İntihar körpüsündə özünü öldürmək istəyən adamın ürək dağlayan hekayəsi

16-01-2015, 10:19   
İntihar körpüsündə özünü öldürmək istəyən adamın ürək dağlayan hekayəsi
Yusif Əmirov: “Ayaqlarımdan asıb ayağımın altına vururdular, deyirdim öldürün, amma etmədiyim cinayəti boynuma alan deyiləm"
Bakının məşhur intihar körpüsünə çıxanları bu addıma sövq edən müxtəlif səbəblər var. Həmin körpüdən keçənlərdən biri, 63 yaşlı Yusif Abbas oğlu Əmirovu dinlədikcə onun daha hündür məkandan niyə sözünü çatdırmadığını özlüyümdə aydınlaşdırmağa çalışırdım. Yusif Əmirov danışır, ağlayır, qollarındakı, sinəsindəki, ayaqlarındakı işgəncə izlərini göstərib ədalətli qərar istəyirdi...


“Mən o körpüyə çıxmazdan əvvəl çox qapılar döymüşdüm”

“Hər gecə o dəhşətli günləri xatırlayıb mənə işgəncə verənləri, Allahın mənə verdiyi ömürdən silinən 10 ilimi xatırlayıram” - deyən Y.Əmirov gec-tez prezidentin onun iztirablarına son qoyacağını düşünür: “Mən o körpüyə çıxmazdan əvvəl çox qapılar döymüşdüm. Heç kim məni dinləmədi. Etmədiyim cinayətə görə 10 illik həbs yatmışam. Naxçıvan məhkəməsindən barəmdəki hökmü bu gün də mənə vermirlər ki, şikayət edim, mənə əzablar, iztirablar yaşadanların cəzalandırılmasına nail olum. Ora çıxmazdan əvvəl uşaqlarımın gələcəyini tərəzinin bir gözünə, çəkdiyim ağrıları, əzabları, özümün, həyat yoldaşımın başına gətirilən müsibətləri o biri gözünə qoymuşam. O adamlar ki, mənim həyatımı sındırıblar, uşaqlarımı 10 il atasız qoyublar, mən o adamları son nəfəsimə qədər bağışlayan, bu işdən keçən deyiləm. Mən ailəmin namusunu müdafiə etmişəm və Şərurun polis rəisi olmuş Salman Vəliyev tərəfindən şərlənərək qanunsuz həbs olunmuşam. Naxçıvan prokurorluğunun müstəntiqi Ədalət Səfərov şərləndiyimi bilə-bilə qondarma iş aparıb. Naxçıvan prokuroru Fikrət Qəribov mənim işgəncələrə məruz qalmağıma göz yumub, qanunsuz həbsimə şərait yaradıb. Hakim Elman Yəhyayev günahsız olduğumu bilə-bilə mənə 14 illik cəza oxuyub. Bu adamlar cəzalarını bu dünyada almalıdırlar”.

“Məcburuq ki, ailəliklə gedib Qız qalasında intihar edək”

Y.Əmirov hazırda Bakıda kirayədə yaşayır. Deyir ki, həmin gün, 31 iyul 2014-cü ildə şikayətinə növbəti şablon cavabı alıb və qərar verib başına gələnləri prezidentə “Koroğlu” metrosu yaxınlığındakı körpünün üzərinə çıxaraq çatdırsın: “Prezidentə yazıram, göndərirlər prokurorluğa. Eyni cavabı köçürüb göndərirlər. Körpüyə çıxıb sözümü çatdırmaq istəyirdim. Düşünürdüm ki, eşitməsələr özümü elə orada yandırım. Ancaq Fövqəladə Hallar Nazirliyinin işçiləri məni razılığa gətirdi. Dedilər ki, ”körpüdən düş, sənin şikayətlərinə dəqiq və düzgün baxılacaq". Mən də inandım. Deputat Qənirə Paşayevanı da ona görə çağırdım ki, ona inamım vardı. Sözümü ölkə rəhbərliyinə çatdıracağına ümidliydim. Ancaq indi şikayətim yenə də baxılmaz qalıb. Üstəlik, məni guya psixi xəstə kimi xəstəxanaya da salmaq istəyirdilər. Əgər şikayətlərimə baxılmasa, biz məcburuq ki, ailəliklə gedib özümüzü Qız qalasında yandıraq".

“Polis rəisi arvadıma söz atıb...”

Y.Əmirov deyir ki, 4 övladı var: “1992-ci ildə atamla anam ortancıl oğlum Əfqana Bərdənin Vaqif küçəsi 77 ünvanında 4 otaqlı həyət evi bağışladı. 4 il sonra Bərdədə olan evimizi 7 min dollara satıb Bakıya köçmək qərarına gəldik. O pulla Füzulidən, İmişlidən yun alıb Şərura aparıb türklərə satırdım. Fikrim belə idi ki, 7 min manatı artırım və Bakıda yaxşı ev alım. Ailəmlə müvəqqəti qayınanamgildə qalırdıq. Mənim balaca bibim Kəhrəba Əmirova Şərur polisində 40 il süpürgəçi işləyib. Polislərin otaqlarının açarları bibimdə olurdu. Bir gün Şərur Polis Şöbəsinin rəisi Salman Vəliyev bibimgilə açar almağa gələndə mənim yoldaşıma söz atır, yoldaşım cavabını verir. Mən Naxçıvanda olmayanda bir neçə dəfə bibimgilə zəng vurub yoldaşımı telefona çağırtdırıb, bunlar da Salman Vəliyevə söyüb telefona ”adboy" veriblər. Bir dəfə də mən evdə olanda Salman bibimgilə zəng vuranda telefonu mən götürdüm. Onu söydüm. Salman dedi, gör səni nə günə salacam. 1997-ci ilin avqustunda Şərurdan 4 polis işçisi gəlib İmişlidə məni camaatın içində aldadıb dedilər ki, “sən Şərurda bir adamdan Türkiyə xalçası alıb gətirib yuna dəyişmisən. Onu satan adam oğurlayıb sənə satıb. Gedək Naxçıvana, ona denən mən sənə pul verdim aldım, mən bilmirdim o xalçalar oğurluqdur. Bunu de, qayıt gəl işinə”. Naxçıvana çatan kimi məni apardılar saldılar türməyə. 10-15 polis və türmənin “nadzor”ları əllərində dubinka ilə məni vəhşicəsinə döydülər. Ağzım-burnum qan içində, sifətim pis gündə idi. Deyirdilər ki, 1 il bundan qabaq Heydəri sən öldürmüsən. Heydəri tanımadığımı deyirdim, qulaq asmayıb məni vururdular".

“Heydər, onun ölümü haqda bildiyim budur ki...”

Y.Əmirov deyir ki, Heydər Bayram oğlu Rüstəmov həqiqətən də öldürülüb. Amma bunu edən şəxs istintaqdan kənarda qalıb: “Heydər, onun ölümü haqda bildiyim budur ki, o, cavan oğlan olub. Yeyib-içib və Şərurda bir kafedə dava salıb, kafenin şüşələrini sındırıb. Kafenin işçiləri onu döyüb yola salıblar. O həmin kafedən 1 kilometr aralıda yerləşən kənddəki evlərinə gedib çatana qədər kafenin sahibinə söz çatıb. Həmin adam da gedib onu maşınla vurub bir kənara tullayıb. Onu tutub pulunu alıb buraxmışdılar. Şərurda maşını olan və kasıb, vəzifədə qohumu olmayanları aparıb incitmişdilər. Onları Heydəri öldürməkdə ittiham edəcəkləri ilə qorxudub pullarını alıb buraxmışdılar. Bu işin başında həmin o Salman Vəliyev dayanıb. O, sonda Heydərin ölümünü mənim boynuma qoydurdu”.

“Yoldaşımı da gətirib türməyə saldılar...”

Y.Əmirov deyir ki, ona tələ qurulduğunu Naxçıvana gətiriləndən sonra anlayıb: “Məni qan içində görən Salman Vəliyev hamının yanında dedi ”indi gördün sənə nə cür tələ qurdum?!" Onu söydüm. Dedi ki, arvadını da gətirib içəri salacağam. Məni hər gün döyürdülər, deyirdilər ki, Heydəri öldürdüyünü boynuna al. Allaha, Qurana and içirdim ki, mənim həmin işdən xəbərim yoxdur. Bir neçə gündən sonra yoldaşımı da gətirib türməyə saldılar. Yoldaşıma dedilər ki, “Yusifin üzünə dirən, de ki, Heydəri o vurub öldürüb”. Mənə deyirdilər ki, arvadın bunu deməsə dustaqları buraxacayıq onun üstünə, onda neyləyəcəksən? Məni gecə-gündüz yatmağa qoymurdular. O qədər döyürdülər ki, huşumu itirirdim. Ayaqlarımdan asıb ayağımın altına vururdular. Deyirdim, öldürün, amma etmədiyim cinayəti boynuma alan deyiləm. Əllərimə qandal vurub məni turnikdən asırdılar. Məni həmişə kameradan çıxarıb aparıb rəisin otağının arxasında işgəncə verirdilər. Məni döyüb işgəncə verdikləri yerin qabağında zəncirdə yekə bir “ovçarka” var idi. Adı Maykl idi. Bunlar məni döyəndə it az qalırdı zənciri qırsın, mənə köməyə gəlsin. Həmin günlərdə yoldaşım da orada bağırtılarımı eşidirdi. Əlimə fürsət düşən kimi qollarımı, sinəmi doğradım. Düşündüm ki, məni bir dinləyən olar, yoldaşımı buraxarlar. Yoldaşımı 12 gün təcridxanada saxlayıb sonra buraxdılar..."

“Sənin ”zakaz"ını Salman Vəliyev verdirib"

Y.Əmirov deyir ki, Naxçıvan Prokurorluğunun müstəntiqi Ədalət Səfərov ona qarşı işin qondarma olduğunu bilə-bilə qanunsuzluq edib: “Ədalət Səfərova deyirdim ki, sənin balan, ailən yoxdu? Niyə məni döyüb, işgəncələr verirsiz? Niyə bu ölümü mənim üstümə yıxırsız? Dedi ki, mən nə edim? Sənin ”zakaz"ını Salman Vəliyev verdirib. Deyirdi ki, səni tutmasam işdən çıxmalıyam. Günahsız olduğumu bilə-bilə Ədalət Səfərov ailəmdən 3 min dollar tələb etmişdi. Yoldaşımı aldadıb 2 min dolları almışdı. Saxta iş hazırlayıb Şərur Məhkəməsinə göndərdi. Naxçıvanda hamı bilirdi ki, Salman məni günahsız yerə tutdurub".

“Ölən Heydərin bacısı günahsız olduğumu...”

Y.Əmirov deyir ki, 1998-ci ildə qəsdən adam öldürmə ittihamı ilə işi Şərur Məhkəməsinə göndəriblər: “Məhkəmənin sədri İsfəndiyar müəllim də Şərur camaatı kimi mənim şərlənərək həbs edildiyimi bilirdi. O mənə demişdi ki, Yusif, narahat olma, mən hər şeyi yaxşı bilirəm, günahsız olduğun üçün sənə iş verməyəcəyəm. Sədr deyirdi ki, bu ölüm 1 il bundan qabaq avtoqəza kimi gedirdi. Nə oldu, indi də bir qəribin üstünə atıblar. Məni apardılar məhkəmə zalına. Zalda çox sayda insan oturmuşdu. Hakim məni sorğu-sual etməyə başladı. Yalançı şahidlər hərəsi bir söz danışdı. Zaldakı insanlar dedilər ki, Salman və polislər çöldə bunları öyrədib içəri salıblar. Ölən Heydərin bacısı günahsız olduğumu məhkəmə zalında yəqinləşdirdi və anasına dedi ki, dur çıxaq gedək. Onun ”Salman yalandan onu-bunu öyrədib bu yazığın üzünə durdurur" sözlərini də hamı eşitdi".
“Vəkilimə hədə-qorxu gəldilər...”


Y.Əmirov deyir ki, vəkilinə hədə-qorxu gələrək prosesdən uzaqlaşdırmasına nail olublar: “Məhkəmə gedən günlərdə Salman gecəyarısı vəkilim Cəmilə xanımın evinə gedərək onu qorxudub. Deyib Yusifin məhkəməsinə getsən, özünü ölmüş bil. Səhəri gün vəkil işdən qaçdı. Bir neçə gündən sonra məhkəmənin sədri İsfəndiyar müəllim mənə dedi, mən səni bu dəqiqə buraxardım, ancaq Salman deyəcək Yusifdən nə qədər pul aldısa buraxdı. Ona görə işi göndərirəm təkrar istintaqa. Məni Naxçıvana aparıb bir neçə aydan sonra Şərura qaytardılar. Artıq işə hakim İsmayıl müəllim baxırdı. Mənə dedi, səni sabah buraxacam. Sabah Salman ölənin anasını öyrətdi ki, ixtiyarın var, məhkəməyə de ki, mən sizə inanmıram, işi göndərin Naxçıvana. Yenə məni apardılar Naxçıvana. Orada tələb etdim ki, məni Naxçıvan prokuroru Fikrət Qəribovun qəbuluna aparsınlar. Qəbulunda Fikrət müəllimə dedim ki, mənim günahım yoxdur, bu ölümü yalandan mənim üstümə atırlar. O isə mənə cavab verdi ki, ”Kişi deyilsən? Get 1-2 il yat içəridə, qarşıdan amnistiya gəlir, səni amnistiyaya salıb buraxdıracam. Ona dedim ki, gəl gedib içəridə birgə oturaq. Elə orada “nadzor”lara dedi ki, “siz bunun dərsini yaxşı verməmisiniz, aparın dərsini yaxşı verin”. Türmənin işçiləri yenə də məni aparıb döydülər. Mənə o qədər işgəncələr vermişdilər ki, Naxçıvan türməsində infarkt keçirdim, ağ ciyərimi vurub deşdilər. Vərəm xəstəliyi keçirdim, 8 ay xəstəxanada müalicə aldım və yenə də müalicə alıram".

“Salman Vəliyev hakim axtarırdı ki...”

Y.Əmirov deyir ki, hakimlərin işə qol qoymaması S.Vəliyevin planlarını alt-üst edib. Amma nəhayətdə istədiyinə nail olub: “Salman Vəliyev respublikada nə qədər hakim axtardı ki, bu saxta, qurama, böhtanla hazırlanmış cinayət iş ilə mənə iş verdirsin. Düzgün insanlar bu işə girmədi. Axırda Ordubad məhkəməsinin sədri Elman Yəhyayevi tapıb pulunu verdi. İşi elə aparmaq lazım idi ki, saxta sübutlarla mənə iş verilsin. 1998-ci ilin iyunun 1-də Ordubadda Elman Yəhyayevin sədrliyi ilə məhkəmə başladı. Ölü yiyəsinin anasını, bacısını öyrədiblər ki, Yusifin yoldaşı ilə dalaşın, mən onu qoyum içəri. Yoldaşım içəri girəndə ölənin anası, bacısı yoldaşıma əl-qol atdılar. O dəqiqə hakim polislərə əmr verdi ki, aparın salın ”KPZ"yə. Bunu ona görə etdilər ki, yoldaşım üzümə yalandan duran adamları görməsin. 18-20 yaşında olan iki bacanağımı, qayınanamı, qonşuları, balaca baldızımı üzümə qoydular. Elə orada saxta məhkəmədən imtina etdiyimi bəyan elədim".

“Yoldaşım isə 3 ay Ordubadda ”KPZ"də qaldı"

Y.Əmirov deyir ki, Vera adlı vəkili də onu şərləyənlərin tərəfinə keçib və sonda hakim Elman Yəhyayev günahı olmadığı halda ona 14 il cəza verib: “Hökm verilən gün məni təyyarə ilə Bakıya, Şüvəlan İstintaq Təcridxanasına köçürdülər. Yoldaşım isə 3 ay Ordubadda ”KPZ"də qaldı. Sonradan bildim ki, hakim Elman Yəhyayev onun azad olunması üçün 5 min dollar alıb. 6 ay sonda sənədlərini qaytarıb ki, Bakıya şikayətə gələ bilməsin. Mən Şüvəlana getdiyim gündən aclığa başladım. Təcridxanaya prokuror Zakir Dursunov gəlib izahatımı aldı, başıma gələnlərə qulaq asdı. Dedi ki, başıma gələnləri özü yazacaq. O da məni aldatdı. Özü bir qələmlə şikayətimi yazdı, mənə başqa qələmlə qol çəkdirdi. Sonra bildim ki, o da məni aldadıb. Məni 4 aydan sonra Şüvəlandan 14-cü “zon”a apardılar. 10 il günahsız olaraq cəza çəkdim".

“Elman Yəhyayev məni görüb rəzil oldu...”

Y.Əmirov onu 14 illik həbsə göndərən hakimlə azad ediləndən sonra rastlaşıb: “Bir gün hava limanına sərnişin apardım. Qayıdanda gördüm ki, Elman Yahyayev taksi gözləyir. Onu və yanında olanı götürdüm. Ondan soruşdum ki, mənim balalarımı nəyə görə 10 il yetim qoydun. Dedi, sənə günahsız yerə iş verdim, Allah da mənə cəza verib. İşim, varım-dövlətim əlimdən gedib. İndi Şamaxinkada kirayədə yaşayıram”.
Y.Əmirov deyir ki, onu şərlədərək həbs etdirən Salman Vəliyevlə də qarşılaşıb və onu tanıyan kimi sabiq rəis qaçıb.

“Anamın ürəyi partladı, öldü, atam özünü öldürdü”

Y.Əmirov deyir ki, qanunsuz həbsi, özünün və həyat yoldaşının başına gətirilən müsibətlərə ana-atası dözməyib: “2001-ci ildə anamın ürəyi partladı, öldü. 2003-cü ildə atam 2-ci mərtəbədən özünü atıb öldürdü. Həbsdən 2007-ci ildə buraxıldım. Bu gün mən həyatı sındırılmış, ağır xəstəliklər tapmış Azərbaycan vətəndaşıyam. Ümidim prezidentədir. Özüm infarkt keçirmişəm, şəkər xəstəsiyəm, Polislər döyən zaman ağ ciyərim zədələndiyi üçün türmədə ağır xəstəlik keçirmişəm. Hazırda da imkanım daxilində müalicə alıram. Müalicəm dayanan kimi ağzımdan qan gəlir, vəziyyətim ağırlaşır”.

“O adamlar qanun qarşısında cavab versinlər”

Y.Əmirov prezidentdən kömək istəyir: “Mənim həyatımı puç edən, mənə və ailəmə, uşaqlarıma 17 ildə acı yaşadanlar Azərbaycan dövlətinin qanunu qarşısında cavab versinlər. Ayaqlar altında tapdalanan hüquqlarımız bərpa olunsun və o adamlar qanun qarşısında cavab versinlər”







E.MƏMMƏDƏLİYEV /musavat.com/











Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar