Bakıda milyonlar ayrılan yolda pul KOMEDİYASI - FOTO

4-12-2014, 08:51   
Bakıda milyonlar ayrılan yolda pul KOMEDİYASI - FOTO

Bakıda təmiri üçün milyonlar ayrılan yolun taleyi qaranlıq qalıb. Pul bir rayona ayrılıb, yol isə başqa bir rayonun ərazisində olduğundan iş müşkülə çevrilib, ziyanı çəkən isə insanlardır
Abşeron rayon İcra Hakimiyyətinə (RİH) Hökməli-Qobu-Lökbatan-Güzdək-Puta avtomobil yolunun tikintisi üçün və tikintinin davam etdirilməsi üçün dövlət tərəfindən 3 dəfə olmaqla ümumilikdə 12,6 milyon manat vəsait ayrılıb. Lakin milyonlarla pul ayrılsa da, problem tam həl edilməyib. Abşeron rayon sakinləri Milli.Az-a yazır ki, icra hakimiyyəti əhaliyə problem yaradır. Hökməli, Qobu, Güzdək qəsəbələri Abşeron rayonunun, Lökbatan və Puta qəsəbələri isə Bakının Qaradağ rayonunun qəsəbələridir. Sözügedən avtomobil yolu Hökməli-Qobu-Güzdək-Puta yolundan və bu yoldan şaxələnən Qobu-Lökbatan yolundan ibarətdir. Hökməli-Qobu-Güzdək-Puta yolu isə Qaradağ rayonu ərazisinə düşən Lökbatan-Puta-Korgöz-Qızıldaş-Müşfiqabad yoluna birləşir. Problemə çevrilən avtomobil yolunun Hökməli-Qobu-Güzdək hissəsi tamamilə Abşeron rayonunun ərazisinə düşür.

Qobu-Lökbatan və Güzdək-Puta yollarının bir hissəsi Abşeron, bir hissəsi isə Qaradağ rayonunun ərazisinə düşür. Abşeron RİH Qobu-Lökbatan yolunu Abşeron və Qaradağ rayonlarının sərhəddinə qədər təmir edib. Amma təmir edilən hissədə sel sularının axması üçün borular atılmadığı üçün yağış suları yolun bir hissəsini yuyub uçurub. Həmin yolun Qaradağ rayonu ərazisinə düşən 3 km hissəsi isə təmir edilməyib. Abşeron RİH deyir o hissə Qaradağ rayonunundu biz təmir etməyəcəyik. Qaradağ RİH isə deyir ki, o yolu Qobu əhalisi işlədir, Lökbatan əhalisi işlətmir ki, Qaradağ da təmir etsin. Qobu qəsəbəsinin əhalisi Qaradağ rayonunda olan Əmirov adına Neft-qaz çıxarma idarələrində, Dərin Özüllər zavodunda, Qaz Emalı zavodunda və s. başqa müəssisələrdə çalışır və Qobu-Lökbatan yolundan çox əziyyət çəkirlər. Gülünc bir vəziyyət yaranıb. Qobu-Lökbatan yolunun 9 km hissəsi asfaltlanıb, 3 km hissəsi isə bərbad vəziyyətdədir. Qobu qəsəbəsinin çıxış qapısına qədər yol asfaltdı, sonra isə yol torpaqdı. Əslində, Qobu-Lökbatan yolu Lökbatan qəsəbəsindəki "Qaradağ" şadlıq sarayının qarşısına qədər asfaltlanmalıdır. Rayonların mübahisəsindən sadə insanlar əziyyət çəkirlər.

Qaradağ RİH-in sektor müdiri Eldar Sadıqov Milli.Az-a açıqlamasında bildirdi ki, Hökməli-Qobu-Lökbatan-Güzdək-Puta avtomobil yolunun tikintisi üçün dövlət başçısı tərəfindən 3 dəfə pul ayrılıb və həmin məbləğ Abşeron RİH üçün ayrılıb. Onun sözlərinə görə 5 qəsəbəni birləşdirən yolun Qaradağ rayonu ərazisindəki Lökbatan-Puta qəsəbələri arasına düşən hissəsi təmir olunmayıb: “Həmin yol beş qəsəbəni birləşdirir. Təmirin gecikdirilməsinin səbəbi bizə də məlum deyil. Pul bizim rayona ayrılsaydı, təmiri özümüz edərdik. Bununla da sakinlərin yol problemi azalardı”.


Abşeron RİH-in sektor müdiri Rauf Xanbabayev isə yolun çəkilişinin dayandırılmasını hava şəraiti ilə əlaqələndirdi. Sektor müdiri Milli.Az-a dedi ki, sözügedən yolun böyük hissəsi çəkilib, az bir məsafə qalıb. Yaxın zamanlarda Lökbatan-Puta yolu da təmir olunacaq.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.