Dünya Bankı Rusiya və dünya iqtisadiyyatı üzrə bədbin proqnozlar verib. Təşkilat ucuz neftin uzaq perspektivdə müsbət halını qiymətləndirsə də, yaxın iki ildə neqativ nəticələrinin müşahidə ediləcəyini qeyd edib.
Dünya Bankının proqnozuna görə, dünya üzrə ümumdaxili məhsulun artımı bu il 3,4 faiz deyil 3 faiz, gələn il isə 3,5 faiz əvəzinə 3,3 faiz olacaq.
Bank inkişaf tempinə görə ABŞ və Böyük Britaniyanın “böyük yeddiliyin” digər ölkələrindən xeyli irəli gedəcəyini güman edir.
Hazırda Çində, Yaponiyada və Avro zonada olduğu kimi iqtisadi inkişaf tempinin zəiflədiyi ölkələrdə bu tendensiya müşahidə olunmaqdadır. Bundan başqa, neftin qiymətlərinin kəskin ucuzlaşması xammal ixrac edən ölkələrdə maliyyə və geosiyasi böhranı da təhrik edə bilər.
Dünya Bankı neftin qiymətinin ucuz qalacağını, buna görə də Rusiyanın ümumdaxili məhsulunun 2,9 faiz azalacağını gözləyir. Hələ bir ay bundan qabaq bank Rusiyada iqtisadi geriləmənin 0,7 faiz azalacağı proqnozlaşdırırdı.
Bu arada neftin barrelinin qiyməti 50 dollardan da aşağı düşüb. “Sberbank”ın idarə heyətinin sədri German Qrefin sözlərinə görə, əgər “qara qızıl”ın barrelinin orta illik qiyməti 43-45 dollar arasında qalarsa, “irimiqyaslı” bank böhranı qaçılmaz olacaq.