Bazar günü keçiriləcək XİN rəhbərləri səviyyəsində görüşdən qabaq ABŞ və İran xarici işlər nazirləri uzun müzakirələr aparıblar
Yanvarın 14-də İsveçrənin Cenevrə şəhərində İranın nüvə proqramı ilə bağlı ABŞ və İran nümayəndələri arasında növbəti görüş keçirilib. Görüşdə İran tərəfdən xarici işlər naziri Cavad Zərifin, ABŞ tərəfdən isə dövlət katibi Con Kerrinin rəhbərlik etdiyi nümayəndə heyətləri iştirak ediblər.
Qeyd edək ki, İranın nüvə məsələsi ilə bağlı yekun razılaşmanın imzalanması noyabra planlaşdırılsa da, həmin vaxt keçirilən iki mühüm görüş nəticəsiz bitmişdi. Bu həftə sonu bazar günü isə “altılıq” ölkələrinin təmsilçiləri ilə İran heyəti arasında ümumi toplantı gözlənilir.
Çərşənbə axşamı Cenevrədə C. Kerri və C. Zərif arasında danışıqlar xeyli vaxt davam edib. Zərif və Kerri 3 dəfə ümumi olaraq 8 saata yaxın danışıqlar aparıblar. İran xarici işlər nazirinin müavini Abbas Əraqçi danışıqlardan sonra verdiyi açıqlamada Cenevrə görüşünü “çox şəffaf və ciddi danışıqlar” adlandırıb. Eyni zamanda o bildirib ki, tam razılığın əldə olunması iş çətindir. Ancaq eyni zamanda əlavə edib ki, tərəflər razılığın əldə olunmasında maraqlıdırlar.
A. Əraqçi bildirib ki, Cenevrədə çeşidli mövzularda müzakirələr aparılıb. Sanksiyaların ləğvi, İranın nüvə proqramının davam etdirilməsi, həmçinin bunun tərkib hissəsi olaraq uranın zənginləşdirilməsi, nüvə obyektlərinə nəzarət, Ərak su anbarı və digər məsələlər müzakirə olunub.
Cenevrə görüşündən sonra İran XİN rəhbəri Almaniyaya gedib, həftə sonuna qədər onun Almaniya, Belçika, Fransa və Aİ rəhbərləri ilə görüşləri nəzərdə tutulub. Yanvarın 18-də isə xarici işlər nazirləri səviyyəsində “altılıq” ölkələri və İran arasında daha bir görüş keçiriləcək.
Cenevrədə keçirilən 8 saatlıq görüşdən qalan maraqlı fotolardan biri də danışıqlar arasında keçirilən fasilə zamanı nazirlərin Cenevrə küçələrində gəzintiyə çıxması olub. Fotolardan da görünür ki, bir neçə il əvvələ qədər müharibə vəziyyətində olan ölkənin baş diplomatları çox səmimi söhbət edirlər.
//musavat.com/