ANAXEBER.TV Yenilik.Az -a isdinaden xeber verir .Naxçıvanda uzun saç saxlamaq deyəsən, gənc oğlanların başlarına bəla olub. Bu haqda “Azadlıq” radiosuna bir qrup gənc tələbə məlumat verib.
Oların sözlərinə görə, bir müddətdir ki, polislər şəhərdə uzun saçlı oğlanları saxlayıb, polisə aparırlar. Onlara polisə aparılmalarına səbəb kimi də bir müddət öncə Naxçıvan şəhərində baş verən, üstü açılmayan silsilə oğurluqlar göstərilir.
Şikayətçilər bildirir ki, polislər oğurluqların üstünü aça bilməsələr də, oğru olduğu iddia edilən şəxsin fotorobotunu düzəldə biliblər. Məsələ burasındadır ki, həmin fotorobotdakı şəxs uzunsaçlıdır. Şikayətçilər deyir ki, polisə aparılan gənclərin oğru olmadığı sonradan məlum olsa da, elə yerindəcə onların saçları kəsilir.
Təhlükəsizliyi baxımından adının açıqlanmasını istəməyən tələbələrdən biri deyir ki, əlavə problem yaşamasın deyə sevimli saçlarını öz əlləri ilə kəsdirib: “Əllərində fotorobot düşürlər universitetlərə, yataqxanalara oğrunu axtarırlar. Nə qədər uzunsaç oğlan tələbə varsa, çəkirlər sorğuya. Gecələr uzun saçlı oğlanları aparırlar. Çalışırlar oğurluğu üstlərinə qoysunlar. Bu da baş vermədikdə saçlarını qırxıb buraxırlar. Mənim yataqxana yoldaşımı da aparıb sorğu-suala çəkib, saçlarını qırxıblar. Mən uzun saç saxlamağı çox sevirəm. Ancaq qorxumdan kəsdirdim ki, polisə aparıb məni boş yerə incitməsinlər. Biz hesab edirik ki, oğurluq məsələsi bir bəhanədir. Naxçıvanda son vaxtlar azad fikirli tələbələrə, gənclərə hücumlar artıb. Bu da onun tərkib hissəsidir. Bir növ gəncləri bu yolla sındırmaq istəyirlər”.
Təhlükəsizliyi baxımından adının çəkilməsini istəməyən sakin deyir ki, Naxçıvan kimi ciddi polis nəzarətində olan, kiçik bir şəhərdə oğurluqların üstünün açılmaması inandırıcı görünmür: “Oğurluqlar əsasən bahalı dükanlardan, imkanlı adamların evlərindən edilir. Necə olur ki, balaca bir şəhərdə adi oğurluqların üstünü aça bilmirlər? Əhali arasında belə bir fikir yayılıb ki, elə oğurluqların başında yüksək vəzifəli polislər durur. Axı hər tərəf kameradır. Necə olur ki, kameralarla insanlara nəzarət edirlər, ancaq oğruları tapa bilmirlər?”
Naxçıvan Muxtar Respublika Daxili İşlər Nazirliyindən isə üstü açılmayan oğurluqlar və gənclərin saçlarının məcburi qırxılması ilə bağlı deyilənləri təkzib edirlər: “Yenə kimlərinsə uydurmasıdır”.
Rəsmi məlumatlara görə, bu il Naxçıvan Muxtar Respublikasında heç bir oğurluq hadisəsi qeydə alınmayıb. Müstəqil ekspertlər isə bu məlumata şübhə ilə yanaşırlar. Onların ehtimalına görə, ya baş verən oğurluqlar gizlədilir, yaxud da qeydə alınmır.