PKK-İŞİD savaşı Azərbaycanda

5-12-2014, 11:30   
PKK-İŞİD savaşı Azərbaycanda

Qaraçuxur məscidini yandıran "APO”çuların məqsədi xəvariclərə mesaj göndərmək olub


Bakıda Qaraçuxur məscidini yandıran PKK-çılar haqda xəbərlər səngimir. Terror təşkilatının "Yekbun” qanadını təsis edən Namiq Nəsibov və Elnur Ələkbərovun sələfilərin toplaşdığı ibadət evini yandırmağa cəhd etməsi bir sıra mətləbləri aydınlaşdırıb. Əvvəla, ölkədə PKK tərəfdarı olan qüvvələrin sayca az da olsa mövcudluğu təsdiqlənib. Digər tərəfdən, Suriyanın sərhəd şəhəri Kobanidə PKK və "İslam dövləti” qruplaşmaları arasında gedən savaş ölkəmizə ayaq açıb. Çünki N.Nəsibov Suriyadan qayıtdıqdan sonra "Yekbun”u elan edib və Qaraçuxur məscidini də məhz xəvariclərin, İŞİD meylli dindarların olduğuna işarə edərək yandırmağa cəhd edib.
Bu, PKK-İŞİD toqquşmasının Azərbaycana transformasiya cəhdidir. Bəzilərinin fikrincə, məscid tamamilə yansaydı və orada ölən olsaydı, radikal qüvvələr arasında savaş qızışa bilərdi. Onu da demək yerinə düşər ki, Azərbaycan kürdlərinin tanınmış nümayəndələri, rəsmi qeydiyyatdan keçmiş icmaların rəhbərləri N.Nəsibova dəfələrlə xəbərdarlıq ediblər. Ona hərəkətlərinə son qoymağı və qeyri-leqal təşkilatdan imtinanı təklif ediblər, Azərbaycan kürdlərini leqal bir təşkilatda birləşməyə çağırıblar. Ancaq N.Nəsibov çağırışlara məhəl qoymayıb və buna görə də "Ronahi” Kürd Mədəniyyət Mərkəzinin sədr müavini vəzifəsindən qovulub. Ardınca Suriyaya gedib və geri dönən kimi "Yekbun”u təsis edib.
"Ronahi” mərkəzinin rəhbəri Fəxrəddin Paşayev baş verənlərlə bağlı "Yeni Müsavat”a açıqlamasında qeyd etdi ki, Azərbaycanda kürdlərə qarşı heç bir basqı yoxdur. Onun sözlərinə görə, N.Nəsibov mərkəzdən qovulub və məscidi yandırmağa qalxan qüvvələr Azərbaycanı, kürdləri istəməyənlərin işidir. F.Paşayev bildirdi ki, mərkəzdən xaric edilənlər arasında təkcə N.Nəsibov olmayıb və onunla birlikdə bir neçə nəfər kənarlaşdırılıb: "Mən kürdləri ”Ronahi" mərkəzi ətrafında sıx birləşməyə çağırıram. Bu cür hərəkətlər həm kürdlərə, həm Azərbaycana zərər gətirir. Namiq Nəsibovla bizim uzun müddətdir ki, əlaqələrimiz yoxdur və onu təşkilatdan çıxarmışıq. Çox təəssüf ki, belə bir hərəkət ediblər.
Azərbaycanda hər hansı PKK qüvvələri olduğunu düşünmürəm və təhlükə görmürəm. Əgər belə bir hal varsa, hüquq-mühafizə orqanları mütləq araşdıracaqlar. O cümlədən Namiq Nəsibovun da cinayəti istintaq zamanı araşdırılıb, obyektiv nəticəyə gəlinəcək. Onların bizim cəmiyyətlə heç bir əlaqəsi yoxdur". Qaraçuxur məscidini yandıranların ölkəmizdəki İraq səfirliyi qarşısında etiraz aksiyaları keçirmək planı olub. Onlar bu aksiyalarda qarışıqlıq salmağı nəzərdə tutublar. Bununla həm diqqəti İŞİD probleminə yönəltmək, həm də məsciddə xəvariclərin olduğuna işarə vermək istəyiblər.
Bildirək ki, N.Nəsibovun anası Nailə Nəsibova oğlunun içki düşkünü olduğunu açıqlayıb: "Onun vəkilinə də demişəm ki, bu adam xəstədir. Bakı şəhərinin bir neçə ərazisində Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasında çalışıb. Hər yerdən içki içdiyi üçün qovulub”. Xatırladaq ki, Milli Təhlükəsizlik Nazirliyi tərəfindən keçirilmiş antiterror tədbirləri nəticəsində Bakı şəhəri, Binəqədi rayonunun Biləcəri qəsəbəsində həmin cinayəti törətməkdə şübhəli bilinən Azərbaycan vətəndaşları - Nəsibov Namiq Kamil oğlu və Ələkbərov Elnur Tahir oğlu saxlanılıblar. Namiq Nəsibovun üzərindən "Makarov” tipli tapança və 8 ədəd 9 mm çaplı patron, Elnur Ələkbərovun isə üzərindən "Smit-Vesson” markalı revolver aşkar edilərək götürülüb.
Müəyyən edilib ki, Namiq Nəsibov 2014-cü ilin avqust-sentyabr aylarında PKK terror təşkilatının nəzarətində olan Suriya ərazilərinə gedərək oradakı döyüşlərdə iştirak edib.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.