ABŞ-da Ebola virusuna qarşı eksperimental vaksinin ilk klinik sınaqları keçirilib.
Axar.az xəbər verir ki, vaksinin sınaqları iyirmi könüllünün üzərində keçirilib və müsbət nəticə əldə olunub. Belə ki, xəstələrdən hər birinin immun sistemi Ebola virusuna qarşı anti-cisimlər hasil etməyə başlayıb və bu halda iki könüllüdə qısamüddətli qızdırmanın artmasından başqa əks göstəricilər qeydə alınmayıb.
Ağ Ev alimlərin uğurunu alqışlayıb. Dekabrın 2-də Prezident Barak Obama ölümcül təhlükəli xəstəliklə mübarizə aparan alimlərə şəxsən təşəkkür etmək üçün vaksinin hazırlandığı Milli Allergik və İnfeksion Xəstəliklər İnstitutuna gələcək. 2015-ci ildə ölkə prezidenti Konqresi virusla mübarizə üçün əlavə büdcə vəsaitləri ayırmağa çağıracaq.
Məlumat üçün bildirək ki, Ümumdünya Səhiyyə Təşkilatının son məlumatına görə, virus qurbanlarının sayı 5,7 min nəfərə çatıb. Daha çox ölüm halları Qərbi Afrikanın üç ölkəsində – Liberiya, Sierra Leone və Qvineyada qeydə alınıb. Bundan başqa, 16 min nəfər bu virusa yoluxub.