Nemət Nağdəliyevə məxsus olan “Rance Rover” 100 min dollar civarında dəyərləndirilirPrezident Administrasiyası rəhbərinin müavini - Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Zeynal Nağdəliyevin oğlunun maşını qaçırılıb.
Bu haqda Rusiya mətbuatı məlumat yayıb. Dekabrın 3-ü gecə saatlarında Moskvanın mərkəzində, Zemlyanoy Val küçəsindən Azərbaycanın Rusiyadakı səfirliyinin attaşesi Nemət Nağdəliyevə məxsus olan “Rance Rover” maşını oğurlanıb. Rusiya mətbuatı maşını oğurlanan azərbaycanlı diplomatın şəxsən polisə müraciət etdiyini yazıb. Maşının qiymətinin 100 min dollar civarında olması haqda məlumatlar da var.
Nemət Nağdəliyev əvvəllər Ümumrusiya Azərbaycanlıları Konqresi diaspor təşkilatının aparat rəhbəri olub. Məlumat üçün qeyd edək ki, “Land Rover” ailəsinə daxil olan bu avtomobilin müxtəlif modifikasiyaları mövcuddur. Attaşe N.Nağdəliyevin oğurlanan maşınının qiyməti Azərbaycanda 50 min manatdan başlayır. Bu markadan olan maşınların komplektasiyasından asılı olaraq 200-250 min manata satılanları da var.
Bu oğurluq faktının diqqət mərkəzinə çəkdiyi bir məqam da yüksək çinli məmurların övladlarını diplomatik vəzifələrə təyinatına nail olmalarıdır. Bu ilin avqustunda Ağdam Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Nizami Sadıqovun oğlu Azərbaycanın Latviyadakı konsulluğunun birinci katibi Nicat Sadıqovun öz şəxsi avtomobilinə diplomatik nümayəndəliyə məxsus dövlət nömrə nişanını bağlayaraq diplomat adına yaraşmayan hərəkətlərə yol verməsi haqda məlumat yayılmışdı. Azərbaycan XİN bu məlumata münasibət bildirərkən diplomata xəbərdarlıq elan edildiyini açıqlamışdı. “Azəryolservis” ASC-nin prezidenti Cavid Qurbanovun oğlu Şəmşir Şəmşirli hazırda Azərbaycan Respublikasının İstanbuldakı Konsulluğunda attaşe vəzifəsində çalışır.
Baş nazirin birinci müavini Yaqub Eyyubovun oğlu da kifayət qədər yüksək vəzifədə çalışır. Belə ki, Emin Eyyubov Azərbaycanın Avropa Birliyi yanında diplomatik missiyasına rəhbərlik edir. Baş Qərargah rəisi general Nəcməddin Sadıkovun iki oğlu var. Məlumatlara görə, onlar Azərbaycanın müxtəlif ölkələrdəki diplomatik korpuslarında çalışırlar. Azərbaycanın Almaniyadakı səfiri Pərviz Şahbazov da məmur oğludur. Onun atası Prezidenti Administrasiyasının İşlər İdarəsi müdirinin birinci müavini Oqtay Şahbazovdur. Pərviz Şahbazov 2005-ci ilin avqust ayından Azərbaycanın Almaniyadakı fövqəladə və səlahiyyətli səfiridir.
Qeyd etdiyimiz kimi, Azərbaycanın dünyanın müxtəlif ölkələrində yerləşən səfirliklərində nazirlərin, komitə sədrlərinin, icra başçılarının övladları, qohum qardaşları ən müxtəlif vəzifələr tuturlar. Səfirliklər bu şəxslərin sonradan hakimiyyət piramidasında yer tutmalarına bir növ tramplin rolunu oynayır. Məmurlar bu təyinatlara nail olmaqla bahalı maşınlar sürən, dəbdəbəli həyat tərzi keçirən övladlarını həm də diqqət mərkəzindən uzaqlaşdırmış olurlar.