Evini sökdükləri üçün «it damı»nda yaşayan qadın: “Günah «Qaçqınkom»dadır” - FOTOLAR

2-12-2014, 19:20   



Yasamal rayonu “Qanlı göl” ətrafında məskunlaşmış məcburi köçkünlər etiraz edirlər.

Sakinlərin etirazlarına səbəb isə, həmin ərazidə yaşayan 350 ailədən 338-nin köçürülməsi, geridə qalan 12 ailəyə isə ev verilməməsidir. Adıçəkilən ərazidə yaşayanlar əsasən qaçqınlardan ibarətdir. Və evlər sökülməyə başlayan zamanlarda bir çox etirazlar edilib. Amma sonradan onlar köçməyə razılaşıblar.

Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi («Qaçqınkom») həmin sakinləri «Lider» TV-nin arxasında tikilən evlərə köçürüb. «Qaçqınkom» rəsmiləri 4 nəfərlik ailəyə 2 otaqlı, 5 nəfərlik ailəyə 3 otaqlı, 5-8 nəfərlik ailəyə isə 4 otaqlı mənzil veriblər. Və bundan sonra köçürülən ailələrin evləri sökülüb.

Amma 12 ailə hələ də evsizdir. «Musavat.com»a danışan Fizuli rayonundan qaçqın düşmüş Nuriyevlər ailəsi də həmin evsiz qalmış ailələrdən biridir.

Rafiq Nuriyevin sözlərinə görə, onların ailəsi 20 ildir ki, evsizdir: «Buraya köçüb, qardaşımla yaşayırdıq. Evin bir otağında o yaşayırdı, bir otağında da biz... Evləri sökməyə başlayanda dedilər ki, mənə ev düşmür. Çünki qeydiyyatda qardaşımdır. Onu ailəsi ilə birgə köçürdülər. Mən, həyat yoldaşım və 21 yaşında qızımla qaldıq çöllərdə... İllərdir ki, burada yaşayırıq. İndi biz nə edək? Mənim qeydiyyatım olmadığı üçün ölməliyəm?»

R.Nuriyev deyir ki, evdə yer olmadığı üçün qızı qohumlarında qalır: «Mənim yaşadığım evə baxın. Əgər buna ev demək olarsa... Mətbəxdə yaşayırıq. Evdə yer olmadığı üçün qızım qohumlarda qalır. Paltarlarımızı hamama yığmışıq. Hamısı nəm çəkib.

«Qaçqınkom»a, Prezident Administrasiyasına və bir çox qurumlara müraciət etmişəm. Amma heç bir faydası olmadı. Baxan yoxdur. «Qaçqınkom»dan mənə dedilər ki, «Sizə rayonlardan birində ev verək?» Dedim ki, «Mənim üçün fərqi yoxdur. Rayonlara da gedərəm». Amma sözlərini tutmadılar. Çünki yalan danışırdılar. Elə fikirləşirdilər ki, mən razılaşmayacağam və rahatca deyəcəklər ki, «Ev veririk, amma istəmirsən». Mən daxmada qalıram. Mənim üçün fərqi yoxdur, əsas evim olsun, qızım başqa yerlərdə, qapılarda qalmasın».

R.Nuriyev bildirdi ki, evlərin verilməsində korrupsiya halları olub: «Rusiyada yaşayan, amma adı burada qeydiyyatda olanlara, adında evi olanlara, hətta qaçqın olmayanlara ev veriblər. Amma mənim kimi mətbəxdə yaşayan bir adam ev vermirlər. Mən bilirəm ki, Prezidentin bundan xəbəri yoxdur. Bu məmurlar vətəndaşları incidirlər. Bu məsələdə rüşvət var. Kimlərin pulu varsa, onlara ev verirlər. Kimliyindən asılı olmadan...»

«Heç erməni də bizimlə belə rəftar etməyib. Belə yaşamaq olar?» – Bu sözləri müsahibəsi zamanı Ülviyyə Nəsibova deyib.

Ülviyyə Nəsibova 2003-cü ildə həyat yoldaşı ilə boşanıb. Və qayınanası ilə birgə adını çəkdiyimiz ərazidə yaşayıb və həmin evdə qeydiyyatda olub. Sökülmə məsələsi gündəmə gələn vaxtlarda qayınanası onun adını qeydiyyatdan çıxarıb. Bundan xəbərsiz olan Nəsibova, evləri sökülən zaman hər şeyi öyrənib. Amma artıq gec olub.

Ü.Nəsibova fotoda gördüyünüz evdə yaşayır. Təbii ki, buna nə qədər ev və ya daxma demək mümkünsə...

Bir kvadratmetrlik daxmada yaşayan Nəsibova, aidiyyatı şəxslərdən imdad diləyir: «Mən hazırda gördüyünüz bu şəraitdə yaşayıram. Gecələr itlər hücum etməsinlər deyə və soyuqdan ölməmək üçün qonşularda qalıram. Bəzən qonşular maşını burda saxlayır. Maşında yatıram».

Ü.Nəsibova deyir ki, onun küçədə yaşamasının səbəbkarı «Qaçqınkom»dur: «Məni atıblar, küçələrə... Hamısının da günahı «Qaçqınkom»dadır. Evimi içində əşyaları ilə birgə sökdülər. Özümü sürüyərək, atdılar bayıra... Mən onsuz da illərdir ki, zülm çəkirəm. Qaçqın düşdüm, ailəm dağıldı. Uşaqlarım ögey ana yanında qalır. Özüm də küçələrdə... Heç onların vicdanı yoxdurmu? Mənim küçələrdə yaşamağıma necə göz yumurlar? Heç erməni bizimlə belə rəftar etməyib. Belə yaşamaq olar?»

«Üzərində Heydər Əliyevin rəsmi əks edilmiş xalçanı qoruyub, saxlamışam. Onlar heç buna da hörmət etmədilər. Atdılar, məni bayıra... 11 ildir ki, mən burada yaşayıram. İndi mən nə edim? Prezidentimizdən xahiş edirəm ki, biz qaçqınlara yardım etsin. Mənə bir ev versin ki, qarşıdan soyuq aylar gəlir. Mən burada donaraq, ölməyim» – deyərək sözlərinə əlavə etdi.







Evini sökdükləri üçün «it damı»nda yaşayan qadın: “Günah «Qaçqınkom»dadır” - FOTOLAR


Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.