İntihar etmək istəyənlər niyə Koroğlu körpüsünü seçir?

1-12-2014, 09:15   

İntihar etmək istəyənlər niyə Koroğlu körpüsünü seçir?

Dəyanət Rzayev: “Buranın seçilməsi bir çağırış, cəmiyyətə mesajdır”; Müzəffər Baxış: “Qüvvədə olan qanunvericilikdə həmin hərəkətlərə görə heç bir məsuliyyət nəzərdə tutulmayıb”
İnsanların metronun “Koroğlu” stansiyası yaxınlığındakı asma körpüyə çıxaraq intihara cəhd etməsi ənənə halını alıb. İki gün öncə də yaşanan növbəti özünəqəsd cəhdi həmin körpüdə qeydə alındı. Tovuz rayonundan olan, 1969-cu il təvəllüdlü Nizami Musayevi Fövqəladə Hallar Nazirliyinin (FHN) Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları bu fikrindən yayındıra və xilas edə bilib. Əvvəllər intihar etmək məqsədi ilə bu körpüyə çıxanların sayı az idi. Özünəqəsdi daha çox dərman içməklə, asmaqla həyata keçirirdilər. İndi isə adamlar körpüyə çıxır. Maraqlıdır, intihar etmək istəyən insanlar niyə məhz “Koroğlu” körpüsünü seçir?

Psixoloqlar hesab edir ki, bu məkanda əvvəllər intihara cəhd edənlərin problemlərinə diqqət yönəlib. Psixoloq Dəyanət Rzayev insanları körpüyə haqsızlığın və təbəqələşmənin çıxartdığını dedi: “İnsanlar arasındakı münasibətlər elə bir səviyyəyə gəlib çatıb ki, sanki bir-birlərinə düşməndirlər. Bunun da səbəbləri var. İntihar baş verməmişdən qabaq onun qarşısını almaq lazımdır. Çox vaxt intihar edən şəxsləri ruhi xəstə adlandırırlar. Amma bu düz deyil. İnsanların cəmi 10 faizi ruhi xəstə ola bilər. Qalanları sağlam insanlardır. İntihar etmək üçün məhz körpüdən istifadə etmələri bir çağırışdır, cəmiyyətə mesajdır. İnsan zaman-zaman öz problemini deyir. Ancaq onu heç kim eşitmir, dərdinə bir çarə tapmır. Bu da onun göstəricisidir ki, bizdə insanlar bir-birini ciddi qəbul etmirlər. Tutaq ki, mənim bir problemim var. Mən bilmirəm kimə, hara müraciət edim. İntihar edənlər daha çox kişilər olur. İntiharın da müxtəlif üsulları var. Məsələn, qadınlar daha çox dərman içməyə, kişilər isə haradansa özlərini atmağa, asmağa üstünlük verirlər. Bu onların peşəsindən də asılı olur. Məsələn, intihar edən şəxs əgər hərbiçidirsə, o intihar etmək üçün silahdan istifadə edir və ya özünü asır”.




Psixoloq körpüyə çıxan insanların əslində intihar etmək istəməyən insanlar olduğunu bildirdi: “İntihar edənlərin çoxu haqsızlıqla üzləşmiş insanlardır. Əksəriyyətinə hansısa məmurlar pul ”atmış" olur. İntihar edən şəxs də ya həmin məmuru öldürməli olur, ya da özünü. O da ikincini seçir. Qənirə Paşayeva bu qəbil problemə görə körpüyə çıxan iki nəfəri xilas etdi. Allah ondan razı olsun. Daha sonra diqqət etsəniz görərsiniz ki, özünü ilk yandıran veterandan sonra bu yola əl atanların sayı da çoxaldı. İlk özünü yandıran veteranın ailəsinə pul verdilər. Amma ondan sonra bu yola əl atanlar barədə düşündülər ki, yəqin bu da pul istəyir. İnsanlarla bu cür rəftar etmək, onları intihar həddinə gətirib çıxarmaq olmaz. İntiharların qarşısını almaq üçün insanların problemlərini dinləmək onun həlli yollarını axtarmaq lazımdır. Avropada da intihara əl atırlar. Amma orada intiharların səbəbi maddiyatla bağlı olmur. Biz də baş verən intiharların da əksəriyyəti maddiyatla bağlı deyil. Sadəcə olaraq Azərbaycanda münasibətlər qeyri-sağlamdır və təbəqələşmə gedir. Haqsızlıq və təbəqələşmə insanları o körpüyə çıxardır".



Maraqlıdır ki, körpüyə çıxan adam hüquqi baxımdan məsuliyyət daşıyırmı?
Hüquqşünas Müzəffər Baxış körpüyə çıxan şəxslərin əslində heç bir məsuliyyət daşımadığını dedi: “Qüvvədə olan qanunvericiliyə görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 296-cı maddəsində xırda xuliqanlığa görə inzibati məsuliyyət nəzərdə tutulub. Bəzən körpüyə intihar etmək məqsədi ilə çıxan şəxsləri oradan yerə saldıqdan sonra polis bölməsinə apararaq onu inzibatı xətalar məcəlləsinin 296-cı maddəsi ilə xırda xuliqanlığa görə məsuliyyətə cəlb edirlər. Amma həmin maddədə göstərilir ki, ictimai qaydanın pozulması, cəmiyyətə açıqca hörmətsizlik edilməsi nəticəsində bu hərəkətlər hər hansısa bir şəxs üzərində xəsarət yetirilməsi ilə müşayiət olunmadıqda belə əməllər xırda xuliqanlıq hesab olunur.

Ancaq hərəkətlər kiminsə üzərində xəsarət yetirilməsi ilə müşayiət olunanda o əməllər Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunan əməllərdir. Körpüyə intihar etmək üçün qalxan şəxslərin əməllərində ictimai qaydanın pozuntusu var. Yəni onlar ora qalxırlar ictimai qayda pozulur, insanlar toplaşır, nəqliyyatın hərəkəti düzgün tənzimlənmir və tıxac yaranır. Amma o şəxsin hərəkətində cəmiyyətə qarşı açıq hörmətsizlik yoxdur. İnzibati Xətalar Məcəlləsinin 296-cı maddəsində xırda xuliqanlıq mürəkkəb tərkibli bir maddədir. Deməli, burada həm ictimai qayda pozulmalıdır, həm də cəmiyyətə açıqca hörmətsizlik edilməlidir ki, bu şəxs xırda xuliqanlığa görə məsuliyyətə cəlb edilsin. Amma bütün bunlara baxmayaraq bizim polislər xırda xuliqanlığa görə həmin şəxsləri məsuliyyətə cəlb edirlər. Bu isə qanunun tələblərinin kobud şəkildə pozulmasıdır. Qüvvədə olan qanunvericilikdə həmin hərəkətlərə görə heç bir məsuliyyət nəzərdə tutulmayıb”.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.