Azərbaycan super qatarlar alır – Tıxacdan çıxış yolu

14-01-2015, 15:06   
Azərbaycan super qatarlar alır – Tıxacdan çıxış yolu
Son illər paytaxta yeni avtobusların gətirilməsinə, müxtəlif yol ötürücülərinin tikilməsinə baxmayaraq, ictimai nəqliyyatla bağlı problemlər, hələ də, həll olunmadan qalır. Hələ də insanlar şəhərin bir nöqtəsindən başqa bir nöqtəsinə getmək üçün ən azı iki avtobus dəyişməli olurlar.


İctimai nəqliyyat problemlərindən ən çox əziyyət çəkən insanlar isə şəhər daxilində deyil, ətraf qəsəbələrdə və Sumqayıt şəhərində yaşayan insanlardır. Hər gün 10 minlərlə insan işləmək üçün Bakının ətraf qəsəbələrindən və Sumqayıt şəhərindən şəhər mərkəzinə gəlir. Həmin insanlar hər gün müxtəlif çətinliklərlə üzləşirlər.

Abşeron yarımadası ərazisində işləyən elektrik qatarları tıxaclardan kənar olsalar da, vaqonların hazırkı durumu ucbatından müştərilər az olur. Sakinlər yalnız qarlı-şaxtalı havalarda yollarda qalmamaq üçün elektrik qatarlarının xidmətlərindən yararlanırlar. Soyuq havalarda anşlaq yaşayan elektrik qatarlarının müştəriləri adi günlərdə elə də çox olmur. Səbəb də qatarların içinin soyuq və narahat olmasıdır. Ancaq bu çətinliklər uzun sürməyəcək.

Tıxaclardan yorulan və elektrik qatarlarında daha da rahat şəkildə mənzil başına çatmaq istəyən vətəndaşlar üçün şad xəbərimiz var. Tezliklə Abşeron yarımadasının dəmir yollarında yeni və müasir elektrik qatarları hərəkət edəcək. Həmin qatarlar indiki sələflərini həm rahatlığına, həm sürətinə, həm də ki qrafikinə görə çox geridə qoyacaq.

“Qafqazinfo” xəbər verir ki, bütün bunları Milli.Az-a açıqlamasında "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat katibi Nadir Əzməmmədov bildirib. Qurum rəsmisinin sözlərinə görə, müasir qatarların alınması üçün hazırda danışıqlar aparılır. "Azərbaycan Dəmir Yolları" QSC müxtəlif banklarla danışıqlarını davam etdirir. Danışıqlar yekunlaşdıqdan sonra yeni qatarlar alınacaq.

Qatarlar, ilk növbədə, Bakı və Sumqayıt arasında işləyəcək. Hazırda gün ərzində iki dəfə Bakıya və Sumqayıta hərəkət edən qatarlara sakinlər "Koroğlu" metrosunun yaxınlığındakı "Böyük Şor" stansiyasından minə bilirlər. Qatar səhərlər Bakıdan saat 04:40-da çıxır. Sumqayıtdan paytaxta qayıdan qatar isə saat 06:10-da yola düşür. Axşamlar isə saat 18:40-da qatar "Böyük Şor" stansiyasından Sumqayıt istiqamətinə hərəkət edir. Həmin qatar axşam saat 20:10-da paytaxta doğru yola düşür.

Yeni qatarlarların marşrut xətti Bakı dəmiryolu vağzalına qədər ("28 May" metrosu yaxınlığı) uzadılacaq. Bundan başqa qrafikdə də dəyişiklik ediləcək. Yeni elektrik qatarları indiki kimi gündə iki dəfə deyil, ən azı 6 dəfə Bakı və Sumqayıt arasında hərəkət edəcək.

N.Əzməmmədov bildirib ki, hazırda Abşeron yarımadası daxilində və regionlara elektrik qatarları işləyir. Həmin qatarların marşrutları aşağıdakı kimidir:

"Böyükşor" - Zabrat - Sumqayıt

"Böyükşor" - Suraxanı - Qala

Keşlə - Hacıqabul - Şirvan - İmişli

Keşlə - Yalama
qafqazinfo.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar