ABŞ-ın Azərbaycana səfir təyinatının ləngiməsinin sirri

29-11-2014, 11:37   
ABŞ-ın Azərbaycana səfir təyinatının ləngiməsinin sirriRespublikaçılar prezident Obamadan Bakıya daha təcrübəli diplomat, “demokratiya desantı” göndərməsini tələb edir, əks halda səfir təyinatı ləngiyəcək
ABŞ-ın Azərbaycandakı səfiri mövzusu yenidən düyünə düşə bilər. Bu barədə “Yeni Müsavat”a diplomatik mənbələrdən məlumat daxil olub. Məlumatda qeyd olunur ki, son seçkilərdən sonra Konqresdə üstünlük qazanan respublikaçılar Azərbaycana səfir təyinatında prezident Barak Obamaya təzyiq göstərirlər. Belə ki, respublikaçılar prezidentdən Azərbaycana daha nüfuzlu və təcrübəli “demokratiya desantı” göndərməsini istəyirlər.

Məsələ burasındadır ki, bu ilin iyul ayında prezident Obama ABŞ-ın Azərbaycandakı səfiri postuna Robert Frensis Cekutanın (Robert Francis Cekuta) namizədliyini irəli sürüb. Ancaq hələlik ABŞ Senatı Cekutanın səfir vəzifəsini müzakirəyə çıxarmayıb. Bunu Senatın iş qrafiki ilə əlaqələndirirlər və hazırda yeni səfirin nə zaman təsdiqlənəcəyi haqda məlumat yoxdur. Bir qədər əvvəl ABŞ-ın müvəqqəti işlər vəkili Derek Hoqan “Amerikanın Səsi” radiosunun Bakı bürosuna bildirib yeni səfir Robert Sekutanın təsdiq olunacağı gün haqda xəbərsizdir. Sitat: “Biz də bunu səbirsizliklə gözləyirik.”

ABŞ-ın Azərbaycandakı səfirliyinin mətbuat xidmətinin əməkdaşı Mehdi Hüseynquliyev bizimlə söhbətində səfirin təsdiqlənməsi Senatdan asılıdır dedi ki, səfirlik bu müzakirələrin nə zaman baş verəcəyindən xəbərsizdir. Səfir təyinatı ilə bağlı respublikaçıların hökumətə yeni təkliflərinin və tələblərinin olması ilə bağlı suala isə M. Hüseynquliyev araşdırma aparıb dəqiqləşdirdikdən sonra cavab verə biləcəyini bildirdi.
Qeyd edək ki, Robert Frensis Cekuta hazırda dövlət katibinin enerji məsələləri üzrə köməkçisinin müavinidir. Daha əvvəl isə ABŞ-ın Əfqanıstan, Yaponiya və Almaniyadakı səfirliklərində müxtəlif vəzifələrdə çalışıb.



Bizə çatan məlumata görə, Senatdakı respublikaçılar Cekutanın təyinatından narazıdırlar və yeni səfirin təyinatı bu səbəbdən gecikir. Eyni zamanda bildirilir ki, respublikaçılar Azərbaycana daha fəal bir səfir təyin olunmasını istəyirlər. O da bildirilir ki, prezident Obama daha əvvəl Metyu Brayzanın təyinatında olduğu kimi Azərbaycana səfiri prezident səlahiyyətlərinə əsas Senatın başı üzərindən bir ilik müddətə təyin edəcək. Yəni böyük ehtimalla səfir Cekuta da Azərbaycanda bir il fəaliyyət göstərə biləcək.
Maraqlıdır ki, respublikaçılar Azərbaycana təyin olunacaq yeni səfirin enerji sahəsindən olmamasını, Bakıya daha çox təzyiq göstərə biləcək diplomat olmasını istəyirlər. Respublikaçı senatorlar hesab edir ki, Amerikanın Azərbaycandakı nüfuzunu bərpa etmək üçün daha fəal bir diplomat təyin olunmalıdır. Eyni zamanda Azərbaycanda fəaliyyəti dayandırılmış institutların, o cümlədən Beynəlxalq Respublikaçılar İnstitutunun fəaliyyətinin yenidən bərpa etməsi tələb olunur. Xatırladaq ki, Beynəlxalq Respublikaçılar İnstitutu 2010-cu ilin aprelində fəaliyyətini dayandırıb. Milli Demokratiya İnstitutu isə bundan bir il sonra fəaliyyətini dayandırıb.



ABŞ Respublikaçılar Partiyasına yaxın mənbə iddia edir ki, hazırda Konqresdə möhkəmlənən respublikaçılar Barak Obamanın bir sıra ölkələrdə, o cümlədən Azərbaycanda yerli hakimiyyətlə güzəştli rəftarına görə qınayır. Qeyd edək ki, son illərdə ABŞ-ın Azərbaycanda fəaliyyəti xeyli dərəcədə passivdir. Yerli QHT-lərin, o cümlədən Amerika təşkilatları ilə əməkdaşlıq edən bir sıra ictimai təşkilatların fəaliyyəti qadağan olunub, əməkdaşlarına qarşı cinayət işi açılıb. Eyni zamanda Bakıda anti-Amerika əhval-ruhiyyəsi zaman-zaman yüksəlib. Bir vaxtlara yerli demokratik qüvvələrlə yaxından əməkdaşlıq edən, ictimai prosesləri dəstəkləyən ABŞ səfirliyinin fəaliyyəti nəzərəçarpacaq qədər sönükləşib.

Ancaq Vaşinqtonda tamamilə başqa ab-hava var və Azərbaycandakı vəziyyət ara-sıra Vaşinqtonda müzakirə olunur və Azərbaycanın ünvanına sərt tənqidlər səsləndirilir. Sonuncu dəfə oktyabrın 27-də Freedom House və Açıq Cəmiyyət Fondu (Open Society) Azərbaycanda insan hüquqları ilə bağlı vəziyyətin pisləşməsi ilə bağlı Vaşinqtonda müzakirələr keçirib. Vaşinqtonda siyasi dairələrdə Azərbaycanda insan haqlarının vəziyyəti, siyasi və söz azadlıqları mövzularında ciddi tənqidlər olsa da, bu mövqe Bakıdakı səfirliyin fəaliyyətində hiss olunmur. Bizə verilən məlumatda o da qeyd olunur ki, respublikaçılar məhz bu siyasətin dəyişməsini və bunu aparacaq təcrübəli diplomatın Bakıya göndərilməsini tələb edir.

Ancaq müşahidələr onu deməyə əsas verir ki, hələlik Vaşinqton Bakı ilə danışıq dilini dəyişməyə hazırlaşmır. Məsələ burasındadır ki, hazırda ABŞ Yaxın Şərqdə İŞİD terroruna qarşı müharibəyə cəlb olunub. İndi Vaşinqton üçün müsəlman ölkələri hökumətləri ilə əməkdaşlıq xeyli dərəcədə mühüm əhəmiyyət kəsb edir. Bu səbəbdən də eyni regionda yerləşən Azərbaycanla münasibətləri daha da gərməyə çalışmayacaq.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar