ANAXEBER.TV Yenilik.Az-a isdinaden xəbər verirşÖlkədə gömrük işçilərindən şikayət edənlərin sayı hesabı yoxdur. Səbəb də odur ki, ölkənin bütün giriş və çıxış qapılarında durum acınacaqlıdır. Rüşvət və korrupsiyanın tüğyan etdiyi bu orqanla bağlı isə heç bir tədbir görülmür. Əsas acınacaqlı durumlardan biri də Dövlət Gömrük Komitəsinin Avtonəqliyyat Gömrük İdarəsində yaşanır.
Bu qurumda baş verənləri cumhuriyyet.az-ın əməkdaşının müşahidələrini diqqətinizə çatdırmadan öncə bildirək ki, xaricdən gətirilən avtomobillərə görə, tələb olunan rüsumların həcmi isə bəzən o qədər böyük olur ki, maşın gətirən hərəkətinə peşman edilir.
Belə ki, Avtonəqliyyat Gömrük İdarəsində qapıdan daxil olduqdan sonra geriyə çıxış yolu yoxdur. Elə qapının girəcəyində maşının sahibindən 20 manat alınır. Ardından isə sığorta və digər işlər həyata keçirilir ki, bu zaman da 50 manat və 100 manat pul ödəməli olurlar. Bu pulların niyə alındığını hələlik bilən yoxdur. Maşın gətirənlər yalnız onu bilirlər ki, həmin pul ödənilməsə idarədə gömrükdən keçə bilməyəcəklər. Elə mərəkə də idarədə başlayır.
İdarənin rəisi İsmayıl Hüseynov öz otağından kənara çıxmır. Onun vəzifəsi hər axşam kassaya yığılmış pulları sayıb, götürməkdən ibarətdir. Bütün işləri isə Coşqun Əhmədzadə, Gündüz və Rövşən adlı müavinləri həyata keçirir. İdarənin binasına daxil olduqdan sonra ilk olaraq yan otaqdakı bu üç şəxsdən birinə yaxınlaşaraq, qiymətləndirmə aparılmasını istəyirlər. Maşının markası və ili soruşulandan sonra qiymətləndirmə yox, qiymətoxuma başlayır. Maşın gətirənə öncə yüksək bir qiymət deyilir.
Həmin məbləği ödəmək üçün isə kassaya yaxınlaşması xəbərdarlığı edilir. Sənədlərin də üzərinə sıra nömrəsi yazılır və ardından kassaya telefonla zəng edilərək məbləğ deyilir. Bu məbləğlə razılaşmadıqda vətəndaşla idarənin rəis müavinləri arasında bazarlıq başlayır. Nəticədə, qiymətdə müəyyən «endirim»lər edilir. Nəhayətdə, ümumi bir rəqəmdə razılıq əldə edilir. Əks təqdirdə, vətəndaşın maşını idarənin həyətində saxlanılır. Hər gün üçün dayanacaqhaqqı olaraq 20 manat, cərimə olaraq isə 100 manat pul tələb olunur. Qeyd edək ki, bu zaman rəsmi dövlət rüsumu ümumiyyətlə, nəzərə alınmır. Onun üzərinə əlavə pul qoyulur ki, bu da İsmayıl Hüseynovla müavinlər arasında bölüşdürülən haqdır. Bu barədə sual verildikdə isə cavab belə olur: «Rəsmi rüsum rəsmidir. Amma burada bizim də öz rüsumumuz var».
Bu sözlərdən tam aydın olur ki, Avtonəqliyyat Gömrük İdarəsində tam bir özbaşınalıq yaşanır. İsmayıl Hüseynova gəldikdə isə bu şəxs olduqca qapalı biridir. Böyük pulların içində uzun illərdir baş çıxaran və qazanan idarə rəisinin var-dövlətinin də sayı-hesabı yoxdur. Məsələ ilə bağlı cumhuriyyet.az-ın əldə etdiyi məlumata görə, Bakıda bir neçə avtomobil salonu olan Hüseynovun sürdüyü maşını da çox bahalıdır. Onun hal hazırda idarə etdiyi avtomobilin qiyməti 200 min dollardan artıqdır və bu maşını İsmayıl Hüseynovun necə əldə etdiyi sirr deyil.
Avtomobil salonlarına gəldikdə isə orada Almaniya və Gürcüstandan gətirilmiş maşınların satışı təşkil olunur. Hətta belə bir məlumat da var ki, Hüseynovun qəsdən böyük məbləğdə rüsum tələb etməsi də məhz öz salonlarından daha çox qazanc əldə etmək niyyətindən irəli gəlir. Belə ki, o, xaricdən avtomobil gətirən vətəndaşlardan külli mindarda «rüsum» alaraq, onların bazarda satış qiymətlərini qaldırmaqla yanaşı, həm də daha az qazanc əldə etmələrinə nail olur.
Özünün xüsusi adamlar vasitəsi ilə gətirdiyi maşınlara görə rəsmi dövlət rüsumu ödədiyindən daha böyük gəlir əldə edə bilir.