Polis ona erməni deyən kişiyə: “Qudurmusuz, sizi başa salmaq lazımdır” (FOTO, EKSKLÜZİV)

2-12-2014, 17:21   
Polis ona erməni deyən kişiyə: “Qudurmusuz, sizi başa salmaq lazımdır” (FOTO, EKSKLÜZİV)
Vətəndaş bildirib ki, əslində yol polisi onu təhqir edib
Bakıda yol polisilə aralarında insident yaşanan vətəndaş Zaur Əliyev avtomobilinin cərimə meydançasına aparılmadığını bildirib.

Onun verdiyi məlumata görə, əslində yol polisi Natiq Mövlayev onunla kobud rəftar edib.

“Mən məhləmizdə maşını saxlamışdım. Bu zaman həmin yol polisi gəldi və maşının düzgün saxlamadığımı bildirdi. Daha sonra maşını cərimə meydançasına aparacağını bildirdi. Çox kobud danışırdı. “Qudurmusuz, sizi başa salmaq lazımdır”, - deyə üstümə qışqırdı. Düşündüm ki, yaşlı adamdır. Onunl mübahisə etməyib. Bu səbəbdən atamı çağırdım”, - deyə Zaur Əliyev bildirib.

Onun sözlərinə görə, hadisə yerinə atası Azad Əliyev gəlsə də, yenə də mübahisə həll olunmayıb. Əksinə vəziyyət daha da gərginləşib. Sürücünün atası ANS PRESS-ə bildirdi ki, məsələni araşdırmaq üçün həyətə düşüb. Lakin yol polisi bu dəfə də onu təhqir etməyə başlayıb.

“Onunla görüşəndə soruşdum ki, nə məsələdir. Mənə dedi ki, “Qudurmusuz, harınlamısız. Oğluna tərbiyə verə bilmirsən”. Dedim ki, əgər qayda pozub, cəriməsini yaz. Daha niyə təhqir edirsən? Bu dəfə məni sinəmdən itələdi”, - deyə Azad Əliyev bildirib.

Azad Əliyev yol polisi Natiq Mövlayevə erməni deməsinin səbəbini də belə izah edib: “Həmin gün qonşumuzun oğlu rəhmətə getmişdi. Mən hüzr yerindəydim. Polisə də elə belə dedim ki, hüzrdən gəlirəm. Məclis qalıb orda. Əgər qayda pozuntusu varsa cəriməni yaz ödəyərik. Əvəzində yol polisi də qayıtdı ki, “sən hüzrdən gəlirsən, mən də toydan gəlirəm. Neynim?”. Mən də ona dedim ki, müsəlman deyilsiz, ermənisiz. Əslində heç kim ona xahişə görə zəng-filan etməyib. Əksinə məndən xahiş ediblər ki, məsələni böyütməyim. Amma mən məsələnin sonuna qədər gedəcəyəm. Bizi təhqir etdiyi üçün mütləq cavab verəcək”.

Azad Əliyev onu da vurğulayıb ki, maşın cərimə meydançasına da aparılmayıb. Və şikayəti də yol polisi yox, onlar ediblər: “Baş prokurora, daxili işlər nazirinə və digər aidiyyatlı şəxslərə müraciət etmişik. Qoy kameralar yoxlanılsın. Onun nə ixtiyarı var ki, vətəndaşı təhqir etsin”.

Qeyd edək ki, noyabrın 24-də Bakıda yol polisi ilə sürücü arasında yaranan narazılıq sonradan böyük qalmaqala çevrilib. ANS PRESS-in məlumatına görə, hadisə Əhməd Cavad küçəsilə Zərgərpalan küçəsində baş verib.

Baş verən insidentlə bağlı Baş Dövlət Yol Polisi İdarəsi Dövlət Yol Polisi İdarəsinin tağım komandiri, polis kapitanı Natiq Bahadur oğlu Mövlayev ANS PRESS-ə açıqlamasında baş verən hadisə barədə məlumat verib. Onun sözlərinə görə, qayda pozan sürücünün atası onu təhqir edib.

Belə ki, 1989-cu il təvəllüdlü Zaur Azad oğlu Əliyev idarə etdiyi “Wolskfagen” markalı, 10 VT 008 nömrə nişanlı avtomobili qadağan edilmiş yerdə saxlayıb. Bununla bağlı yol polisi əməkdaşı sürücüyə xəbərdarlıq edib. Lakin sürücü yol polisinin xəbərdarlığına məhəl qoymayıb və maşını yerindən tərpətməyib. Uzun mübahisədən sonra yol polisi sürücünün vəsiqəsini tələb edib. Sürücü isə polisin tələbinə də məhl qoymayıb və atasına zəng vurub.

Hadisə yerinə sürücünün atası 1957-ci il təvəllüdlü Azad Məlikməmməd oğlu Əliyev gəlib. O, yol polisinə deyib ki, həmin yerdə yaşayırlar və maşını yerindən tərpətməyəcəklər. Yol polisi isə həmin şəxsədən vəsiqəsini tələb etdikdə təhqirlə üzləşib.

“Gələn kimi qışqıra-qışqıra dedi ki, bu mənim oğlumdur. Sən məni tanımıran. Sənin başına oyun açacam. Get işinlə məşğul ol. Bizim hüzürümüz var. Maşını da yer olmadığı üçün burda saxlamışıq. Məndə dedim ki, maşının saxlanması piyadaların hərəkətinə mane olur. Kişi də əvəzində məni təhqir etdi. Ermənisiniz, müsəlman deyilsiniz dedi. Nə bilirsən elə. Yol polisisən, uzağı cərimə yazacaqsan. Əlindən nə gəlir elə dedi. Məndə, dedim ki, mənə dediyiniz erməni kəlməsini sizə yedizdirəcəyəm”, - deyə Natiq Mövlayev bildirib.

Natiq Mövlayev onu təhqir edən Azad Əliyev barəsində Səbail rayon Prokurorluğuna şikayət etdiyini bildirib. Yol polisi insanların içində ona “erməni” deyən şəxsin cəzalandırılmasını istədiyini bildirib.
Faktla bağlı araşdırma aparılır.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.