"28 may tcarət mərkəzi"ndəki sahibkarlar çarəsiz durumdadır
İki gün əvvəl metronun "28 may" stansiyasına bitişik ticarət mərkəzindəki ticarət köşkləri söküldü. Artıq bütün köşklər, necə deyərlər, yerlə-yeksan olub. Ortalıqda qalan isə sahibkarlardır. Söküntünün səbəbi barədə isə köşk sahiblərinə dəqiq məlumat verilməyib.
Sadəcə olaraq bildirilib ki, buna "yuxarıdan" qərar verilib. Mağazaları sökülən sahibkarlar Analitik.az-a deyib ki, onlara bu yerləri satan 28 may ticarət mərkəzinin xüsusi mülkiyyətçisi “Royal İsteyt” MMC-nin işçiləri məsələdən xəbərsiz olduqlarını söyləyiblər. Amma köşklər sökülən vaxt orada olan icra hakimiyyətinin işçiləri ilə polislər sahibkarlara deyiblər ki, 10 gün əvvəl bu barədə ticarət mərkəzinin rəhbərliyinə xəbərdarlıq edilib. Sadəcə, işçilər köşk sahiblərindən bu xəbərdarlığı gizlədiblər. Əvəzində isə icarə haqlarını gəlib əvvəlcədən yığıblar. Sahibkarlar onu da deyir ki, keçiddəki xırda ticarət köşkləri üçün hər ay içarə haqqı olaraq 400-800 manat arasında pul veriblər. Bu ay tamam olmamış isə, tələm-tələsik onlardan əvvəlcədən icarə haqlarını gəlib yığıblar.
Bu köşklər sökülərkən sahibkarlara o da məlum olub ki, demə, bu xırda mağazalar qanunsuz olaraq düzəldilərək, camaata baha qiymətə satılıb. Təxminən 3 kvadratmetrlik sahələr ən ucuzu 12 min, bahalısı isə 18 min manata satılıb. Əslində bu, tamamilə qanunsuz olub. Sahibkarlarla müqavilə bağlayaraq, çox qazanc götürmək məqsədilə onları aldadıblar.
Amma camaatla müqavilə bağlayan “Royal İsteyt” MMC –nin İdarə Heyətinin vəzifələrini icra edən Samir Şəmiyevin adından yalnız sənəddə bunu 5 illik icarə müqaviləsi kimi rəsmiləşdiriblər.
Onu da bildirək ki, “Poyal İsteyt” MMC-nin ofisi Avtovağzalda yerləşir. Bundan başqa, bu firma nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədovun rəhbəri olduğu Qarant Holdinqə daxildir. Çox maraqlıdır ki, sahibkarlara bu yerləri satanda MMC-nin işçiləri əmin ediblər ki, burada başqa heç bir problemdən söhbət gedə bilməz. İki gün əvvəl isə köşklər söküləndə özlərini kənara çəkərək, “bizlik heç nə yoxdur” - deyiblər.
Sahibkarlar isə bildirir ki, bunun adı dələduzluqdur, onları aldadıb qanunsuz şəkildə köşk satıb, pullarını alıblar. İndi isə aradan çıxmağa çalışırlar. Onların müraciətlərinə və telefon zənglərinə də cavab vermirlər.
"Bəs köşklərin söküləcəyini bildiyiniz halda nə üçün əvvəlcədən icarə pulunu yığmısız?"- sualına isə belə cavab veriblər ki, görək neyniyirik, pulunuzu qaytara bilirikmi? Ən acınacaqlı məsələ odur ki, qanunsuz olaraq düzəltdikləri 3 kvadratlıq köşkləri sahibkarlara 13-18 min manata satan firmanın işçiləri, indi pulları geri qaytarmaqdan imtina etmək istəyirlər. Sahibkarlardan biri sökülən köşkünü 3 ay əvvəl 13 min manata alıdığını deyir.
İndi həmin adama da pulunu vermirlər. Firmanın Nəsimi adlı işçisi deyib ki, görək neyliyirik və qaçıb gizlənirlər. Bu cavab isə sahibkarları qane etmir. Onlar öz pullarını istəyirlər.
Sahibkarlar onu da deyir ki, Anar Məmmədov əvvəllər tez-tez 10 nəfərə yaxın mühafizəçilərinin əhatəsində 28 may ticarət mərkəzinə baş çəkirmiş. Və ticarət mərkəzindəki vəziyyətdən xəbərdar imiş. Amma köşklər söküləndə o da sahibkarların qarşısına çıxmayıb.
Qeyd edək ki, bu yerin Qarant Holdinqə aid olduğu bildirilir. Köşk sahibləri hələlik gözləmə mövqeyindədirlər, lakin pulları qaytarılmayacağı təqdirdə, onlar Prezident Aparatının, Nəqliyyat Nazirliyinin qarşısına yürüş edəcəklərini deyirlər. Köşk sahibi olan Qarabağ əlili isə özünü Nəqliyyat Nazirliyinin qarşısında yandıracağını söyləyir.
Hələlik isə Ziya Məmmədov, deyəsən, kiçik sahibkarların pulunu yeyən holdinqin işçilərinə "gözün üstə qaşın var" deməyə tələsmir. Bəlkə ölkədə yeni-yeni insan faciələrinə tamaşa etmək nazirə ləzzət edir? Təki, bir tikə çörək pulu qazanan camaatı aldatmaqla yığılan milyardlar azalmasın… Mövzunu davam etdirəcəyik.
http://musavat.com/