Tanınmış şoumen, telekanallarda gerçəkləşən bir sıra uğurlu layihələrin müəllifi və aparıcısı, “Bakılı oğlanlar” klubunun məşhur üzvü və yenicə Əməkdar artist adına layiq görülmüş Murad Dadaşov Axar.az-ın qonağıdır.
“Maşın şou”dan daha maraqlı olacaq…
- Bu yaxınlarda Əməkdar artist adına təltif olundunuz. Hansı hissləri keçirdiniz bu xəbəri eşidəndə?
- Gözlənilməz xəbər oldu. Prezident tərəfindən bu ada layiq görülmək mənim üçün çox önəmli hadisədir. Cənab prezidentlə yaradıcı fəaliyyətimin lap ilk günlərindən ünsiyyətdəyəm. Bu müddət ərzində onu bizə, xalqına dəstək edən biri kimi tanımışam. İllər ərzində İlham Əliyev özü belə bilmədən bizim komandamıza çox şeyi öyrətdi. Öz vətəndaşlıq mövqeyi ilə heç bir zaman dəstəyini əsirgəmədi.
Hər zaman düşünürdüm ki, fəxri adlar yaşlı insanlara verilir. Bu ada layiq görüləndən sonra anladım ki, yaşla heç bir əlaqəsi yoxdu. İstedadı olan və hər zaman öz üzərində çalışan birinə dövlət tərəfindən verilən addır bu.
- Yeni layihə haqqında düşünürsünüz heç?
- Açığı, mən kadr arxası daha çox işlər görürəm. Ümid edirəm ki, 2015-ci ildə bir neçə televiziya layihəsi ərsəyə gətirəcəyik. Öncədən deyirəm, sonra alınmır və məndən soruşurlar ki, niyə alınmadı? Bir layihəni ola bilsin gec edirəm, amma ortaya çıxaranda uzun müddətli olur və böyük reytinq qazanır. Mən bir işlə məşğul ola bilmirəm, bir işin qulpundan yapışmaq məni tez yorur.
- Uğurlu layihələrinizdən olan “Maşın” realiti şousunun yeni sürətini davam etdirmək niyyətiniz varmı?
- Bu dəqiqə fikrimdə çox şey var, sadəcə istəmirəm ki, yaddaşlarda sırf “Maşın” realiti şousuyla qalım. Hazırda iki yeni realiti şou haqqında düşünürük, ideya özümüzə aiddir. İnanın ki, “Maşın”dan daha maraqlı bir şou olacaq. Biz olduqca mürəkkəb bir işlə məşğuluq və təkcə televiziyalarda yaxşı layihə eləmək fikrində deyilik. Bizim fikrimiz tamaşaçıları cəlb edib, efirə maraq oyatmaqdır. Çünki son illər demək olar ki, yerli kanallara baxış yoxdu.
Bayağı insanların efirə çıxması...
- Siz bunun səbəbini nədə görürsünüz?
- Bir səbəbi var - keyfiyyətsiz kanalların fəaliyyət göstərməsi və bayağı insanların efirə çıxması. AzTV uzun illər öz imicini qoruyub saxlamışdı, amma təəssüf ki, son vaxtlar bu kanal keyfiyyətsiz verilişlərdə hamını üstələyib. Düzdür, sevilən kanallarımız var ki, bu gün dillər əzbəridir... Bilirsiz, müasir televiziyanın qaydalarını az adam bilir. Telekanal rəhbəri bu gün savadlı tele-jurnalistlə işləməlidir. Bacarığı olmayan televiziyada özünü sınamaq istəyir. Televiziyalarımızın indiki durumunu futbolumuzla müqayisə edərdim. Tutaq ki, əla məşqçi var, amma əla oyunçu olmayandan sonra neyləyə bilərsən?
Mən tamaşaçını tanıyıram...
- Bu gün hamı sizi bir nömrəli şoumen kimi tanıyır..
- İstəmərəm mənə “bir nömrəli şoumen” desinlər, “bir nömrəli televiziya prodüseri” olmaq daha xoşdur. İşimdən çox böyük bir zövq alıram. Düşünürəm ki, hər bir işin keyfiyyəti savadla adekvatdır. Mənim savadım ürəyim istədiyi qədər deyil. Düşünürəm ki, Azərbaycan tamaşaçısı Murad Dadaşovdan da qat-qat üstün aparıcıya layiqdir. Layihələrimin uğurlu olmasının bir səbəbi var, mən tamaşaçını tanıyıram və nə istədiyini bilirəm. Heç bir zaman “mən birinciyəm” deməmişəm, hər zaman elə ikinci olum ki, daima həvəsdə olum.
- İllər öncə ulu öndər Heydər Əliyevi parodiya etdiniz və maraqlı alındı. Üz-üzə görüşəndə sizə hər hansısa bir irad tutdumu?
- Mənim vətənə böyük sevgim var və bilirəm ki, bizim vətəni dirildib yaşadan Heydər Əliyev oldu. O, doğurdan da çox gözəl insan və eyni zamanda gözəl siyasətçi idi. O öz gəlişi ilə dövləti, milləti, cəmiyyəti bərpa etdi. Mən gördüklərimi deyirəm. Heydər Əliyev hər kəs üçün nümunədir. Mənim onu parodiya etməyim ona olan böyük hörmətdən irəli gəlir. Əgər onun xətrinə dəymiş olsaydım, bu günü mən burda olmazdım (gülür).
- Sizcə, Azərbaycan Avropa mədəniyyətini tam olaraq mənimsəyə bilibmi?
- Azərbaycan Avropa mədəniyyətini mənimsəməyi hədəfləməyib. Azərbaycanın öz dərin, geniş və irsi mədəniyyəti var. İnsanlarımızın əksəriyyəti nə tariximizi, nə də mədəniyyətimizi sona qədər bilir. Nizami Gəncəvi ilə Azərbaycan ədəbiyyatı bitmir. Bizim daha böyük şairlərimiz, yazıçılarımız və çox böyük mədəniyyətimiz var. Tutaq ki, kinoda bir qədər geriləməyimiz o demək deyil ki, mədəniyyətdə axsayırıq. Əksinə, bu gün Avropa özü mədəniyyət boşluğu yaşayır.
Toylara getmirəm...
- Bu yaxınlarda Xoşqədəm xanımla Doğuş bəyin toyu oldu. Deyilənə görə, bu toyu idarə edən siz olmuşunuz? Murad Dadaşov toylara gedir?
- Dostum Xoşqədəmin toyu oldu, amma mən orda aparıcı deyildim, təşkilatçı idim. Aparıcı əməkdar artist Cavanşir Məmmədov idi. Heç bir zaman toylara getmirəm, amma ola bilər ki, dost və qohum toylarında öz ürək sözlərimi deyəm. Amma ödənişli olaraq toy aparmaq mənlik deyil. O işində öz peşəkarları var.
- Murad Dadaşov professional aparıcı olaraq indiki gənc aparıcılardan kimi bəyənir?
- Bilirsiniz, bir istiqamət yoxdur. Şou, maqazin verlişləri və s aparıcısıları fərqlidir. Əgər uç-dörd verlişdən sonra efirdə qalırsa, demək ki, həmin şəxsə tamaşaçı tərəfindəm tələbat var. Tələbat olduğu halda mənim fikrim önəm kəsb etmir.
- Aparıcı kimi fəaliyyət göstərmək üçün insanda hansı xüsusiyyətlər olmalıdır?
- Necə olursan ol, kim olursan ol, ilk növbədə deyiləsi sözün olmalıdır. Mən o zaman sizin üçün maraqlı ola bilərəm ki, nəsə yenilik edəm. İnsan daim yeniliyə can atmalıdır, öyrənməli və öyrətməlidir...