Abşeron rayon İcraHakimiyyətinin başçısı Zakir Fərəcov yalnız Abşeronun deyil, bütün Bakının kənd və qəsəbələrinin, sözün həqiqi mənasında, probleminə çevrilib. Həm də elə bir probleminə ki, bu, hər an siyasi hakimiyyət üçün də ciddi başağrısı yarada bilər. Bu barədə danışmazdan öncə Zakir Fərəcovun Abşeronu və Bakının kənd və qəsəbələrini hansı fəlakətə sürüklədiyinə dair növbəti faktlarla oxucularımzı, eləcə də ökə ictimaiyyətini tanış etmək istərdik. Elə bu faktlar özü də Zakir Fərəcovun və ətrafının "fəaliyyətinin” həm Azərbaycan dövlətinə, həm də mövcud hakimiyyətə necə böyük miqyaslı zərbə vurduğunu təsəvvür etməyə imkan verir.
Bunlardan biri ötən yazımızda qeyd etdiyimiz kimi, Zakir Fərəcovun Abşerona rəhbərlik etdiyi illərdə paytaxt ətrafında uzun illər ərzində və böyük zəhmət hesabına ərsəyə gətirilən 100-lərlə hektar yaşllıq zolağı, qiymətli bağlar, plantasiyaların məhv edilərək, yerinin müxtəlif məqsədlər üçün ayrı-ayrı şəxslərə satılmasıdır. Hansı ki, belə fəaliyyətlərin nəticəsində bu gün 3 milyondan artıq insanın yaşadığı paytaxtda ciddi ekoloji problemlər yaşanır. Baxmayarq ki, həm mərhum prezident Heydər Əliyev, həm də indiki dövlət başçısı İlham Əliyev dəfələrlə yaşıllıqların qorunmasının vacibliyini vurğulayıb, bu barədə xəbərdarlıqlar ediblər, Zakir Fərəcov bu bu xəbərdarlıqlara məhəl qoymayaraq sərəncam vermək hüququ olan ərazilərdəki bütün bağları məhv edərək, torpağını satıb.
vaxtilə mərhum prezident Heydər Əliyevin birbaşa iştiraki ilə salinan bu bağlar Zakir Fərəcov və onun havadarılar(bu sırada Vaqif Axundov və başqalarının adı hallanır-müəl.) üçün böyük qazanc yerinə çevrilib. Təkcə Zirədəki 170 hektar badamlığın məhv edilərək ərazisinin satılmasından Fərəcovun 6-7 milyon manat qazanc götürməsi faktı buna şübhə yeri qoymur. "Yaşıl genosid” həyata keçirilən məkanlardan biri də Türkan qəsəbəsidir. Birinci istiqamət üzüm və əncir bağlarının məhv edilərək, yerinin satışa çıxarılması olub. Hansı ki, hazırda həmin bağlardan əsər-əlamət qalmayıb. Bu bölgənin sakinlərinin verdiyi məlumata görə ərazini qiymətli edən isə torpağın altından mişar daşının çıxmasıdır. Beləliklə də, qısa müddətdə bütün üzümlüklər məhv edilərək yerində daş karxanaları salınıb. Bu daş karxanalarının yeri isə müxtəlif şəxslərə satılıb. Əvvəllər hektarı 10 mindən, sonradan 20-30, hatta son illərdə 40 mindən. Türkanın ərazisindən neçə hektar daş karxanası üçün satılıdığını dəqiq bilən olmasa da, bunun 1000 hektardan artıq olduğunu söylədilər. Sadə hesablama aparsaq Zakir Fərəcovun Türkanda təkcə daş karxanaları üçün satılan ərazidən 10 milyonlarla manat qazanc əldə etdiyini söyləyə bilərik.
Qeyd edək ki, qəsəbə ərazisində 30-a yaxın daş karxanası fəaliyyət göstərir. Bu karxanaların bir hissəsi yerli iş adamlarına, bir hisəsi isə kənar şəxslərə aiddir. Hansı ki, onların içərisində Fərəcovun qohumlarının, yüksək rütbəli şəxslərin, prokurorların olduğu bildirilir. Bu şəxslərin də daş karxanalarını yerli sakinlərin adına açaraq işlətdiyi, əksəriyyətinin rəsmi qeydiyyata düşmədiyi və beləliklə dövlətə ödəməli olduğu vergilərdən də yayındığı bildirilir.
Zakir Fərəcov yalnız Türkanın torpağını, bağlarını satmaqla qazanmır. Burda ən böyük daş karxanalarının elə onun yaxın qohumlarına, o cümlədən kürəkənlərinə məxsus olduğu bildirilir. Mənbənin bildirdiyinə görə Abşeron rayon icra başçısının kürəkəni – Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin rəisi Mehdi Səlimzadənin oğlu Ramin Məcidovun Türkanda 10-larla hektar ərazidə daş karxanasının oduğu iddia edilir. Yerli sakinlərin iddiasına görə, qaynatası Zakir Fərəcova arxayın olan Ramin Məcidov hətta sahibkarların qanuni istifadəsində olan daş karxanalarını belə zorakılıqla ələ keçirir. Bu zaman saxta sənədlərdən belə istifadə etməkdən çəkinmirlər. Belə ki, Fərəcov icra başçısı təyin edildikdən az sonra Ramin Məcidova məxsus "Ekspress-11” fərdi kiçik müəssisəsinə Abşeron rayon İcra Hakimiyyəti başçısının 30 dekabr 2005-ci il tarixli sərəncamı ilə qış örüş sahəsindən 6 hektar torpaq sahəsi ayrılıb. Necə bir təsadüfdürsə elə həmin gün – 30 dekabr 2005-ci il tarixdə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron Rayon Şöbəsinin müdiri Mübariz Vəliyevin imzası ilə torpağın istifadəsinə aid rəy verilib. Həmin sənəddə isə "Ekspress-11” fərdi kiçik müəssisəsinin xahişi əsasında ona ayrılmış dövlət ehtiyat fondunda saxlanılan Daşlı örüş uqodiyası (qoyun örüş sahəsi) kimi qeydiyyata alınmış torpaq sahəsinin mişar daşı istehsalı üçün adıçəkilən müəssisəyə verilməsinə rəy verilib. Və "Ekspress-11” fərdi kiçik müəssisəsinə qış örüş sahəsi kimi ayrılmış torpaq sahəsinin saxta sənədlər əsasında daş karxanası kimi qeydə almasına nail olunub.
P.S. Zakir Fərəcovun Abşeron rayonundakı fəaliyyəti haqda araşdırmamızı davam etdirəcəyik. Abşeron Rayon İcra Hakimiyyətinin və yazıda adları keçən şəxslərin mövqeyini işıqlandıqmağa hazırıq.