Əliyev iqtidarının xəzinədarı danışdı – Foto

28-11-2014, 11:30   
Əliyev iqtidarının xəzinədarı danışdı – Foto
Fikrət Yusifovun adı orta nəsilə çox yaxşı tanışdır. Onu “dövlətin qəpiyini atasının malı kimi qoruyan nazir” adlandırırdılar. Azərbaycan iqtisadiyyatının ən ağır dönəmlərindən Heydər Əliyevin dövlət maliyyəsini etibar etdiyi F.Yusifov "xəsisliyi” ilə ad çıxarmışdı: dövlətin maraqlarını düşünənlər onu sevir, böyük layihələrə böyük pullar ayrılmasını istəyənlər isə ondan inciyirdilər.

F.Yusifov yalnız Azərbaycan iqtisadiyyatının ikinci mərhələsində – necə deyərlər, öz missiyasını şərəflə başa vurandan sonra getdi – həm də ölkədən. Xüsusi hörmətlə yola salınan Yusifov ölkədən niyə getməli idi?
uzun müddətdən sonra ictimai həyata qayıdan Fikrət Yusifovun Aznevs.az saytına bu sualları da özündə ehtiva edən eksklüziv müsahibəsini təqdim edir:

- Uzun illər Rusiyada çalışmısız. Sankt-Peterburq Dövlət İqtisad Universitetinin professoru kimi pedaqoji fəaliyyətlə məşğul olmusuz. Hansı zərurət yarandı ki, Azərbaycana qayıdıb QHT sektorunda fəaliyyətə başlamağa qərar verdiniz?

- Əvvəla onu deyim ki, mən Rusiyaya daimi yaşamağa getməmişdim. Məqsədim doktorluq disertasiyası müdafiə edib Azərbaycana dönmək idi. Ancaq müdafiədən sonra mənə universitetin maliyyə kafedrasında professor kimi fəaliyyət göstərmək təklif olundu və mən bir müddət bu orada çalışmaq qərarı verdim. Bir il əvvəl isə Azərbaycana qayıtdım və düşündüm ki, bir mütəxəssis kimi dövlətimiz və cəmiyyətimiz üçün necə fayda verə bilərəm? Müşahidələr apardım, hadisələri analiz etdim, sosial-iqtisadi sferaya aid təhlil və araşdırmalarla tanış oldum və belə qərara gəldim ki, iqtisadi yönümlü Qeyri-Hökumət Təşkilatı yaradıb mənə doğma olan işlə məşğul olmalıyam. Məqsədimiz, ölkənin real iqtisadi vəziyyətini təhlil etmək, haradan hara gəldiyimizi bütün konturlar nəzərə alınmaqla müəyyənləşdirmək , problemləri aşkar edərək konkret təkliflər və təşəbbüslərlə çıxış etməkdir. “Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin ciddi və səmərə verəcək layihələri var ki, onları tədricən reallaşdırmağa çalışacağıq.

- Dediniz ki, iqtisadi göstəricilərlə tanışsınız. Hazırkı durumu necə qiymətləndirirsiniz?

- Bir müddət vətəndən nə qədər uzaqda olsam da burada gedən prosesləri yaxından izləmişəm. Ölkəmizdə aparılan iqtisadi islahatlarla, görülən işlərlə bağlı tez-tez tənqidi və birtərəfli çıxışlara rast gəlmişəm. Bu kimi çıxışların əksəriyyəti peşəkar yanaşmadan uzaq olub və bu tendensiya hələ də davam edir. Bəziləri sanki məqsədli şəkildə ölkə əhalisinə dəqiq olmayan informasiyalar verir ki, nəticədə insanlarda ölkənin iqtisadi vəziyyətilə bağlı əsası olmayan fikirlər formalaşır. Arxasında siyasi maraqlar gizlənən çıxışlara müəlliflik edənlər bilməlidilər ki, onların yazdıqlarını peşəkar mütəxəsislər də oxuyur. Əslində vəziyyyət heç də təqdim olunduğu kimi qorxulu deyil. Azərbaycan iqtisadiyyatının neftdən asılılığını əsas götürərək, ölkə əhalisinin maddi vəziyyətinin getdikcə aşağı düşəcəyini iddia edənlər bir çox məqamlara bilərəkdən toxunmur, yalnız ümumi sözlərlə durumun kritik olduğunu iddia edirlər.

- Axı dünya bazarında neftin qiymətinin aşağı düşməsi Azərbaycan üçün kifayət qədər ciddi və təhlükəli faktordur...

- Neftin qiymətinin dünya bazarında düşməsi, iqtisadiyyatı neftlə bağlı olan, eyni zamanda, büdcəsinin mədaxil hissəsi əsasən neftlən gələn gəlirlərlə formalaşan ölkələrin hamısına toxunur. Demək olmaz ki, neftin qiymətinin dünya bazarında düşməsi bizə təsir göstərməyəcək. Ancaq bu problem Azərbaycan üçün təhlükə yarada bilməz. İqtisadçı rəqəmlərin dililə danışmalıdır. İqtisadiyyatda populizm keçərli deyil. Gəlin baxaq, bu gün Azərbaycanın Neft Fondunun 37 milyard vəsaiti var. Neftin qiymətinin dünya bazarında hər on dollar aşağı düşməsi ilə təxminən 2 milyarda yaxın itki əmələ gəlir. Deyək ki, gələn il neftin qiyməti 60 dollara düşəcək və Neft Fonduna 6 milyard az vəsait daxil olacaq. Bu fəlakətdirmi? Yox əlbəttə. Bunun təhlükəli olmadığını biz rəqəmlərlə göstərəcək, ölkə əhalisinə öz təhlillərimizi təqdim edəcəyik. 1990-ci illərin sonunda Azərbaycanın büdcəsi cəmi 1 milyard 200 milyon dollar idi. Bu gün Azərbaycanın büdcəsi 25 milyard dollara yaxındır.

- Tənqidçi ekspertlər daha çox büdcə vəsaitlərinin düzgün istifadə olunmadığnı iddia edirlər...

- “Düzgün istifadə olunmur”. Bu, ümumi sözdür. Konkret nəyi nəzərdə tuturlar?

- Məsələn, deyirlər ki, “daşa-divara” çox pul xərclənir...

- Biz güclü iqtisadiyyat yaradırıqsa, belə iqtisadiyyatı şərtləndirən cəhətlərdən biri də ölkədə normal infrastrukturun olmasıdır. Bunu yaratmasaq nə baş verər? Bakıda və ölkənin digər şəhər və rayonlarında yolların çəkilməsinə, onların genişləndirilməsinə, körpülərin tikilməsinə dövlət vəsaiti xərclənir. Bir anlığa təsəvvür edin ki, bu işlər görülməyib. Heç bilirsiniz onda paytaxtda avtomobil tıxacı hansı səviyyədə olardı? Hələ bu qədər işin qarşısında gedib-gəlmək o qədər də asan deyil. Bu baxımdan, infrastruktur layihələri ölkə üçün bütün hallarda xeyirlidir və bu işlər davam etdirilməlidir.

- Büdcənin neftdən asılılığı da daha çox müzakirə olunur...

- Görünən odur ki, hökumət asılılığı azaltmağa çalışır. Təkcə 2013-2015 ci illər ərzində büdcənin neftdən asıllığının 7,8% azalacağı gözlənilir . Bu, çox ciddi göstəricidir. Ölkə rəhbəri də dəflərlə bəyan edib ki, əsas hədəf bu asılılığı digər sahələri inkişaf etdirməklə azaltmaqdır.

- Təsəvvür edək ki, Azərbaycanın nefti yoxdur. Dövlət daha çox hansı sahədən gəlir əldə edə bilər?

- Azərbaycan neft ölkəsi olmaqla yanaşı, həm də aqrar ölkədir. Bu sahəni inkişaf etdirməklə kifayət qədər ciddi nəticələr əldə edə bilərik. Azərbaycanın imkanları var ki, büdcə mədaxilinin formalaşdırılmasında aqrar sektorun rolunu artırsın. Bundan başqa, Azərbaycanın turizm potensialı da kifayət qədər böyüküdür. Hazırda həm bu, həm də digər sahələrin inkişaf etdirilməsi istiqamətində az iş görülmür.

- Neft Fondunun vəsaitləri həm də xaricdə daşınmaz əmlaka yatırılır. Sizcə bu, nə dərəcədə səmərəlidir?

-1994-cü ildə Səudiyyə Ərəbistanında olduq və onların neft pullarını hansı sahəyə yatırdıqlarını araşdırdım. Onlar Cənub-Şərqi Asiyadakı az qala bütün böyük müəssisələri alıblar. Qızıl alan ölkələr də var. Lakin qızılın qiyməti daha tez-tez dəyişə bilir. Təcrübə göstərir ki, vəsaitin daşınmaz əmlaka yatırılması daha səmərəlidir.

- Belə fikirlər də sələndirilir ki, aqrar sektora ayrilan vəsaitlər heç də həmişə təyinatı üzrə xərclənmir. Nə etmək olar ki, belə neqativlər aradan qalxsın?

- Desək ki, dövlətin aqrar sektora ayırdığı vəsaitlərin istifadə olunmasında hər şey normaldır, hər şey tələb olunan kimidir bu, düz olmaz. Neqativlər var. Kənd Təsərrüfatı Nazirliyinə yeni rəhbər təyin olunub. Onu çox yaxından tanıyıram. Vaxtilə bir yerdə işləmişik. Heydər Əsədovun iş üslübüna bələdəm. Ölkə rəhbəri onu bu vəzifəyə gətirməklə çox düzgün seçim edib. Bir neçə ay öncə Heydər Əsədovun televiziya vasitəsilə çıxışna baxdım. Ona verilən suallara o qədər peşəkarlıqla cavab verirdi ki, sanki bu adam on illərdir aqrar sektorda işləyir. Bu tək mənim fikrim deyil, mütəxəssislər də bunu təsdiqləyir.Yəni o, qısa müddətdə orada ciddi islahatlar aparmağa qadir olan adamdır və artıq bu islahatlara başlanılıb. Aqrar sektoru inkişaf etdirmək, bir-iki ilin işi deyil. Əsas məsələ işə düzgün yanaşmaqdır. Bilirəm ki, Kənd Təsərrüfatı Nazirliyi yerlərdə şəffaflığın təmin olunması üçün ciddi tədbirlər görür və bu işlərin nəticəsi qarşıdakı mərhələlərdə özünü göstərəcək.

- Neftin qiymətinin ucuzlaşması artıq Rusiyaya təsir edib. Vəziyyətin dəyişməsi orada yaşayan həmvətənlərimizə də təsir göstərib. Narahatlıq yaradan məsələlərdən biri də, Rusiyadan kütləvi köçün başlana biləcəyidir. Sizcə bu məsələ hansı fəsadları törədə bilər?

- Burada tək neftin qiymətinin düşməsindən söhbət getmir. Söhbət həm də Rusiyaya qərbin tətbiq etdiyi sanksiyalardan gedir. Bunun fəsadlarının Rusiyada yaşayan azərbaycanlılara birbaşa və ya dolayısı ilə təsir etmədiyini desəm, yanlış olar. Təsir edəcək. Ancaq Rusiyada yaşayan azərbaycanlıların vətənə kütləvi şəkildə qayıdacağına inanmıram. Burada hansısa işlə məşğul olmaq şansına malik insanlar qayıda bilər. Orada normal fəaliyyəti olanların qayıdacağı isə inadırıcı deyil.

- Uzun müddət Rusiyada fəaliyyət göstərmisiniz. Bu ölkənin siyasi dairələri ilə də əlaqəniz varmı?

- Siyasi dairələrlə heç bir əlaqəm yoxdur, amma öz sahəmlə bağlı şəxslərlə normal münasibətlərim var.

- Bəs Azərbaycandakı məmurlarla necə?..

- Vəzifədə olduğum dövrlərdə münasibətdə olduğum şəxslərin hamısı ilə əlaqə saxlayıram.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.
  • {sape_links}{sape_article}