Seymur Həzi məhkəməyə izlənildiyi haqda şok sənəd təqdim etdi

14-01-2015, 09:55   
Seymur Həzi məhkəməyə izlənildiyi haqda şok sənəd təqdim etdiCinayət işinin materiallarında şahid ifadələri saxtalaşdırılıb; müstəntiq məhkəmədə dindiriləcək

Şahid: «Bundan sonra qollarımı kəsərəm, amma bir də elə şey eləmərəm...»

“Azadlıq” qəzetinin siyasət şöbəsinin müdiri, eyni zamanda, peyklə yayımlanan “Azərbaycan saatı” televiziya proqramının aparıcısı Seymur Həzinin siyasi sifarişlə əvvəlcədən hazırlanmış təxribat planı əsasında həbs olunduğu onun işi üzrə hər məhkəmə iclasında bir daha sübut olunur. Bu baxımdan Abşeron Rayon Məhkəməsində hakim Növkət Nəcəfovanın sədrliyilə keçiriləcək dünənki iclas da maraqlı məqamlarla yadda qaldı.

Vəkil Adil Ismayılov ötən məhkəmə iclasında vəsatət qaldırmışdı ki, hadisə yerinə baxış keçirilməsi və Seymur Həzinin Məhərrəm Həsənovun başına vurduğu iddia olunan butılkanın qırıqlarının götürülməsinə dair protokola hal şahidi kimi imza atmış şəxslər dindirilsin. Dünənki iclasda həmin adamlar dindirildi və bununla da cinayət işinin materiallarındakı saxtakarlıq bir daha ifşa olundu.

Məsələn, Ceyranbatan qəsəbəsində taksi sürücüsü kimi fəaliyyət göstərən Sərraf Rüstəmov ifadəsində bildirdi ki, sahə müvəkkili Əmircan Salmanov onu çağıraraq, bir sənədi imzalamağı xahiş edib: “Mən qəsəbənin girişində durmuşdum, Əmircan müəllim məni çağırdı, həmin vaxt yanında da iki-üç nəfər başqa polis var idi. Dedi ki, müstəntiqin bura gəlib hadisə yerinə baxış keçirməsi barədə protokoldur, onu imzala. Mən də sənədin yuxarısında yazılanı oxudum, ”hadisə yerinə baxış protokolu" idi. Amma mən baxış keçirilməsini, oradan nəsə götürülməsini görməmişəm".


Protokoldan belə aydın oldu ki, baxışda digər təqsirləndirilən Məhərrəm Həsənov da iştirak edib. Lakin şahid Məhərrəmi heç vaxt görmədiyini bildirdi. Elə Məhərrəm Həsənov da şahidin dediyini təsdiqlədi.

“Mən bu adamı tanımıram. Mənə nə hadisə, nə də ondan sonra baş verənlər barədə heç kim heç nə deməyib, özüm də heç nə görməmişəm. Mənə dedilər ki, müstəntiqin bura gəldiyini təsdiqlə, mən də imza atdım. Bundan sonra qollarımı kəsərəm, bir də elə şey eləmərəm”, - deyə Sərraf Rüstəmov bildirdi.

Digər şahid Sabir Abuşov da oxşar məzmunlu ifadə verdi. O da dedi ki, sahə müvəkkili çağıraraq, müstəntiqlərin Ceyranbatana gəlib-getməsi barədə protokolu imzalamağı xahiş edib: “Mən də həmin vaxt Əmircan müəllimin yanında polis formasında adamları gördüm, müstəntiqin adı Fuad müəllim idi. Mən onların baxış keçirməsini-filan görməmişəm. Elə Əmircan müəllimə də dedim ki, axı heç nə görməmişəm. Dedi ki, sən bunların bura gəlməsi barədə sənədi imzala, vəssalam. Imzaladığım sənəddə də qısa bir şey yazmışdılar”.

Şahid həmin protokolu görəndən sonra bildirdi ki, sənədi imzalayarkən orada bu qədər uzun yazı yox idi: “Mən imzalayanda orada cəmi iki sətir söz var idi. Mən heç bilmirəm mənə imzalatdırdıqları sənədə sonradan nələr yazıblar. Haqsızlıqdır axı, adamın başının üstündə Allah var...”

Daha sonra sahə müvəkkili Əmircan Salmanov dindirdi. O bildirdi ki, Abşeron rayon Polis Şöbəsinin Bilal, Fuad və Eldəniz adlı əməkdaşları Məhərrəm Həsənovla birlikdə qəsəbəyə gəlib, hadisə yerinə baxış keçiriblər, bu prosesdə hal şahidləri də iştirak edib: “Şahid kimi çox adamı dəvət elədik. Bilirsiniz ki, adamlar polisdən, şahidlik eləməkdən qaçırlar. Axırda iki nəfər hal şahidinin iştirakı ilə baxış keçirildi, şüşə qırıntıları götürüldü. Protokolu da Fuad yazırdı”.

Sahə müvəkkilindən əvvəl dindirilmiş, amma məhkəmə zalında olan şahid Sabir Abuşov vəkil Adil Ismayılovun sualına cavab olaraq elə Əmircan Salmanovun yanında bir daha bildirdi ki, o, nə baxış keçirilməsində iştirak edib, nə də şüşə qırıntıları götürülməsini görüb.

Dünənki iclasda məlum oldu ki, ittiham tərəfinin 8 şahidindən 7-si artıq dindirilib. Bir nəfər - Müşfiq Quliyev qalıb ki, onun məhkəməyə gətirilməsini təmin etmək mümkün olmayıb. Hakim bu şahidin dindirilməsinin nə dərəcədə zəruri olması haqda tərəflərin fikirlərini soruşdu.

Dövlət ittihamçısı dedi ki, bu şahid dindirilməsə də olar, onun istintaqa ifadəsinin elan edilməsilə keçinmək mümkündür.

Seymur Həzinin vəkili Elton Quliyev bildirdi ki, şahid özü öldüyü, başqa ölkəyə getdiyi, məhkəməyə gətirilməsi mümkün olmadığı halda, qanun onun ifadəsinin elan olunmasına imkan verir. Əgər adam sağ-salamatdırsa, ya gəlib ifadə verməlidir, ya da ittiham tərəfi şahid kimi ondan imtina etməlidir.

Dövlət ittihamçısı bildirdi ki, imtina etmək niyyətində deyil.

Seymur Həzi də bu məsələyə münasibətini bildirdi: “Burada dindirilən şahidlərin ifadələrindən də bəlli oldu ki, bu iş tamamilə saxtalaşdırılıb. Açıq-aşkar qurama işdir. Bu baxımdan, o şahidin dindirilib-dindirilməməsinin mənim üçün heç bir əhəmiyyəti yoxdur”.

Daha sonra Seymur Həzi hökumətin onun izlənilməsi haqda çox yüksək səviyyədə göstəriş verdiyini sübut edən sənədi məhkəməyə təqdim etdi: “Məlumdur ki, həbsimə qədər də hökumət mənim ətrafımda bir neçə əməliyyat həyata keçirib. Bunu sübut edən sənədlər də əlimdədir. 2010-cu ilin mayında barəmdə inzibati həbs qərarı çıxarılıb. Təcridxanada saxlanılarkən fiziki işgəncələrə məruz qaldım. Həmin iş hazırda Avropa Məhkəməsindədir. Bundan sonra 2011-ci il martın 26-da maskalılar tərəfindən oğurlanıb işgəncələrə məruz qaldım. O iş üzrə də Avropa Məhkəməsinə şikayət göndərilib. 2012-ci ildə Türkiyəyə gedib, 2013-cü ildə Azərbaycana qayıtmışam. Indi məhkəməyə təqdim etdiyim Dövlət Sərhəd Xidməti və Dövlət Gömrük Komitəsinin başqa ölkədə olarkən mənim izlənilməyimə dair birgə göstərişini sübut edən sənəddir. Buradakı məlumatlar da sübut edir ki, əsl sənəddir və hava limanının sistemindən çıxarılıb. Dövlət Gömrük Komitəsinin əməkdaşı Vaqif Həsənov da onu imzalayıb. Bəllidir ki, vətəndaşı izləmək üçün məhkəmənin qərarı olmalıdır. Belə bir qərar olmayıb. Mən bilirəm ki, mənim təqdim etdiyim sənəddən sonra siz heç bir araşdırma aparmayacaqsız, heç bir vəzifəli şəxsi çağırıb dindirməyəcəksiz. Sadəcə, ictimaiyyətə çatdırmaq istəyirdim ki, mənimlə bağlı baş verənlər hökumətdə ən yüksək səviyyədə qurulmuş əməliyyatlardır. Bu sənədi təqdim etməklə məhkəmədən ədalət tələbim və ya axtarışım yoxdur.

Hakim:

- Siz bu sənədi hardan əldə etmisiniz?

- Bu artıq mənim jurnalist fəaliyyətimə bağlı məsələdir.

Daha sonra Seymur Həzinin vəkili Adil Ismayılov cinayət işinin istintaqı aparan müstəntiqin, eləcə də bir qədər əvvəlki ifadələrdə adı çəkilən Fuad adlı şəxsin məhkəmədə dindirilməsi haqda vəsatət qaldırdı: “Əvvəla, məlumdur ki, bütün bu iş Məhərrəm Həsənovun bir cümləsi üzərində qurulub. O, iddia edir ki, ”facebook"da Seymura mesaj yazıb, o da cavab verməyib, bunun üstündə mübahisələri yaranıb və dava düşüb. Amma heç “facebook” məsələsi aydınlaşmadı. Bu məsələ də aydınlaşmayandan sonra bu məhkəmənin heç bir əhəmiyyəti yoxdur. Yəni, Məhərrəm Həsənovun Seymur Həziyevə nə isə yazdığı sübuta yetirilmədi. O adam həqiqətən sözünün üstündə durursa, belə bir mesaj varsa, o zaman qoysun ortaya. Yox, əgər belə bir yazışma ümumiyyətlə, olmayıbsa, bunu da açıq desin. Ikincisi, hal şahidləri burada dedilər ki, protokollar saxtadır, onlar heç bir baxışın, şüşə götürülməsinin şahidi olmayıblar. Sadə müvəkkili də dedi ki, protokolu Fuad yazırdı. Kimdir bu Fuad? Katibdi, yoxsa yazardı? Protokolda onun adı yoxdur. Adı yoxdursa, istintaq sənədini necə yazıb?

Məhkəmədən isə xahişim budur ki, Seymur Həziyevlə Məhərrəm Həsənov arasında yazışma olub-olmadığı araşdırılsın. Fuad müəllim kimdirsə, məhkəmə onu dindirsin. Eyni zamanda, Seymur Həziyevin təqdim etdiyi sənədlə bağlı araşdırma aparılsın. Çünki bu sənəd Seymurun ətrafında qurulmuş əməliyyatların tərkib hissəsidir".

Məhkəmə bu işin ibtidai istintaqını aparmış müstəntiq Bilal Nəbiyevin, həmçinin Abşeron Rayon Polis Şöbəsinin digər əməkdaşı Fuad Nəsibovun dindirilməsinə dair qərar qəbul etdi.

Məhkəmə prosesi yanvarın 22-də davam edəcək.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar