O, həmin pulla özünə maşın alıb; Ancaq bacısının qanını satan qardaş özü başqa bir piyadanı vurduğu üçün 7 il müddətinə azadlıqdan məhrum olunub
Bakıda hər kəsi təəccübləndirən və təəssüfləndirən ibrətamiz olay baş verib.
Avtosfer.az-a məlumat verən şəxslər adlarının çəkilməsini istəməyiblər. Olay bir neçə il öncə Xətai rayonunda baş verib. «Toyota Prado» markalı avtomobil bir qızı vurub. Qız aldığı xəsarətlərdən hadisə yerindəcə keçinib. Sürücü məsuliyyətə cəlb olunub.
Sonradan sürücünün yaxınları zərərçəkənin ailəsinə minnətçi düşüb və yalvar-yaxardan, yağlı vədlərdən sonra onlar şikayətçi olmadıqlarını bildiriblər. Daha doğrusu, mərhumun valideynləri şikayətçi olublar, sürücünün ən sərt qaydada cəzalanmasını istəyiblər.
Amma qızın qardaşı Kamran (əsl adını etik səbəblərə görə yazmırıq-red.) bacısını vuran sürücünün yaxınları ilə razılığa gəlib. Onlar Kamrana Bakıda iki yerdə ev alıblar, xeyli pul da veriblər. Həmin pulla Kamran özünə avtomobil də alıb. Onun valideynləri Kamranı bu hərəkətlərinə görə tənbeh edərək «bacının qanından pul qazandın» deyib evdən qovublar. Bir müddət kef-damaq məclislərində əylənən Kamran bu hadisədən 1 il 6 ay sonra haram pulla aldığı avtomobillə piyadanı vurub öldürdüyü üçün həbs olunub. Məhkəmənin qərarı ilə Kamrana 8 il həbs cəzası verilib.
Onun tanıyanlar Avtosfer.az-a bildirirlər ki, Kamran artıq 3 il 6 aydır həbsdədir. O, cəzasının azaldılması üçün valideynlərindən kömək istəyib. Hətta, bacısının qanı bahasına aldığı evlərin satılması və ona köməklik edilməsi üçün valideynlərinə sifariş göndərib. Lakin valideynləri onun bu təklifini rədd edərək «get, cəzanı çək» deyiblər.
Bu hadisənin üstündən 3 ildən çox vaxt keçsə də, bunun ictimaiyyətə çatdırmağı qərara aldıq. Hadisədə ölən qızın, onun qardışının adı bizə bəldidir. Hətta, hadisələrin harada baş verdiyini də öyrənmişik. Sadəcə, etika xatirinə çox dərinə getmədik. Kimlərsə inciməsin, kimlərsə küsməsin. Bu bir reallıqdır və təəssüflər olsun ki, cəmiyyətdə geniş yayılmağa başlayıb. Amma unutmayın ki, Kamranın başına gələnlər bu yolla var-dövlət qazanan hər kəsin başına gələ bilər…