Nəqliyyat naziri Ziya Məmmədov dünən Saatlı rayonunda əhali ilə görüş keçirib. Daha doğrusu, rayon İcra Hakimiyyətinin nəzarəti altında bürün "razılar” nazirlə görüşə salınıb. Lakin bu zaman bir sıra biabırçılıqlar da baş verib. Hətta həbs olunanlar da var. Əhali ilə görüşməli olan nazir Ziya Məmmədov qarşısında ancaq öyrədilmiş və icra başçısı Siraqəddin Cabbarovun canına dua oxuyan bir qrup adam görüb. Xüsusi siyahı əsasında içəri daxil olan adamlar Prezidentə can sağlığı arzu ediblər, icra başçısının rayonda onlar üçün "super və analoqu olmayan şərayit” yaratdığını deyiblər. Yəni, bildiyimiz bəy tərifi.
Məlumatda deyilir ki, nazirin görüşünə gətirilmiş şəxslər bu "dua-sana” üçün çölə çıxan kimi, 100 manatlarını alıblar. Pulu isə onlara icra başçısının müavinləri İlham Quliyev və Rahib Salahov veriblər. Ziya Məmmədovla görüşmək istəyən narazı rayon sakinlərinə isə görüşün keçirildiyi Gənclər Mərkəzinin ətrafına belə buraxmayıblar. Hətta bəzilərini şərləyərək, həbs də ediblər. Qeyd edilir ki, rayonun Azadkənd kənd sakini Samir Məmmədov siyahıdan kənar qəbula düşmək istəyərkən "yaxalanıb”. Belə ki, o, sənədlərini nazirin köməkçisinə təqdim edərək, qəbula düşmək istədiyini bildirib. Bu zaman, görüşün keçirildiyi binanın qarşısında dayanmış Saatlı icra başçısının müavinləri İlham Quliyev və Rahib Salahov onu görüblər. Onlarla birlikdə orada olan Saatlı "kamxoz”un müdiri Azad Kərimov da Samir Məmmədovun görüşə gəldiyini görərək, "Təxribatçı”, "müxalifətçi” deyə qışqıraraq, əraziyə polis çağırıblar. PPX-nin əməkdaşları isə Azadkənd sakinin qandallayaraq əvvəlcə sahə müvəkkilinin yanına aparıblar.
Məlumatda vurğulanır ki, sahə müvəkkili Ramiz Kazımov yanındakı iki PPX işçisi ilə birlikdə sözegdən şəxslə söhbət ediblər. Ona bildiriblər ki, bəs, "Sən müxalifətçisən, görüşdə nə işin vardı?”. Ardından da deyiblər ki, üzünə duracaq şahidlər elə "bizik”. Bundan sonra Samir Məmmədov Saatlı Polis Şöbəsinə aparılıb və ona orada "ağır cinayət törətdiyi”, "toyuq oğurladığı” deyilərək, həbs olunacağını çatdırıblar. Bu işlərin ən yaxşı halda 100 manat cərimə və ya 15 sutka həbslə yekunlaşacağı da diqqətinə çatdırılıb. Amma şöbədə rayon sakininə onu da deyiblər ki, Bakıdan zəng gələrsə, ona 7-15 il müddətində həbs cəzası kəsiləcək.
Maraqlı məqamlardan biri odur ki, Samir Məmmədovun adını qeydə alan nazir Ziya Məmmədovun köməkçisi sonradan onu axtarmağa başlayıb. Bu zaman icra başçısının müavini İlham Quliyev köməkçiyə deyib ki, Samir Məmmədov "təxribatçı” və "toyuq oğrusu” olduğuna görə, axtarışda olub və bura gələn zaman polis tərəfindən həbs edilib. Nazirin köməkçisi də İlham Quliyevə təəccüblə baxıb, sonra da başını bulayaraq gedib.
Son məlumata görə, Samir Məmmədov hələ də Saatlı Polis Şöbəsindədir və onunla bağlı "cinayət işi” "tam hazır” olduğu halda, tapşırıq gözləyirlər. (jam.az)
Tərəfləri dinləməyə hazırıq. Mövzunu diqqətimizdə saxlayacağıq.