"Suriya və İraqda döyüşən cihadçılar ən çox Azərbaycana təsir edə bilər”
İŞİD savaş müstəvisini müxtəlif məkanlar üzrə dəyişmək siyasətinə start verib. Bu məkanlar arasında İŞİD üçün potensial imkanlara malik ərazilərdən biri də Qafqazdır. Son vaxtlar bölgədə İŞİD tərəfdarlarının aktivləşməsi təsadüfi deyil və bu, bir mərkəzdən idarə olunur. Güman ki, radikal terrorçuların Qafqaza ayaq açması və bölgədə genişlənməsi Rusiyaya qarşı "partlayıcı maddələr” hazırlamaq kimi, üsul baxımından Qərbin marağındadır. Bu, regionun digər ölkələri üçün də təhlükəli gələcək vəd edir. Rusiyanın nüfuzlu "Nezavisimaya qazeta” nəşri "Qafqazda İŞİD izi”ni araşdırıb.
Ekspertlərin fikrincə, İŞİD effektiv təbliğatla Rusiya və post-sovet məkanında ekstremistləri öz sıralarına cəlb edir. Bu, ekstremistlərin gəldiyi ölkələr üçün potensial təhlükə deməkdir. Təsadüfi deyil ki, bir sıra post-sovet ölkəsi bunu anlayır və gedənlərin geri qayıtmaması üçün nəsə etməyə çalışır.
Məsələn, MDB beynəlxalq tədqiqatlar institutunun əməkdaşı Əhməd Yarlıkapov Mahaçqaladan Suriyaya xüsusi emissarların göndərildiyini iddia edir: "Region ölkələri artıq hərəkətə keçib. Gedənlər özləri üçün məskənlər salıb və yaşamaqda davam edirlər. Lakin onların qayıtması ehtimalı böyükdür və bu, ciddi təhlükələrlə nəticələnə bilər. Artıq hökumətlər onların yanına xüsusi adamlar göndərir. Bu seçilmiş adamlar onları geri qayıtmamağa inandırmalıdır. Dağıstan hökumətinin bu üsuldan istifadə etdiyini dəqiq deyə bilərəm. Eyni təcrübə digər region ölkələrində də istifadə edilməmiş deyil. Əslində bu perspektivli addımdır. Çünki onların qayıdışı Rusiya və Qafqaz regionu üçün ciddi təhdiddir. Ən azından terror aktlarının olması ehtimalı böyükdür”.
Onun sözlərinə görə, Rusiya və post-sovet məkanından İŞİD-ə qoşulanların 2 mindən artıq olduğu deyilir.
Karnegi fondunun Moskvada yerləşən elmi şurasının üzvü Aleksey Malaşenkonun fikrincə, Rusiya və post-sovet ölkələrindən Suriyaya gedənlər bir gün geri qayıdacaq: "Onlar post-sovet məkanının müxtəlif ölkələrindən, eləcə də Qafqazdan gedənlərdir. Onlar özləri ilə əhəmiyyətli təhlükəni gətirəcəklər. Əgər onlar "sülh vaxtında” gələcəklərsə, təhlükə qalacaq, lakin bir qədər təxirə salınacaq. Gənclərin böyük əksəriyyəti üçün Yaxın Şərqdə döyüşüb gələnlər qəhrəman olacaq. Xatırlayın, Suriyadan Qırğızıstana qayıdan yerli cihadçılar məscidlərdə öz ətraflarına kifayət qədər insan toplaya bilirlər. Qırğız təcrübəsi bütün region ölkələri üçün aktualdır”.
MDB İnstitutunun Qafqaz şöbəsinin müdiri Vladimir Yevseyevin fikrincə, Suriya və İraqda döyüşən cihadçılar post-sovet ölkələri arasında ən çox Azərbaycana təsir edə bilərlər. Onun sözlərinə görə, Azərbaycanda son zamanlar dini etnoqrafiya dəyişir: "Əhalinin 80 faizi şiə olsa da, son vaxtlar gənclər xüsusilə internet üzərindən aparılan aktiv təbliğat nəticəsində radikal dindarlığa meyillənir. Sosial şəbəkələrdə şiə və sünni gənclər bir-birinə qarşı nifrət dolu ittihamlar yağdırır. Azərbaycan müxalifətinin 12 oktyabr mitinqində İŞİD bayrağının görünməsi adi hadisə kimi qəbul edilməməlidir. Bu, özünü göstərən ilkin elementlərdir”.
"Nezavisimaya qazeta” bir müddət öncə Moskvada həbs olunan İŞİD tərəfdarlarını və onlardan altı nəfərinin azərbaycanlı olduğunu xatırladır: "Onlar bizneslə məşğul olan sadə insanlar idi. Şahidlərin sözlərinə görə, birdən-birə saqqallarını uzatmağa başlayıblar. Onların yaxın Şərqə İŞİD üçün maliyyə göndərdiyi aşkarlanıb”.
Oktyabrın sonu, noyabrın əvvəllərində Federal Təhlükəsizlik Xidməti İŞİD tərəfdarlarının daha bir qolunu Başqırdıstanda aşkarlayıb. İstintaq məlumatlarına görə, bizneslə məşğul olan ailə İŞİD üçün maliyyə dəstəyi edirmiş. Daha sonra ölkəni tərk edərək Yaxın Şərqə getmək istəyiblər.