Xədicə İsmayılın evində axtarış aparıldı – FOTOLAR və VİDEO
6-12-2014, 21:57
Dekabrın 6-da araşdırmaçı jurnalist Xәdicә İsmayılın yaşadığı mənzildə prokurorluq vә mülki geyimli şəxslər axtarış aparıblar.
İlk olaraq onları blogger Mehman Hüseynov qarşılayıb və ev sahibnin yaxınları, o cümlədən vəkilləri gəlmədən axtarış aparılmamasını tələb edib.
Bir müddət sonra X.İsmayılın ailə üzvləri, vəkillər Xalid Bağırov və Elton Quliyev gəldikdən sonra Xədicə İsmayılın evində axtarışa başlandı.
Axtarışda X.İsmayılın anası Elmira İsmayılova, bacısı, bir neçə hal şahidi və prokurorluq işçiləri iştirak edirdilər.
Jurnalistəri və X.İsmayıla dəstək olmaq üçün gələn şəxsləri içəri buraxmırdılar. Bir neçə saatlıq gözləntidən sonra, axtarış tamamlandı.
Vəkil Elton Quliyev axtarışla bağlı geniş məlumat verməsə də, işin hüquq müstəvisində davam etdirəcəklərini söyləyib: «Bu istintaq prosesidir. Biz istintaqın hər hərəkətinə şərh verə bilmərik. Bu, düz olmaz. Biz qanun müstəvisində Xədicənin müdafiəsi üçün əlimizdən gələni edəcəyik».
Daha sonra X. İsmayılın anası Elmira İsmayılova musavat.com-a açıqlamasında bildirib ki, prokurorluq əməkdaşları evdən 50-ə yaxın CD disklər və vizitkalar götürüblər: «Axtarışa səbəb kimi, Tural Mustafayevlə Xədicənin arasında gedən danışıqları, yazışmaların tapılmasını göstərdilər. Amma evin hər yerini axtardılar. Onsuz da evdə heç nə yoxdur. Tapdıqları və apardıları ancaq disklər və vizitkalar oldu».
Jurnalistlərin Tural Mustafayevlə bağlı verdikləri suallara isə E.İsmayılova belə cavab verib: «Tural bizdə bir neçə dəfə olub. Bir masa arxasında oturub, çörək kəsmişik, yemək yemişik. Yəni, qonağımız olub. Amma bizdə yaşamayıb».
Maraqlı bir nüans isə bundan ibarətdir ki, hal şahidləri qismində iştirak edənlərin heç birini X.İsmayılın ailəsi tanımayıb. Amma evdə axtarış aparan prokurorluq əməkdaşları isə həmin şəxslərin qonşular olduğunu deyiblər.
Baş Prokurorluq Xədicə İsmayılovanın həbsi ilə bağlı məlumat yayıb.
Qurumun mətbuat xidmətindən musavat.com-a verilən məlumata görə, “Azadlıq Radiosu” və “Meydan TV” teleradio şirkətində müxbir vəzifəsində işləmiş Mustafayev Tural Bulud oğlunun 2014-cü il 20 oktyabr tarixdə Dənizkənarı Milli Parkda insan orqanizmi üçün zərərli olan “Sink oksid” dərmanı qəbul edərək özünü öldürməyə cəhd etməsi faktına görə Səbail Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.
T.Mustafayev Baş Prokurorluğuna müraciət edərək həmin KİV-lərdə işlədiyi müddətdə “Azadlıq Radiosu”nun Bakı ofisində jurnalist işləyən və onunla uzun müddət yaxın münasibətlərdə olmuş İsmayılova Xədicə Rövşən qızı tərəfindən ona qarşı təzyiq və təqiblər edilməsi, mütəmadi olaraq şərəf və ləyaqətinin alçaldıldığına görə özünü öldürmə həddinə çatdırılması ilə əlaqədar barəsində müvafiq tədbirlərin görülməsini xahiş edib.
İstintaqla müəyyən edilib ki, T.Mustafayev 2013-cü ilin fevralında “Azadlıq Radiosu”na bölgə müxbiri vəzifəsinə işə qəbul olunaraq həmin redaksiyada jurnalist işləyən X.İsmayılova ilə tanış olmaqla aralarında yaxın münasibətlər yaranıb və mütəmadi olaraq onun mənzilində yaşayıb. X.İsmayılova şəxsi əlaqələrindən istifadə edib ona himayədarlıq etməklə sonuncunun iş fəaliyyətində, məişət şəraitinin qurulmasında və maddi durumunun yaxşılaşmasında bilavasitə köməklik göstərməklə özündən asılı vəziyyətə salıb. Qısqanclıq zəminində münasibətləri pozulduğundan, X.İsmayılova redaksiyadakı şəxsi nüfuzundan istifadə edərək 2013-cü ilin noyabrında onun işdən azad edilməsinə nail olub. Bir müddət sonra münasibətləri yenidən normallaşaraq X.İsmayılova onu “Meydan TV” teleradio şirkətinə yüksək ödənişli əməkhaqqı ilə müxbir vəzifəsinə işə düzəltdirib. Lakin T.Mustafayevin başqa qadınla ailə həyatı qurmaq istəyini bildikdə, X.İsmayılovanın bilavasitə təhriki ilə o, 2014-cü ilin martında teleradio şirkətindəki işindən çıxarılıb.
İstintaqla həmçinin müəyyən edilib ki, T.Mustafayev X.İsmayılova tərəfindən təhdid və təzyiqlərə məruz qaldığından vəziyyətdən çıxış yolu kimi 2014-cü il 1 may tarixdə Bakı şəhərində kirayədə yaşadığı mənzildə mələfədən düzəltdiyi ilgəklə özünü asma yolu ilə öldürməyə cəhd edib, lakin özündən asılı olmayan səbəbə görə niyyəti baş tutmayıb.
Araşdırmalar zamanı X.İsmayılovanın T.Mustafayevlə münasibətlərinin pisləşməsi və onun başqa qadınla ailə həyatı qurmaq istəməsi ilə əlaqədar şəxsi əlaqələrindən istifadə edərək sosial şəbəkələrdə və yaxın tanışları arasında ləyaqətini mütəmadi olaraq alçaltmasında, jurnalist fəaliyyətini məhdudlaşdırmağa yönəlmiş hərəkətləri ilə onu işdən azad etdirməklə ondan asılı vəziyyətə düşməsinə nail olmasında, maddi vəziyyətinin pisləşməsində, eyni zamanda yaxın münasibətlərinin bərpa olunmayacağı təqdirdə, barəsində rüsvayedici məlumatlar yayacağı ilə hədələməsində, eləcə də T.Mustafayev ondan əl çəkməyəcəyi halda özünü öldürəcəyini bildirsə də, X.İsmayılovanın buna əhəmiyyət verməyərək ona qarşı qanunazidd hərəkətlərini davam etdirməsində əsaslı şübhələr olduğundan, cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilib.
Toplanmış sübutlar əsasında X.İsmayılovaya Cinayət Məcəlləsinin 125-ci maddəsində nəzərdə tutulan ittiham elan edilməklə barəsində Səbail Rayon Məhkəməsinin qərarı əsasında həbs qətimkan tədbiri seçilib.
Hazırda Bakı Şəhər Prokurorluğunun İstintaq İdarəsində iş üzrə istintaq tədbirləri davam etdirilir.
Qeyd edək ki, dekabrın 5-də Səbail Rayon Məhkəməsində hakim Elşad Şamayevin sədrliyi ilə keçirilən prosesdə araşdırmaçı jurnalist Xədicə İsmayılova barəsində 2 aylıq həbs- qətimkan tədbiri seçilib. Xədicə İsmayılovaya qarşı CM-nin 125-ci maddəsi (özünü öldürmə həddinə çatdırma) ilə ittiham irəli sürülüb.