Nazir çayda batan müəllimin ailəsini himayəyə götürdü

16-01-2015, 18:49   
Nazir çayda batan müəllimin ailəsini himayəyə götürdü


Təhsil naziri Mikayıl Cabbarov 40 gün öncə şagirdini xilas edən zaman Kürdə boğulan və hələ də cəsədi tapılmayan müəllimin ailəsini himayəsinə götürüb.

Axar.az xəbər verir ki, Sabirabadda baş verən hadisəni Təhsil Nazirliyi də diqqətdə saxlayır. 40 gün öncə Sabirabad şəhər 5 saylı orta məktəbin müəllimi Əhliman Hüseynov Kür çayında boğulmaq üzrə olan şagirdlərindən birini xilas edərək özü çayda boğulub. Ə.Hüseynovun dramı ictimailəşəndən sonra Təhsil Nazirliyi də müəllimin taleyinə biganə qalmayıb.

Belə ki, “modern.az”ın məlumatına görə, nazir Mikayıl Cabbarov öz nümayəndələrini dərhal rayona göndərib, onlar mərhum müəllimin ailəsinin problemləri ilə maraqlanıblar. Artıq nazir Mikayıl Cabbarovun göstərişi ilə Təhsil Nazirliyinin fondundan Əhliman Hüseynovun evinin əsaslı təmiri üçün pul da ayrılıb. Həmçinin nazirliyin mərkəzi aparatından demək olar hər gün Hüseynovlar ailəsi ilə əlaqə saxlayır, onların vəziyyəti ilə maraqlanırlar.

Qeyd edək ki, bu faciəvi hadisə dekabrın 5-də baş verib. Sabirabad şəhəri 5 saylı orta məktəbin müəllimi Ə.Hüseynov şəxsi maşını ilə səhər Cavad kəndindəki evindən məktəbə gedərkən idarəetməni itirən avtomobil körpüdən çaya düşüb. Maşında onun qonşusunun həmin məktəbdə oxuyan qızı 9 yaşlı Güldəstə Hüseynova da olub. Ə.Hüseynov və əsl qəhrəmanlıq göstərən Dəyanət Şıxəliyevin sayəsində məktəbli qız xilas edilsə də, müəllim çayda boğularaq batıb.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar