Yeraltı keçiddə piştaxtası sökülmüş satıcı: "Yandıracam özümü..."
Akademik Milli Dram Teatrı ilə üzbəüz yeraltı keçiddə piştaxta üzərində alış-veriş edən satıcılar, yanvarın 13-də öz iş yerlərindən çıxarılıblar.
Məlumatlara görə, Yasamal rayon İcra Hakimiyyətinin işçiləri satıcılara öncədən xəbərdarlıq etmədən səhər saatlarında gələrək, dərhal onlardan əşyalarını yığmağı tələb ediblər. Yeraltı keçiddə çalışan satıcılar da öz piştaxtalarını sökərək, əşyalarını yığışdırıblar.
Onlara bu söküntünün Bakıda keçiriləcək Avropa Oyunlarına görə aparıldığını deyiblər. Ticarət Departamenti onların səyyar satışla məşğul olduğunu əsas gətirərək, ərazini tərk etmələrini tapşırıb.
Bu haqda məlumatı musavat.com-un əməkdaşına adıçəkilən ünvanda çalışan satıcılar veriblər. Onların sözlərinə görə, İcra Hakimiyyətinin işçiləri yeraltı keçidə gələrək, kobud şəkildə onlardan ərazini boşaltmağı tələb ediblər. Və onlara bunun üçün bir gün belə, vaxt verməyiblər: "Bizim heç bir şeydən xəbərimiz yox idi. Öncədən gəlib, xəbərdarlıq da edən olmayıb. Heç olmasa, 1 ay vaxt versəydilər ki, mallarımızı satardıq. Ən azından, daha az ziyan etmiş olardıq. Qəfil gəldilər ki, "Tez olun, boşaldın keçidi. Sökün, piştaxtaları..." Biz də məcbur qaldıq, sökdük. İndi də borc içindəyik".
"Avropa Oyunlarına görə mən ac qalım?"
//musavat.com/
Adı çəkilən yeraltı keçiddə satıcı işləyənlərdən biri deyir ki, hazırda banka 40 min manat borcu var: "Qardaş, mən buranı pulumla almışam. Havayı heç kimə iş görməyə imkan verməzlər. Həm yer pulumu ödəmişəm, həm də piştaxta qoyduğum yeri almışam. Üstəlik, mallarım da qalıb əlimdə, sata bilmirəm. İndi mən nə edim? Bizə işləmək üçün başqa yer də vermirlər. Bankdan kreditlə pul götürmüşəm. Mən indi o pulları necə ödəyim? Avropa Oyunlarına görə mən ac qalım?"
"Yandıracam özümü..."
Adının çəkilməsini istəməyən şikayətçi satıcılardan birinin sözlərinə görə, işləyə bilmədiyi üçün borclarını ödəyə bilmir. Belə davam edərsə, intihar edəcək: "Belə getsə, yandıracam özümü... Heç olmasa, heç kimə borcum olmaz. İşləmədiyim yanvar ayının 1500 manat aylığını da vermişəm. Üstəlik, mən təzəlikcə yer almışam, buradan... Heç yer üçün ödədiyim pulları qazanmamışam. Mən nə edim? Borc aldığım pulları necə qaytarım? Bizə geri qayıtmaq şansı da vermirlər. Xahiş edirik ki, kimsə bizə yardım etsin. Hər birimizin ailəsi var. Hər həs buradan qazandıqları ilə ailə saxlayır".
"Qanunsuz işləyirik? Bəs, hər ay bizdən 1000-1500 manat alanda qanuni idi?"
Şikayətçilər verdikləri pulları tələb edirlər: "Deyirlər ki, küçə alveri ilə məşğuluq. Ona görə də, sökülməlidir. İndi yadlarına düşüb? Neçə ildir ki, burada işləyirik. Aylıq icarə haqqı ödəyirik. Satıcılar piştaxta üçün minlərlə manat pullar veriblər. O pulları alanda, xərcləyəndə bilmirdilər ki, bu pullar haradan gəlir? İndi nə oldu? Qanunsuz işləyirik? Bəs bizdən hər ay 1000-1500 manat alanda qanuni idi? Hər kəs öz piştaxtasına görə 30-40-50 min manat pul verib. Əvvəlcə həmin pulları qaytarsınlar ki, biz də başqa yerdə özümüzə iş qura bilək. Verdiyimiz pulları qaytarsınlar".
Qeyd edək ki, adıçəkilən yeraltı keçiddə sökülənlər yalnız piştaxtalardır. Öncədən tikilmiş olan dükanlar isə sökülməyib.
Məhəmməd TÜRKMƏN,
Fotolar müəllifindir.