Azərbaycandan olan 6 nəfər “Forbes” jurnalının versiyasına görə Rusiyanın 200 ən zəngin şəxsinin siyahısına daxil olub.
anaxeber.info sözügedən nəşrə istinadən xəbər verir ki, onların sırasında “Lukoyl” neft şirkətinin prezidenti Vahid Ələkbərov, “Qostinitsa Ukraina” ASC-nin Direktorlar Şurasının sədri Zarah İliyev, “Kiyevskaya ploşad” ASC-nin Direktorlar Şurasının sədri Qod Nisanov, “Krokus” qrupunun prezidenti Araz Ağalarov, AST qrupunun sahibi Telman İsmayılov və şəxsi investor İlham Rəhimovun adı var. 63 yaşlı Vahid Ələkbərov reytinq cədvəlində 7-ci yerdə qərarlaşıb. Onun əmlakı 13,6 mlrd. dollar dəyərindədir. Qubanın Qırmızı qəsəbəsindən olan Zarah İliyevin (47 yaş) əmlakı 3,6 mlrd. dollardır və o siyahıda 30-cudur. 31-ci yerdə həmçinin Qırmızı qəsəbədən olan 41 yaşlı Qod Nisanov mövqe tutub. Onun əmlakı 3,6 mlrd. dollar dəyərindədir. Reytinqin 56-cı mövqeyində duran Araz Ağalarovun mülkiyyəti 1,8 mlrd. dollar qiymətləndirilib. 57 yaşlı Telman İsmayılov jurnalın versiyasına görə, 0,75 mlrd. dollara sahibdir və 137-ci mövqedə qərarlaşıb. Əmlakı 0,5 mlrd. dollar dəyərində olan İlham Rəhimov 187-ci yerdə qərarlaşıb.