Yol bəllidir, fərqi yoxdur, sən o yolu bu gün Cəmil Həsənlinin rəbərliyi altında Milli Şurada, ya İsa Qəmbərin rəhbərliyi altında Musavat partiyasında, "Yeni Müsavat” və ya "Azadlıq” qəzetindəki imzanla gedirsən...
Təəssüf! Min təəssüf!.. Baş verənlərə bu sözü min dəfə qüvvətləndirib yüz nida işarəsi əlavə etsək də qiymət vermək olmur. Belə olmamalıydı və belə olmaz, Qardaşlar!
Bəzi musavatçılar və cəbhəçilər mediada, sosial şəbəkələrdə əməlli başlı qırğına çıxıblar. Sanki illərdir yığılıb qalan bütün kin və küdrətlərini, enerjilərini bir- birilərinin üstünə tökməyə fürsət axtarırmışlar. Elə bil ki, onlara ötən 21 ildə zülm edib, zindanlara atan, insan kimi normal yaşayış hüququnu əllərindən alan, bəzən ailələrinin yanına əli boş, bir parça çörəksiz göndərən Əliyevlər rejimi yox, Musavat və ya AXCP olub. Nə baş verir, bəylər? Bəlkə bir az düşünəsiniz? Bu qarşıdurmada fəal iştirak edən istər Müsavat, AXCP üzvləri həmən sual edər ki, bəyəm nə baş verdiyinin fərqində deyisən?
Yaxşı olsun elə burdan başlayaq. Nə baş verib axı...
Sərt suallara sadə cavablar
Ötən il prezident seçkiləri zamanı yaranan birlik Müsavat partiyasının Milli Şuradan çıxması ilə pozuldu və ilk ittiham cəbhəçilərdən gəldi: "Niyə Musavat partiyası bizi yarı yolda qoyub Milli Şuradan çıxdı, bizə arxadan zərbə vurdu?” Musavat partiyasının Milli Şuradan çıxması bir çox dostlara pis təsir edib. 20 ildir ki, Əliyev rejiminin repressiyaları altında əzilən, zülm çəkən bir çox əqidədaşlarımız musavatçı dosltarımızın Milli Şuranı yarıda buraxmasını həzm edə bilmirlər. Bəlkə də haqlıdırlar, amma bu o demək deyil ki, gedənləri kəskin şəkildə ittiham edib onları satqınlıqda və bu kimi digər məsələlərdə ağır suçlamaq olar. Hər bir məsələnin xoş tərəfini axtaraq. Musavat partiyası Milli Şuradan gedib, müxalifət cəbhəsindən getməyib. Gəlin bir az səmimi olaq. Bu gediş dotlarda təəssüf, rəqiblərdə sevinc ovqatı yaratsa da amma faciə də deyil. Musavat partiyası illərin partiyasıdır, orda kifayət qədər əqidəli, mübariz insanlar və dostlarımız var. Hər hansı qərara görə əsası Məmməd Əmin Rəsulzadə tərəfindən qoyulmuş, Azərbaycanın azadlıq və müstəqillik tarixinə böyük töhvələr vermiş qos- qoca bir partiyanın və onun fədəkar üzvlərinin üstündən xətt çəkib damğalamaq olmaz. İnsanları düşüncələrinə görə ittiham etmək doğru olmadığı kimi hər bir kəsi və təşkilatı qaydalar çərçivəsində fəaliyyətinə, tutduğu mübarizə yoluna görə də ittiham etmək olmaz. Biz əlimizə silah götürüb Musavat partiyası Divanın qəbul etdiyi məlum 06 yanvar qərarına görə onları nə qədər təftiş və ittiham etsək də bu, ancaq ümumi işin ziyanına ola bilər.
Müsavatçıların da ittiham və sualları az deyil. Ara sıra hətta 1995-ci ilin olayları belə yada salınırdı. Amma ən son və yadda qalan məqam İsa Qəmbərə mitinqdə tribunada yer ayrılmaması idi. Yenə eyni anlamsızlıq və xırdaçılıq. Müsavatçı qardaşlarım doğurdanmı fərqində deyillər ki, İsa bəy artıq tribunaya ehtiyacı olmayacaq səviyyədədir və onun olduğu yer məkanından asılı olmayaraq erlə tribunadır? Buna görə söz-söhbətə ehtiyac var idimi? ... Və cəbhəçi dostlarım deyəsən axı bu hakimiyyətin keçirdiyi seçkilərdən daha sərt yanaşıldı Müsavatdakı başqan seçkilərinə... Həm də bu sərt mövqedə olanlar bir zamanlar İsa Qəmbəri Əbülfəz Elçibəyə münasibəti bəlli olan Qubad İbadoğluna görə ittiham edənlərdi... Maraqlıdı deyilmi?.. Bəlkə bir az da bu məqamlar üzərində düşünək?..
Əli Kərimli - Rauf Arifoğlu davası...
Bu anın durumu da bir fərqlidir. AXCP bütün ağır artileriyası ilə "Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlunu hədəfə alıb, qarşı tərəf isə əlindəki media silahından cavab atəçi açır... Ölən və yaralanan yoxdur. Amma olacaq, bəylər, inanın ki, olacaq! Bu qədər mənfi reputasiyalı təbliğatdan zədəsiz qurtulmaq mümkün deyil. Heç düşünürsüzmü bu kimə lazım idi? Kim qazanır bundan?
Kimə lazım idi həmin Batumi görüşü üzərində bu boyda həngəma qurmaq? Kimin ağlına gəlib media fəaliyyəti dönəmində (həm də məhz bu fəaliyyəti ilə birbaşa bağlı olaraq) dəfələrlə dustaq illəri yaşayan Rauf Arifoğlunu satqınçılıqda ittiham etmək? Kimi, nəyi, harda satıb qardaşlar?.. Bu ittihamlar vaxtı ilə "torpaqları satıblar”, "rayonların pulunu xarici banklara qoyublar” və bu kimi gülünc KQB təbliğatını yada salır. Bunca illər sonra yenədəmi eyni düşüncədə qalmışaq? Adam ortaya media müəsisəsi qoyub və özü demişkən bu hələ ki, müxalif düşərgənin ən uğurlu projesidir. Tanıdığım Rauf Arifoğlu üçün siyasi və ictimai fəaliyyətində "Yeni Müsavat” qəzetindən önəmli heç nə yoxdur. Küçə yayımından, köşklərdən, metrodan yasaqlar qoyula-qoyula qəzet son 15 ildə ən minimal tirajına enib. Gözü görə-görə Rauf bəyin gözünün işığı olan bir qəzetə ölüm hökmü oxunub. Bu hökmü imzalayan, oxuyan və icra edənlər bəllidir. Sabah günəşin doğmayacağına inana bilərəm. Amma Rauf Arifoğlunun "Yeni Müsavat”a qarşı olan hər hansı bir qüvvə ilə işbirliyində olmasına inana bilmərəm. Adamın qəzet sevgisi ortada!...
Bütün bu yazılanları "Yeni Müsavat”ın baş yazarına yarınmaq kimi qəbul edənləri vicdanı ilə baş başa buraxıram. Hansı döngədə hansı sürəti seçməyin vacibliyni, hansı enişdə əyləci basmağın gərəkliyini zaman hər bir qəzet rəhbəri çoxdan anlayıb və media müəsisəsini qorumaq üçün atılan məcburi addımlar hər kəsə bəllidir. Bu həmin "Yeni Müsavat”dır qardaşlar, 2003-cü ildə-müxalifətin ən güclü anında müxalifətin tam gücü qədərində zərbə ilə hakimiyyətin təməlinə dağıdıcı zərbələr vuran qəzet! Amma məqsədim bu qəzeti, onun yazarlarını və baş redaktorunu müdafiə etmək deyil. Bu davanın tərəflərindən birinə sadəcə bir həqiqətini pıçıldamaq istəyirəm: Hər dəfə bu prosesi başlayanda Əli bəyi hissə-hissə xərcləyirsiniz, fərqindəsizmi? R.Arifoğlu kimi Əli Kərimlidən də hər hansı bir asılılığım və umacağım yoxdu. Ona görə anladıqlarımı açıq şəkildə ifadə edəcəm. "Yeni Müsavat” və ya digər bir media orqanındakı hər hansı bir mövqeyə bu şəkildə sərt təpki göstərmək azad sözü həzm etməmək deməkdir və bu mənada baş verənlər dostum, qardaşım Seymur Həzinin həbsdə olması ilə eyni prinsipə bənzəyir. Əli bəy müasir Azərbaycan siyasətinin bir əlin barmaqlarının sayı qədərində olan yetkin və ən önəmlisi peşəkar siyasətçilərindəndir. Normal ölkələrdə belə şəxslər dövlətin qızıl kadr bankının başında durur. Hakimiyyətdən bunu gözləmək artıqdır. Bəs siz neyləyirsiz, cəbhəçi qardaşlarım? Azərbaycan Respublikasının prezidentliyinə iddialı olan bir siyasətçini öz qəzəbininz və qərəzininz nəticəsində bir qəzetin nişangahına çevirmisiniz. Nəticənin necə olmasından asılı olmayaraq artıq proses başlayanda Rauf bəy 1-0 hesabı ilə öndədir. Əli Kərimli bu ölkənin dövlət katibi olub, ana müxalifət partiyasının rəhbəri və potensial prezidentliyə namizəddir. Rauf bəy heç zaman rəsmi dövlət postu tutmayıb, bundan sonra da azad medaçılığı buraxıb bu yolu seçəcəyinə inanmıram. İndi baxın lider bildiyiniz siyasətçini hansı döyüşə çəkirsiniz... Ehtiyac varmı?! Üzərində çox ciddi düşünüləsi sualdı, düşünək...
AXCP- Musavat, bir ağacın iki budağı...
Son günlər baş verənlər- hər iki partiya və onlara yaxın media əməkdaşları arasında qarşılqlı ağır ittihamlar heç də xoş mənzərə deyil. Bu ittihamlar Əliyevlər rejiminə qarşı aparılan mübarizədə AXCP-nin Azadlıq blokunun qərarının ziddinə olaraq parlamentdə oturmasından və ya Musavat partiyasının Milli Şuradan çıxmasından dəfələrlə çox ziyan vurur. Münasibətləri, tərəfdaşların inamını, mübarizəsini sarsıdır. Bəzi kəslər sanki illərdir zaman gözləyirmiş kimi bu qarşıdurmanı körükləməklə məşğuldur. O kəslər hakimiyyət projesində yer alıb onun dəyimanına su tökməklə məşğuldurlar. Onlar diqqəti ölkədəki dözülməz şəraitdən, haqsızlıqdan, intiharlardan, seçki saxtakarlığından yayındırıb süni şəkildə AXCP Musavat qarşidurmasına yönəldirlər. Tərəflərdən 3- 4 nəfərin deyişməsini 2 partiyanın qan düşmənçiliyi kimi təqdim edib ümummüxalifət cəhbəsində parçalanma, qarşıdurma görüntüsü yaratmağa çalışırlar.
Əziz cəbhəçilər, musavatçılar! Kəmfürsətlilərin əlinə fürsət verməyin, getməyin onların oyununa. Atalarımızın gözəl misalı var; dalaşanda elə dalaş ki, barışmağa yer qoy. Bir- biriləriniz haqqında 15- 17 il öncəyə dair iddia ilə danışırsınız? Məntiqi baxımdan sizə sual edər ki, doğrudan da sən bu qədər xalqını, millətini sevdiyini, obyektiv, dürüst olduğunu iddia edirsənsə bəs bildiyin bu həqiqətləri niyə indiyə qədər paylaşmırdın? Və ya aranızda bunca xüsusat olduğu cürəcdə siz necə bir yerdə, çiyin- çiyinə mübarizə aparırdınız, birgə mübarizədən, bir təşkilatda birləşməkdən danışırdınız? Bəs bunlar nədir? Əgər siz doğrudan da bir yerdə ola bilməyəcəkdinizsə bəs tərəfdarlarınıza, xalqa niyə ümid verib yalan deyirdiniz? Ona görə də öyəndə də, söyəndə də ayaq yeri qoyun. Ağıllı insanlar oturduğu ağacın budağına balta çalmazlar. AXCP də, Musavatda sizlərin illər uzunu bir yerdə oturduğunuz bir ağacın ayrı- ayrı budaqlarıdır. Bunu unutmayın. Onu da unutmayın ki, sizləri siz edən, üzvü olduğunuz partiyanın sıravi fədakar, əqidəli insanlarıdır.
"Yeni Musavat” və "Azadlıq” qəzeti bu günkü səviyyəyə həmin fədakar insanların çiynində və vəfalı oxucuların əzmkarlığı, qəpik- quruşları ilə gəlib çıxıb. Qələmin vəzifəsi xalqa xidmət etmək olduğu kimi sizlərin də vəzifəsi sizlərə etibar olunan tribunadan bir- birinizə qarşı deyil, xalqı zəlil günə qoyan, onun bütün varidatını sümürüb yeyən, millətin haqqını tanımayan Əliyevlər rejiminə qarşı istifadə etməkdir. Unutmayın ki, oxucu halallığı deyilən bir halallıq da var... Səyavuş Novruzovların, Mübariz Qurbanlıların "Bunlar budur daaa, görürsüz”, "Hələ müxalifətdədirlər, gör hakimiyyətə gəlsələr nə olar?”, "AXCP və Musavat bir- birinə qənimdir, düşməndir” və s. kimi iddialarının reallaşdırılmasına imkan verməyin.
Orda bir yol var uzaqda...
Bu qarşılıqlı ittihamlarda ən xoşa gəlməz hallardan biri də Elçibəyin adının qalmaqala qatılmasıdır. Kimin haqq, kimin haqsız olduğunu araşdırmaq fikrində deyilik. Amma bütün mənalı həyatını Azərbaycan xalqının hürr və azad, bütöv millət, dövlət halında yaşamasına həsr etmiş və bu yolda həyatını qurban vermiş, dünyasını dəyişmiş mərhum bir şəxsi şahid göstərib, zamanında onun dediyi və ya demədiyi fikirləri sitat kimi gətirib özünə bəraət, qarşındakına küfr qazandırmaq heç bir ölçüyə, əndazəyə sığmır. Elçibəyin ruhunu rahat buraxın. Elçibəyi davanıza qatmaqdansa ona sağlığında layiq olduğu dəyəri vermək daha düzgün olardı.
Söhbət Elçibəydən düşmüşkən bu günki yersiz və ifrat cəbhəçi- musavatçı qarşıdurması ilə bağlı onun bir fikrini xatırlatmaq yerinə düşərdi. AXCP sədri deyirdi ki, ən böyük musavatçı mən özüməm. Yəni Əbülfəz bəy əqidəli musavatçını və cəbhəçini heç zaman ayırmırdı, sevirdi.
Azərbaycan xalqı illər uzundur ki, bir yol gəlir. O yol Rəsulzadə- Elçibəy yoludur. O yol Azərbaycan xalqının avtoritarizmə, haqsızlığa, saxtakarlığa qarşı mübarizə yoludur. O yol xalqın nicat yoludur! O yol xalqı sevmək, onu qorumaq və ona hizmət etmək yoludur. O yol halallıq, düzlük yoludur. O yol Azərbaycanın müstəqillik, azadlıq, demokratiya və bütövlük yoludur. Yol bəllidir, getmək üçün yolçusunu gözləyir. Fərqi yoxdur, sən o yolu bu gün Cəmil Həsənlinin rəbərliyi altında Milli Şurada, ya İsa Qəmbərin rəhbərliyi altında Musavat partiyasında, "Yeni Müsavat” və ya "Azadlıq” qəzetindəki imzanla gedirsən. Əsas odur ki, o yolu gedirsən,hansı ünvana yön aldığını bilirsən... Biz hədəflərimizə ulaşana kimi haqq bildiyimiz bu yolu getməliyik. Könül istərk ki, bir yerdə gedək... Həfədimiz bəllidir, təşkilatımız da bəllidir, Yolbayımız da bəllidir.
Yol yolçusunu gözləyir. Gəlin enerjimizi, gücümüzü bir- birimzə qarşı deyil, yolumuzu getməyə və hədəfimizə çatmağa yönəldək! Tanrı yoluna sadiq olanlara yardımçı olsun!
Nəsimi Şərəfxanlı, anaxeber.info