ölüm hökmünü verərdi. Bir çoxları deyir ki, Peyğəmbər, İmam Əli (ə) baş kəsməzdi. Bəli, İslam gözəllik dinidir. Ancaq müsəlman olan üçün. Bir kəs İslamı qəbul etmirsə, bu gözəlliyin ona heç bir dəxli yoxdur. Azərbaycandakı sələfilərdən bu məsələləri öyrənmək mümkün deyil. Cihadda olan mücahidlər var, hansı ki, vaxtilə onlarla əlaqədə olmuşam. İndi sözün düzü həmin şəxsləri tapa bilmirəm. Onlardan bəzilərinin hətta Əsədin ordusu tərəfindən edam edilməsinin də videosunu görmüşəm. Eyni zamanda, danışdığım insanların arasında türklər də olub. Nə öyrənmişəmsə, həmin şəxslərdən öyrənmişəm.
- Danışdığınız şəxslər sizi cihada dəvət edirdilər?
- Bəli, dəvət edirdilər. Deyirlər ki, orada oturmaqdansa, gəl Allah uğrunda cihad et. Mən evliyəm, bir qız övladım var. Bu məsələyə islami gözlə baxıram və düşünürəm ki, dinimizdə də deyildiyi kimi hər bir qız övladını halallıqla, doğru-dürüst böyüdüb, başa çatdıran ata cənnətlikdir. Mənim cihadım budur. Lakin İŞİD nə vaxtsa, Azərbaycana girərsə və dünya üzərində hökmranlığı ələ keçirərsə, niyə də mən onların sırasında olmayım?
- Milli Şuranın mitinqlərinin birində meydanda İŞİD bayraqları qaldırılmışdı. Demək Azərbaycanda da İŞİD tərəfdarları var. Onların sayı təxminən nə qədər olar sizcə?
- Çox deyil, sayılası qədərdir. Hazırda elə bir yerdə yaşayıram ki, burada özünü müsəlman hesab edən əhli-sünnə insanlar həddən artıq çoxdur. Lakin düzgün müsəlman axtarsan, onların sayı iki-üç nəfər olar. Ötən il biz yığışarkən 15-20 nəfər olurduq, bu il isə onların sayı 2-3 nəfərə enib. İslama görə, islamdan başqa verilən bütün hökmlər küfrdür. Həmin hökmlərə uymaq olmaz. Ancaq elə şəxslər var düşünürlər ki, dövlətin də hökmünə əməl etmək lazımdır. Onlar da özləri bilərlər. Biz Quranda yazılan fikirləri üstün tuturuq. Hansısa bir alimin və ya müşdəhidin sözü ilə heç zaman hərəkət etmirik. Çünki biz Allah və onun Rəsuluna iman gətirənlərik. Mitinqdə bayrağı qaldıran şəxs səhv etmirəmsə, Yaşar Süleymanov olub. Qamət Süleymanovun qardaşı. Guya sələfilərin Azərbaycanda olan başçısıdır. Ancaq konkret olaraq söhbət bizim mövqeyimizdən gedirsə, heç onları qəbul etmirik.
- İŞİD üzvlərinin vəhhabilər olduğunu deyirlər. Bu belədir?
- Vəhhabi termini bizə Məhəmməd ibn Əbdül Vəhabın adından gəlib. Bu insan sadəcə xəlifə olub. Onun öz ordusu olub. Necə ki, zamanın indiki dövründə Bağdadi, bundan öncə Usəma ben Laden və ya başqaları olub. Əbdül Vəhab da İslam üçün vuruşub, cihad edənlərdəndir. Onun ingilis cəsusu olmağı və digər məsələlər hamısı boş şeylərdir. İnsana Allah məntiq verib. Həmin şəxs ömrünü elmə və cihada həsr edib. O, ömründə İngiltərədə olmayıb. Onlar pirləri, küfr olunan yerləri dağıdıblar. Bu da Peyğəmbərimizin əmridir. Onda belə çıxır ki, vəhhabilik Peyğəmbərimizdən gəlir. İŞİD-ə gəlincə, bu qruplaşmanın vəhhabi ideologiyası ilə heç bir əlaqəsi yoxdur. Əgər İŞİD-in tərkibinə baxarsaq, orada sələfilərdən (vəhhabilər) çox hənəfilər vuruşur.
- İŞİD müsəlman dövləti yaratmaq istəyirsə, nə üçün Qərb dövlətlərinə, xristianlara qarşı deyil, elə müsəlmanların özlərinə qarşı vuruşur?
- İŞİD əgər Qərb ölkələrində vuruşursa, bu müsəlmanlara qarşı vuruşur demək deyil. Çünki tarixə baxsaq imamlarımız, xəlifələrimiz Qərb ölkələrində yaşayıb, orada vuruşublar. Hədislərdə deyilir ki, İmam Əli (ə) bir gündə 50 nəfər kafir başı kəsib. İŞİD Qərb ölkələrində ona görə vuruşur ki, orada nəzarəti ələ almaq istəyir. Çünki Peyğəmbərimizdən də belə bir hədis vardır ki, Şam torpaqlarını qoruyun. Çünki İmam Mehdi Allahın izni ilə bu torpaqlardan çıxacaq. İŞİD-in məqsədini Şam torpaqlarını kafirlərdən təmizləmək, öz dövlətlərini genişləndirməkdir.
- Yaxın məqsəd haranı fəth etməkdir?
- Mənim bildiyimə görə, onların hal-hazırda Amerika və digər iri dövlətlərlə vuruşmaq planları yoxdur. Əsas məqsəd Qafqaz ölkələrində vuruşmaqdır. Xalqların hökmü deyilən bir şey var. Məsələn, Azərbaycanı İslam dövləti adlandırmaq olmaz. Çünki burada şəriətlə hökm verilmir. Təbii ki, hər kəsin azad seçim haqqı var. Ancaq gəlin baxaq ki, mağazalarda spirtli içkilər açıq-aşkar satılır, qadınlar bədənlərinin böyük qismini açıq qoyub küçələrdə gəzirlər. Ancaq məsələ islamdırsa, biz artıq öz ağlımıza görə hərəkət edə bilmərik. Bütün dünyada hökm dövlət qanunları ilə verilir. Ancaq Allahın əmri ilə hökm yalnız Onun kitabı olan Quranla verilməlidir. Çünki bu kitabda insan öldürməkdən, zorlamaya qədər bütün əməllərin cəzası göstərilib. Ən ibrətamiz cəzalar Quran vasitəsilə insanlara göndərilib. Bundan mükəmməl hakim ola bilməz.
- İŞİD üçün dünyadakı İslam ölkələri içərisində ən ideal dövlət hansıdır?
- İslam şəriəti hal-hazırda dünyada İŞİD-dən başqa heç yerdə mövcud deyil. Ola bilər ki, əsl İslamda qan, sərtlik çoxdur. Bu bizim məntiqimizə görə tərs gələ bilər. Ancaq şəriətə baxsaq bu insanlar kənar heç bir hərəkət etmirlər. Onlara qarşı vuruşan olmasa, onlar da sakit durar. İŞİD məsələn, Mosula girərkən, üç gün öncə insanlara xəbərdarlıq edib ki, bu şəhərə hücum edəcəyik. Kim İslamı qəbul edirsə, gəlib bizə qoşulsun, ya da buranı tərk etsinlər. Yəni onlar Allahın əmrlərini tamamilə icra edirlər.
- Hazırda dünyada texnologiya kifayət qədər inkişaf edib. İŞİD öz dövlətində texnologiyanın inkişafı üçün şərait yaratmağı düşünürmü? Yoxsa ancaq ibadətə üstünlük verirlər?
- Hazırda İŞİD-in tərkibində öz mediası var. Onlar öz televiziyalarını belə qurublar. Daha dəqiq desək, İŞİD-in bir Mədəniyyət Nazirliyi vardır. Hətta bu yaxınlarda onlar öz nazirlikləri üçün vakansiya da elan etmişdilər. İnkişafa gəlincə, əgər texnologiya sahəsi yüksəlirsə, təbii ki, biz bundan istifadə edəcəyik. Çünki bu insan əlinin bəhrəsidir. Ancaq baxır kim hansı məqsəd üçün istifadə edir. Biz texnologiya və sivilizasiya məsələlərindən yan keçən deyilik. Əgər keçmiş dövrlə yaşasaq, onda gərək biz indi yerdə oturardıq, qumun üstündə çadır qurub yaşayardıq. Bunu etmiriksə, demək inkişafdan bəhrələnirik. İŞİD-də texnologiyanı mükəmməl bilən qardaşlar var. Çəkilən videoların montajından da göründüyü kimi, bütün işlər peşəkar formada aparılır. İŞİD-in dünya ilə heç bir problemi yoxdur. Sadəcə olaraq, məqsəd İslam dövlətini qurmaqdır ki, müsəlmanlar ora gedib rahatlıqla yaşaya bilsinlər. Peyğəmbərimiz dünyaya meydan oxumayıb. O, insanları sadəcə olaraq dinə dəvət edib. O dövrdə necə olubsa, indi də elədir. Sadəcə olaraq, dəyişən vasitələrdir. O vaxt döyüş silahı qılınc olubsa, bu gün avtomatdır.
- İŞİD-də vuruşanların tapşırığı ilə Azərbaycanda kimlərisə bu yola dəvət edirsinizmi?
- Xeyr, mənim dostlarımın içərisində İŞİD-i bəyənənlər də var, bəyənməyənlər də. Mən İŞİD-çi deyiləm. Sadəcə olaraq, onların yürütdükləri siyasəti dəstəkləyirəm. Bu gün bizim ölkədəki qanunlarla, İŞİD-in qanunlarını müqayisə etsək, mənə görə onlar haqa daha yaxındırlar. Kafelər, barlar ölkəmizi götürüb gedir. Ancaq İslam bunu demir axı. İslam deyir ki, qadınlar zərurət olmadıqca evdən kənara çıxmamalıdır. Belə bir hədis vardır ki, qadınını qısqanmayan kişi cənnətə getmir. İndiki zamanda qadınını qısqanan kişi çox azdır. Qadına baxmaq zina sayılır. Bu gün Azərbaycanda zina etməmək üçün gərək evdə oturasan. Sələfilər bu gün deyirlər ki, Azərbaycan İslam ölkəsidir. Ancaq bu belə deyil. Qamət Süleymanov heç zaman açıqlaya bilmir ki, bura nə üçün İslam ölkəsidir. Bizdə şəriət yoxdur. Cinsi əlaqəni siğə adı altında birləşdirən ölkədəyik də biz. Siğə deyilən şey üç gün ola bilməz. O sənin namusun sayılır.
- Ali təhsillisiz?
- Xeyr, orta təhsilliyəm.
- İŞİD üzvlərinin əksəriyyəti ali təhsillilərdir, yoxsa orta təhsillilər?
- Ümumiyyətlə, İŞİD-in tərkibində hər iki qrupa aid insanlar var. Onlar ali təhsillilərə texnologiyanı yaxşı bildikləri üçün üstünlük verirlər. Onlar atom bazalarını ələ keçiriblər. Ali təhsillilər olmasa idi, bunu etmək mümkün olmazdı. Mən onlar üçün sadəcə döyüşçü kimi lazım ola bilərəm.
- İŞİD-i Amerikanın layihəsi hesab edənlər də var. Amerikadan İŞİD-ə hansı dəstəklər olub?
- Məhəmməd Peyğəmbər (s.a.s) buyurur ki, bir toplum olacaq ki, axirət gününə qədər cihad edib vuruşacaqlar. Yəni bu hədisdən ölçü götürərək tarixə baxsaq, daima İslam üçün vuruşanları görə bilərik. Bu insanlar cihad ediblər. Onları isə hər zaman Amerika pisləyərək, müxtəlif adlar veriblər. Əgər biz onlara inanırıqsa, Peyğəmbərimizə iftira atmış oluruq. Çünki o deyib ki, bir qrup olacaq, onlar hər zaman İslam üçün vuruşacaqlar. Əgər İŞİD və bundan öncəkilər də Amerikanın layihəsidirsə, bəs Peyğəmbərimizin söylədiyi həmin qrup hansıdır? Sadəcə olaraq, Amerika məqsədli şəkildə, İslamı vurmaq üçün bu cür qruplaşmalara müxtəlif donlar geyindirərək, öz mediası vasitəsi ilə dünyada yanlış təbliğat aparır.
- İŞİD üzvləri ilə danışdığınızı söylədiniz. Azərbaycana gəlmək planı varmı onların?
- Əsas plan Qüds, Kərbəladır. İnanmıram ki, yaxın dövr üçün onlar Azərbaycana gəlmək barəsində düşünsünlər. İnşallah ki, gəlsələr mən sadəcə sevinə bilərəm. Başqa heç bir söz deyə bilmərəm. Hər saqqalı olan İŞİD-çi deyil. Onları tutmaq lazım deyil. Bir xristianı kilsədən tutub aparan kimisə görmüsüz?
- Ancaq xristianlar açıq şəkildə baş kəsmir...
- Başkəsmək İslamda var. Ancaq nəzərə alaq ki, ən böyük başları elə xristianlar kəsib. Dünyada ilk dəfə Naqasaki, Xerosimaya atom bombaları atıldı və hələ də minlərlə insan şüalanmanın əziyyətini çəkir. Ancaq bu kimi hadisələrin heç birinə terror adı verilmədi. Dünya sadəcə, müsəlmanları sıxır.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.