İsveçrənin “20 Minuten“ qəzeti Böyük Britaniyanın “The Express”qəzetinə istinadən bildirir ki, “əl-Qaidə” terror təşkilatı yeni il ərəfəsində vaxtilə ABŞ-da təşkil etdiyi 11 sentyabr hadisələrinə oxşar terror aktları planlaşdırır. Britaniya qazeti bu məlumatı Hava Limanındakı mənbələrdən əldə edib.
Məlumatlarda deyilir ki,“əl-Qaidə“ bu dəfə Britaniya paytaxtı daxil olmaqla, Avropanın 5 şəhərinə sərnişin təyyarəsi vasitəsi ilə hücum təşkil etməyi planlaşdırır.
Qeyd olunur ki, Amerika kəşfiyyatı bu barədə 2 ay öncədən məlumat əldə edə bilib. Ona görə də hər an baş verə biləcək dəhşətli hadisələrin qarşısını almaq üçün ehtiyat addımları atılır. Gözlənilən terrorun qarşısını almaq üçün sərnişinlərin təyyarənin salonuna əl yükü keçirmələrini qadağan etmək istəyirlər. Ancaq terror üzrə mütəxəssislər hesab edirlər ki, təyyarənin yük bölümünə verilmiş əşyalar, xüsusən elektron cihazlar vasitəsi ilə də partlayş törətmək mümkündür.
Britaniyanın daxili işlər naziri Tereza May bildirib ki, terror təhlükəsi heç vaxt bu qədər yüksək olmayıb. Nazir Britaniya qanunvericiliyində terrorla bağlı qanunların sərtləşməsi istiqamətində faliyyətini getdikcə genişləndirir.
Onu da qeyd edək ki, “əl-Qaidə”nin filiallarından olan “Əl-Nusra Cəbhəsi”nin tərkibindəki “Xorasan qrupu”nun bu istiqamətdə ciddi hazırlıqlar gördüyü son vaxtlar tez-tez vurğulanıb. Ağ Ev bu terrorçu qruplaşmanın Qərbdə terror aktları həyata keçirəcəyinə əmin olduğunu bildirib.
Ancaq Britaniyadan qaynaqlanan son xəbərdə konkret olaraq “Xorasan qrupu”ndan söhbət getmir. Sadəcə “əl-Qaidə“nin belə bir hücum hazırladığı iddia olunur.