Yaqub Mahmudlu Əbdürrəhman Vəzirova nə üçün müraciət edib?-ŞOK İDDİA

1-12-2014, 00:12   
Yaqub Mahmudlu Əbdürrəhman Vəzirova nə üçün müraciət edib?-ŞOK İDDİA
ANAXEBER.TV-i Yenilik.Az-a isdinaden bildirir ki,Tanınmış hüquqşünas Aslan İsmayılovun ibrət dərsi hesab olunan növbəti statusunu oxuculara təqdim edirik: “Gözümüzün önündə tariximizi saxtalaşdırmaq istəyirlər. Baş naziri atasından gündəlik çörək pulu istəyən, bir qarın ac, bir qarın tox müstəqil Azərbaycan dövləti quran hökumət üzvlərinə 70 il Sovet ideoloqları, sonra isə özümüzün müasir “Tarix naziri” kimiləri çirkab atmaq istəyirlər. Şaumyanın qəbrini Hindistanda tapacağına söz verib əməl etməyən akademik, Tarix institutunun direktoru, millət vəkili, ara-sıra ən yuxarılara yarınmaq istəyib əvəzində özünə problemlər yaradan Yaqub Mahmudovun aylardır yazdığı yazıya “Azadlıq” radiosunda cəmi 30 dəqiqəyə mükəmməl cavab verən Cəmil müəllimin çıxışını zövqlə dinlədim. Bu mövzuya Cəmil müəllimdən sonra heç toxunmağa ehtiyac olmasa da, gənc nəslin bilməsi üçün bir hadisəni xatırlatmaq istəyirəm.
Səhv etmirəmsə 1999-ci il idi. Rəhmətlik Elmar Hüseynovu “Азербайджанская нация 21-го века” yazısına görə Yaqub Mahmudov, rəhmətlik Seyidağa Onullahi (onun bu mərəkəyə qoşulması sırf təsadüf idi və proses zamanı bir kəlmə belə danışmadı) və universitetin partkomu olmuş, tarix elmləri doktoru, rəhmətə getdiyindən adını çəkmədiyim bir professor “xalqı təhqir etdiyinə” görə məhkəməyə vermişdilər. Müdafiəçiləri Vəkillər kollegiyasını sədri Azər Tağıyev və o dövr onun müavini olan, hal-hazırda Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Eynulla Vəliyev, Elmarın vəkili isə mən idim. İttiham əsasən iki hissədən ibarət idi. Elmar Hüseynovu Yaqub Mahmudov rəhmətlik Heydər Əliyevi, adını çəkmədiyim professor isə qardaş türk xalqını, ADR qurucularını təhqir etməkdə ittiham edirdi. O dövr üçün, həm də yazıda mübahisəli məqamların olması müdafiəni çətinləşdirirdi. İddiaçıların hamısının tarixçi olduğundan, namizədlik, doktorluq dissertasiyalarının müdafiəsinin Sovet dövrünə düşdüyündən, onların elmi işlərində Sovet quruluşunun tərifinə, ADR hakimiyyətinin tənqidinə yönəlmiş fikirlərinin olacağını zənn etdiyimdən təcili onların yaradıcılığı ilə maraqlanmağa başladım. Qısa zamanda adını çəkmədiyim professorun “1918-1920-ci illər Bakıda fəhlə diktaturasının qələbəsi” adlı namizədlik dissertasiyasını tapdım. 200 səhifəlik kitab bütövlükdə türk xalqının, ADR qurucularının, “xain musavatçılar”ın təhqirinə, “şanlı bolşeviklər”in tərifinə həsr olunduğundan, məhkəmə iclasında bütövlükdə kitabı oxumalı oldum. Bircə cümləni xatırlatmaqla kifayətlənirəm. Orada təxminən belə bir cümlə var idi: “Bakı proletariatı, Sovet xalqının şanlı oğlu Ter Qabrielyanın başçılığı ilə Bakı şəhərini pantürkist, musavatçı tör-töküntülərindən, yaramazlarından təmizlədilər”. Bir halı da qeyd edim ki, o dövr hakimləri bu dövr hakimlərindən daha cəsarətli idilər. Belə ki, prosesə başçılıq edən Bakı Şəhər Məhkəməsinin hakimi və məhkəmənin sədri, onların adını mətbuatda hallandırmamağım şərti ilə məhkəmə prosesində istədiyim qədər çıxış etməyə, vəsatət verməyə şərait yaradırdılar.
Elə məhkəmə zamanı mənə o dövr nəşr olunan “Bakinskiy raboçiy” qəzetinin 1989-cu ildə çap olunmuş bir nüsxəsini tapmaq qismət oldu. Həmin nüsxədə “Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsinin Birinci Katibi Əbdürrəhman Vəzirova ziyalıların müraciəti” başlıqda yazı dərc olunmuşdu. Yazı bütövlükdə Abdürrəhman Vəzirovun tərifinə, o dövr təqaüddə olan, Moskvada faktiki olaraq həbs həyatı yaşayan Heydər Əliyevin təhqirinə yönəlmiş və bu sözlərlə bitirdi: “Biz hamımız respublikada aliyevşinanın kökünün kəsilməsində Ə.Vəzirova kömək etməliyik”. Məhkəmə zalında bu müraciət elan olunanda sadəcə Yaqub Mahmudovun sifətinə baxmaq kifayət idi. Bu müraciəti imzalayanların siyahısına məhz Yaqub Mahmudov başçılıq edirdi. Sonralar bildim ki, Yaqub Mahmudov, Milli Məclisə sədr seçiləcək Murtuz Ələsgərovun yerinə, Bakı Dövlət Universitetinin rektoru vəzifəsinə təyinat alacağına ümidli imiş. Bu müraciət sonradan bütün KİV-lərdə çap olunduğundan onun ümidlərinə son qoydu.
Bu yazını yazmaqda məqsədim bir daha hamıya xatırlatmaqdır ki, həyat çox ədalətlidir və tarix heç nəyi unutmur. Etdiyin bütün haqsızlıqlar ən münasib olmayan zamanda qarşına çıxır. Ona görə hər kəs etdiyi bütün hərəkətlərinin cavabını verəcəyini bilməlidir.
İndi isə xahiş edirəm ki, Cəmil müəllimin ahəstə-ahəstə “Tarix Naziri” akademik Yaqub Mahmmudovun aylarla tikdiyi binanı 30 dəqiqəyə kərpic-kərpic sökməsini dinləyin:
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.