"Əli ayağı"nda fırıldaqçı qaydalarla qaz vurub qazan doldururlar
Azərbaycanda müqəddəs ziyarətgahlar çoxdur və bu yerlərə ziyarətə gedənlərin sayı-hesabı da yoxdur. Heç bu ziyarətgahlara gedənlərin sayını, statistikasını aparan, açıqlayan məlumatlara da rast gəlməmişik. Əslində müqəddəs yerləri ziyarət edənlərin statistikasının bəlkə də sosial əhəmiyyəti olmazdı. Ancaq bu, sosial yönümündən başqa, həm də iqtisadi amillərlə bağlıdır.
Mətləbdən uzaqlaşmayaq. Bakı ətrafında yerələşən ziyarətgahlar əhalinin böyük əksəriyyətinin üz tutduğu məkanlardır. Bir çox insanlar həmin yerlərə həm də niyyət tutub nəzir aparır, qurbanlıq heyvanlar kəsir. Bəzən elə kəsdikləri qurbanlıqları da həmin ziyarətgahlarda saxlanmasına və ya orada toplaşan aztəminatlı, kasıb şəxslərə paylamağa üstünlük verənlər də var. Bununla kəsdikləri qurbanlığın savabının daha da artacağını düşünürlər.
Qurban kəsənlərin savab qazanmaq niyyəti bəllidir. Bu məsələdə qurbanlıqdan xeyir götürmək, «qazan doldurmaq» istəyənlərin olması isə heç cür başa düşülən deyil. O da sirr deyil ki, bir çox ziyarətgahların öz ərazisində və ya yaxınlığında qurbanlıq heyvan satışı da təşkil olunur. Bu, insanların əziyyət çəkməməsi, şəhərin müxtəlif yerlərindən diri heyvanı alıb özləri ilə gətirməmələri üçün çox rahatdır. Ancaq əhalinin tam rahatlığı onda olardı ki, həmin ziyarətgahlarda satılan heyvanların qiyməti bazar qiymətinə münasib olsun…
Buzovnada yerləşən el arasında «Əli ayağı» adlandırılan və əhalinin böyük kəsiminin ziyarət etdiyi məkanda da diri qurbanlıq heyvanlar satılır. Magistral yoldan nisbətən kənarda, həm də ətrafda diri heyvanların satış yerlərinin olmamasına görə, burada qoyun satşının təşkili müsbət təşəbbüsdür. Gəl ki, satılan heyvanın qiymətindən böyük qazanclar əldə etmək niyyətləri olmayaydı…
Bir neçə paytaxt sakini «Əli ayağı» ziyarətgahında diri qoyunların dəyərindən baha satılmasından gileylənir. «Əlbəttə, ziyarətə gedən, qurban boyun olan şəxslər heyvanın qiymətini çox da çək-çevirə salmırlar. Adi bazarlıqdan fərqli olaraq, mümkün qədər «qiymət öldürməyə» meyl etmirlər. Adətən, digər ziyarətgahlara yaxın yerlərdə, (məsələn, Şüvəlanda «Mirmöhsün Ağa» ziyarətgahı yaxınlığında) bazardakı qiymətdən uzağı 5-15 manat bahasına heyvanlar təklif olunur. Sən də fikirləşirsən ki, şəhərdə heyvan bazarından qoyunu alıb, maşının yük yerində bura gətirməkdənsə, yaxından azca baha qiymətə almaq daha rahatdır. Lakin Buzovna ziyarətgahında vəziyyət fərqlidir. Əvvəla, heyvanın çəkisində aldanırsan. Necə? Məsələn, sən 10 və ya 15 nəfərə paylanmaq üçün qurbanlıq heyvan kəsdirmək istəyirsənsə, paylara uyğun çəkidə də heyvan seçməlisən. Ancaq burada təklif olunan heyvanın kəsilib-təmizləndikdən sonra qalan təmiz əti deyiləndən çox az olur. Əsas da odur ki, satılan heyvanın qiyməti dəyərindən kifayət qədər yüksəkdir. Çox adamlar bura gəlir. Ziyarətgah ərazisidir deyə, bazarlaşmağa ürək eləmir. Heyvan satan, biri-birini «məşədi», «kərbəlayi» çağıran şəxslərin də «qurbanlıq heyvanı çəkməzlər», «qurbanlıqla bazarlıq etməzlər» kimi təkidli məsləhətləri ilə deyilən qiymətlə razılaşırsan. Əsas məsələ həmin o «qurbanlıqla bazarlaşmazlar» tövsiyəsidi. Heyvan almaq, müxtəlif niyyətlərlə nəzir kimi kəsilən əti paylamaq istəyən şəxs «qurbanlıq alıram» deyə, özünü «tox tutmağa» çalışır. Bu vəziyyətdən isə işbazlar istifadə edirlər. Heyvan kəsiləndən sonra, nəzərdə tutulduğundan çox kiçik olduğu, dəyərindən isə çox baha çıxdığı bəlli olur. Etiraz edən olsa da, satıcı bu dəfə «bizlik deyil, qiymətlər belə qoyulub. Hacı belə qayda qoyub» - deyə, heyvanın sahibinin ünvanını göstərir. Bayaqdan, «öz heyvanımızdır, halallıq üçün üstünə pul qoymuruq deyən» satıcı, etiraz edənə – «vallah, bizlik deyil, hacı belə qiymət qoyub». Əsas da bəhanə odu ki, heyvandı da, biri az ət verir, biri çox ət verir – deyirlər.»
Bax belə… İnsanların inancına sığınıb üz tutduqları yerdə aldanması heç də yaxşı hal deyil. Bəlkə də «qurbanlığı çəkməzlər, pulunu saymazlar» deyib, biz də üstündən keçə bilərdik. Necə ki, çoxları bunu edir. Ancaq niyə? Axı halallıq təkcə alıcı üçün deyil, satıcı da bunu gözləməlidir. Ələlxüsus, satıcı, yəni pul qazanan şəxs həmin pulun halal olmasını düşünməlidir. İnsanların inanıb gəldiyi yerdə aldadılması isə heç qəbuledilən deyil. Doğrudur, heç kəs belə vəziyyətdə qarşıdurmaya getsin, «hacını çağırın gəlsin» deyib, haqq-hesab çəkmək istəmir. Bəs vicdan?
Kimin halallıq alması, kimin başqasının haqqına girməsini isə Uca Yaradan bilir. Allah hər kəsi artıq tamahdan saxlasın!
Yazının əvvəlində statstikanın aparılması, iqtisadi amilləri yada salmağımız təsadüfi deyildi. Hər heyvanı dəyərindən 50-60 manat, bəzən daha baha satan işbazların həmin məbləğləri müqəddəs məqsədlərə xərclədiyini düşünmək çətindir. Gün ərizində azı 10-15 heyvanın hər birindən artıq bu qədər pul götürülürsə, aylıq, illik dövriyyə kifayət qədər ciddi rəqəmə çevrilir. Burada aşkar surətdə kimlərinsə pul qazanmaq hərisliyi görünür. Bəs bu yerlərin fəaliyyətinə nəzarət edən qurumlar, aidiyyəti şəxslər buna nə deyir? Qafqaz Müsəlmanları İdarəsi, yəqin ki, burada dini ayinlərin icrasına rəhbərlik edən şəxslərin, dindarların fəaliyyətində belə neqativ amilləri heç bəyənməz…İllah da ki, qurbanlıq qoyunlardan xeyir götürmək çoxsaylı insanların bəyənmədiyi haldırsa…
Digər maraq doğuran sual isə ziyarətgahlarda və yaxın ərazilərdə "qurbanlıq qoyunlar"ın satışını təşkil edən(lər)in kimliyi məsələsidir. Bunu biznesə çevirən hər kimdirsə, iş adamı (yaxud işbaz da demək olar-red.) kimi fərasətlidir. Satıcıların müxtəlif yerlərdə olsa da qiymətlə bağlı sual - narazılıq olanda, "biz xırda adamıq, kimik ki, qiyməti hacı qoyur" deməsindən belə çıxır ki, bu işə rəhbərlik edən(lər) var. Onun adı Hacıdır, yoxsa Məkkəyə ziyarətə gedib-gəldiyinə görə "Hacı" deyirlər, bu da bir sualdır. Satıcıların müraciət formasından adama hörmət əlaməti olaraq "Hacı" deyildiyi anlaşılır. Müxtəlif yerlərdəki biznesin rəhbəri eyni "Hacı"dır, yoxsa fərqli adamlardır - bu da araşdırılmalı mövzudur...