Rusiyanın bir çox əyalət şəhərlərində artıq yeni evlənən cütlük şadlıq evinə hava maşınında gətirilir; bu, azərbaycanlı milyonçuların da diqqətini çəkib
Azərbaycanda toylar aybaay, ilbəil daha da möhtəşəm keçir. Baxmayaraq ki, son aylar təmtəraqlı toy və hətta yas mərasimlərinə rəsmi qınaq və qadağa var. Artıq sentyabrdan əyalətlərdə yas mərasimlərində ehsan tamamilə yığışdırılıb. Hətta növbəti toy mərasimindən etibarən Bakı toylarında da ciddi islahatların olacağına dair məlumatlar var. Xatırladaq ki, təxminən ay yarım öncə Nazirlər Kabineti toyların keçirilməsi ilə bağlı yeni qaydalar tətbiq edib.
***
Prezident İlham Əliyev təmtəraqlı ad günlərinə, toy mərasimlərinə qarşı olduğunu birmənalı şəkildə bildirib. O, dəfələrlə müşavirədə bu cür təmtəraqlara qarşı olduğunu deyib.
Burada bir xatırlatma yerinə düşərdi. Bu günə qədər bir neçə nazirin təmtəraqlı tədbirlərə görə (ad günü, nişan, toy və s.) başının ağrıdığı haqda mətbuatda məlumatlar yayılıb. Onlardan ən yaddaqalanı və qalmaqallısı keçmiş iqtisadi inkişaf naziri Heydər Babayevlə bağlıdır. Deyilənə görə, sabiq nazir 2007-ci ildə 50 illik yubileyini aşırı dərəcədə təmtəraqlı keçirib. Nazirlər Kabinetinin əsas heyətinin iştirak etdiyi yubiley tədbirinin əsas yerində yubilyar əlinə badə alaraq “bu səviyyəyə gəlib çatmağıma görə həyat yoldaşıma borcluyam” sözləri ilə başlayan tost deyib. Və bu tost onun nazir statusunda sonuncu sağlığı olub. H.Bbayevin bu ehtiyatsız tostu ona baha gəlib - 2008-ci ildə keçirilən prezident seçkilərdən sonra H.Babayev Nazirlər Kabinetində təmsil olunmadı, üstəlik, onun biznesinə, mal-mülkünə əl qoyuldu, özü isə təqib edildi.
***
Son illər neft pulları ilə sürətlə zənginləşən oliqarxiya qadağalarına baxmayaraq, ailə məclislərinin - ad günü, nişan, toy və sair təmtəraqlı keçirilməsi üçün sanki bir-biri ilə yarışırlar. İndiyə kimi Bakıda keçirilən xeyli toylarda nəinki qardaş Türkiyədən, eyni zamanda qonşu Rusiyadan, hətta Amerikadan pop sənətçilərinin gətirilməsi ilə bağlı xəbərlər var. Bakının elit şadlıq evlərində bu sayaq səs-küylü məclislərin olması ilə bağlı mediada zaman-zaman xəbərlər yayılıb.
Bu zaman Türkiyə, Rusiya, Avropa, Amerika estradasının tanınmış nümayəndələrinə 100 minlərlə dollar qonorar ödənir.
növbəti toy mövsümünün açılışı Bakıda daha səsli-küylü olacaq. Hazırda Məhərrəmlik ayı davam etdiyi üçün toy biznesi özünün sükut dövrünü yaşayır. Amma yeni il qabağı start veriləcək toy mövsümündə, xüsusilə paytaxt Bakıda şəhərə yeni ənənələrin gəlməsi gözlənir. Mənbəmiz bu barədə sensasion məlumat verib. Bildirilir ki, Bakıda gəlinin şadlıq evinə aparılması hava nəqliyyatından istifadə olunmaqla icra ediləcək. Təbii ki, Bakı kimi kiçik şəhərdə hava nəqliyyatı dedikdə təyyarə nəzərdə tutulmur.
Mənbəmiz iddia edir ki, son vaxtlar Rusiyada yaşayan və işləyən imkanlı azərbaycanlılar öz övladlarının toyunda helikopterlərdən istifadə edirlər. Belə ki, gəlini şadlıq evinə kiçik həcmli vertolyotlarda gətirirlər. Qaynağımızın iddiasına görə, bu, əsasən şöhrətpərəstlikdən irəli gəlir, həm də Rusiyada hazırda tıxac problemi olduğu üçün bu vasitəyə əl atılır. Xüsusən də Rusiyanın əyalət şəhərlərində bu ənənə xeyli vaxtdır tətbiq edilib.
Krasnoyarsk şəhərində yaşayan və orada biznes fəaliyyəti ilə məşğul olan “dəmir İlyas” ləqəbli iş adamı bir neçə ay öncə qız övladına toy edərkən bu üsuldan istifadə edib. Belə ki, o, toyu olan qızını ata evindən şadlıq evinə kiçik həcmli helikopterlə göndərib. Xatırladaq ki, “dəmir İlyas” əslən Füzuli rayonundandır. Onun uzun illərdir Krasnoyarskda yaşadığı deyilir. İlyasın kiriminal aləmlə də əlaqələrinin olduğu barədə xəbərlər var.
Xatırladırıq ki, son illər Bakıda da tıxac problemi pik həddə çatdığı üçün bəylə gəlinin, onların yaxınlarının toya çatması problemə çevrilib. Bəzən qonaqlar şadlıq sarayında 1-2 saat boyunca gəlinlə bəyin gəlişini gözləyirlər. Həm də onsuz da nəqliyyatın sıxlığından əziyyət çəkən paytaxt küçələrində toy karvanları da bir tərəfdən tıxaclar yaradır. Məhz bu baxımdan bəylə gəlinin şadlıq evinə kiçik helikopterlə gəlməsi yaxşı ideyadır. Amma buna siyasi hakimiyyət necə yanaşacaq, icazə veriləcəkmi, bax, bu suala birmənalı cavab vermək xeyli çətindir...
Sonda onu da qeyd edək ki, qonşu Türkiyədə “gəlin helikopterləri” biznesi var, bəzədilmiş vertolyotlarda gəlin gətirilməsi sifariş olunur.