Şagirdini döyən müəllimə ilə bağlı musavat.com-un yazısına rəsmi reaksiya... - YENİLƏNİB, FOTOLAR

14-01-2015, 21:08   
Şagirdini döyən müəllimə ilə bağlı musavat.com-un yazısına rəsmi reaksiya... - YENİLƏNİB, FOTOLAR

Sumqayıt şəhər Təhsil Şöbəsi 37 saylı orta məktəbin VI sinif şagirdi Pünhan Tanrıverdiyevin müəlliməsi Gülşarə Quliyeva və sinif yoldaşı Emin Məstanov tərəfindən döyülməsi ilə bağlı məsələyə münasibət bildirib.

Təhsil Şöbəsindən APA-nın sorğusuna verilən cavabda qeyd olunub ki, şagird P. Tanrıverdiyevin döyülməsi faktı ilə bağlı məktəbdə araşdırma aparılıb.

Araşdırmada P. Tanrıverdiyevin valideyni Sitarə Tanriverdiyeva, məktəbin direktoru Elşad Eyvazov, 6b-nin sinif rəhbəri G. Quliyeva, məktəbin tərbiyə işləri üzrə direktor müavini Baba Babayev və məktəbin psixoloqu Zeynəb Akimova iştirak ediblər. Araşdırma zamanı şagird sinif rəhbərinin onu döymədiyini etiraf edib. Valideyn də söhbət zamanı qeyd edib ki, internet saytına məlumat verərkən övladının sinif rəhbəri tərəfindən döyüldüyünü deyil, sinif yoldaşı Eminlə dalaşdığı və Eminin Pünhanı vurduğunu deyib. Valideyn izahat yazmaqdan imtina edib.

Həmçinin məlum olub ki, E. Məstanovla P. Tanrıverdiyev eyni ərazidə yaşayırlar, bir neçə gün əvvəl uşaqlar həyətdə futbol oynayarkən aralarında mübahisə yaranıb. Yanvarın 9-da tənəffüs zamanı həmin şagirdlər arasında məktəbdə yenidən mübahisə düşüb və onlar bir-birini itələyiblər. Bu zaman P. Tanriverdiyevin başı sinif otağının divarına dəyib. Həmin vaxt otaqda heç bir müəllim olmayıb. P. Tanrıverdiyev sinif rəhbərinə bu barədə heç bir məlumat verməyib, növbəti günlərdə isə dərslərdə iştirak edib. Sinif rəhbəri G. Quliyeva isə bu barədə yanvarın 14-də məktəbdə araşdırma aparılan zaman xəbər tutub.

Bütün bunlara baxmayaraq, şagirdlər arasında şəxsi münasibətlərin tənzimlənməsi işini zəif təşkil etdiyinə, əlverişli təlim-tərbiyə mühiti yaratmadığına görə G. Quliyeva və məktəbin tərbiyə işləri üzrə direktor müavini B. Babayevə məktəbdaxili töhmət elan edilib, məktəbin psixoloqu Z. Akimovaya isə xəbərdarlıq olunub.

Qeyd edək ki, bu gün bəzi KİV-lərdə Sumqayıtda yerləşən 37 saylı orta məktəbin VI sinif şagirdi P. Tanrıverdiyevin müəlliməsi və sinif yoldaşı tərəfindən döyülməsi ilə bağlı məlumat yayılıb. Məlumatda qeyd olunub ki, başından çoxsaylı zərbələr alan məktəblinin səhhəti ağırdır.




* * * *

17:25

Sumqayıtda yerləşən 37 saylı orta məktəbin 6 sinif şagirdi Pünhan Tanrıverdiyev müəlliməsi Gülşarə Quliyeva və sinif yoldaşı Emin tərəfindən döyülüb. Başından çoxsaylı zərbələr alan azyaşlı məktəblinin səhhəti hazırda ağırdır.

Döyülən azyaşlı məktəblinin anası Sitarə Zəngəzurlu baş vermiş hadisəni təfsilatı ilə musavat.com-a danışıb: “Oğlumun sinif rəhbəri Gülşarə Quliyeva şagirdlərdən rüşvət yığır. İndiyə qədər mən bir qəpik də rüşvət verməmişəm. Nəticədə müəllim adına layiq olmayan bir insan oğluma fiziki və mənəvi təzyiqlər edib. Bu işdə ona oğlumun sinif yoldaşı Emin də kömək edib. Oğlum Emin tərəfindən döyüləndən sonra sinif rəhbəri Gülşarəyə şikayət edib. Lakin o, Eminin tərəfini tutub. Hətta oğlumu hədələyib ki, bu barədə heç kəsə deməsin. Oğlum əvvəlcə dandı. Sonra mənə baş verənləri danışdı. Yalvardı ki, qorxuram. Gülşarə ev telefonuna zəng edərək, bizi hədələdi. Oğlum döyülməkdən əlavə, sarsıntı da keçirib. Bu işə Təhsil Nazirliyi baxmasa, yuxarı instansiyalara müraciət edəcəm. Müəlliməsi mənə açıqca deyir ki, oğluna bu da azdır. Uşaqların içərisində dəfələrlə övladımı “sındırıb”. Məgər kasıb olmaq eyibdir? İşim araşdırılmasa, ölkəni tərk edəcəm. Emin və Gülşarə müəllimə həbsə məhkum edilməlidirlər. Övladım təhsilsiz qalıb. Qorxusundan məktəbə getmir. Əgər biz azad və demokratik ölkədə yaşayırıqsa, hüquqlarımızı tələb etməliyik. Oğlum bu hala düşübsə, demək, səbəbi var. Qanunlarımız heç yerdə işləmir. Sadəcə, Gülşarə Quliyeva kimi insanlar qanunlarımız pozur. Məktəb direktoru Eyvaz müəllimdən heç bir şikayətim yoxdur. O insana hörmətim var”.

Sonda onu da qeyd edək ki, baş verənlərlə bağlı aidiyyatı orqanların münasibətini öyrənməyə çalışsaq da, bu, mümkün olmadı.

Təhsil Nazirliyindən əvvəlcə münasibət bildiriləcini söyləsələr də, günün sonuna qədər gözləməyimizə baxmayaraq, sorgumuza heç bir cavab verilmədi.

Cavanşir ABBASLI
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar