DIN-dəki təyinatın ortaya qoyduğu reallıq

17-01-2015, 10:42   
DIN-dəki təyinatın ortaya qoyduğu reallıq
Ölkədəki bərbad vəziyyət bütün sahələrdə özünü göstərir və baş verənlər birmənalı şəkildə hakimiyyətin mahiyyəti ilə bağlıdır. Əks halda neqativ tendensiyalar yalnız bir neçə sahədə özünü göstərərdi.

Ötən gün mətbuat səhifələrində yer almış bir xəbər bu qənaətimizi bir daha təsdiqlədi. Məlum oldu ki, daxili işlər naziri Ramil Usubov bir sıra rayonların polis rəislərinin yerini dəyişib. Nazirin əmri ilə Şəki rayon Polis Idarəsinin rəisi Eldar Ilyasov Nərimanov RPI-yə, Nərimanov RPI-nin rəisi Muradəli Babayev Xətai RPI-yə, Xətai rayon PI-nin rəisi Əkbər Ismayılov Yasamal rayon PI-yə, Yasamal RPI-nin rəisi Ismayıl Əsədov isə Sabunçu RPI-yə rəis təyin edilib. Bu təyinatlardan sonra bəzi xəbər portallarında məlumat yayıldı ki, yeni təyinatlarla bağlı bəzi rəislər nazirliyə müraciət ediblər. Məlumatda bildirilir ki, Sabunçu rayonuna polis rəisi göndərilən və hətta əmri verilən polkovnik Ismayıl Əsədov təyinat yerinin dəyişidirilməsini istəyib və bunu Sabunçu rayonunda yerlilərinin və yaxınlarının həddən artıq çox olduğu ilə əlaqələndirib. O bildirib ki, bu rayonda çalışması onu doğmaları ilə üz-üzə qoyacaq. Nazirlik isə onun gətirdiyi arqumentlərin işinə doğrudan da təsir edəcəyi ehtimalını əsaslı saydığından, təyinatını dəyişib.

Ilk baxışdan bu xəbər hamıya adi görünə bilər. Amma baş verənlərə diqqətlə nəzər salanda Azərbaycandakı əcaib vəziyyəti görmək olar. Əgər bütün rayonlarda Cinayət Məcəlləsi eynidirsə, qanun qarşısında hamı bərabərdirsə və rəis öz vəzifəsini vicdanla həyata keçirirsə, yerin nə fərqi var ki? Əgər rəisə kimisə şərləmək, kiməsə mərdiməzarlıq etmək, vəzifəsindən sui-istifadə etmək tapşırığı verilmirsə, həmin rəis niyə yaxınlarının yanında başıaşağı olmalıdır? Əgər polis rəisi vətəndaşlardan qeyri-qanuni ödənişlər tələb etməyəcəksə, ərazidə işləyənləri bezdirməyəcəksə, niyə bu təyinatdan kədərlənməlidir?


Deməli, vəziyyət düşündüyümüz kimidir. Baş verənlər Azərbaycan reallığının bariz göstəricisidir. Əslində uzun illər ərzində Azərbaycanın məhkəmə-hüquq sisteminin necə işlədiyini, ictimai-siyasi fəalların polis vasitəsilə necə susdurulduğunu, polis rəsilərinin yerlərdəki fərqli düşüncələrə qarşı necə mübarizə apardığını görmüşük. Indi yayılan məlumat isə bu prosesin norma olduğunu təsdiqlədi.

Deməli, polis rəisi də bilir ki, işlədiyi müddətdə xeyli “savab” işlər görəcək, qohumların, yerlilərin gözündə alçalacaq və hamı onun əsl vəzifəsinin nədən ibarət olduğuna şahidlik edəcək.

Bu hadisə Azərbaycan reallığının etirafıdır və yüksək vəzifə tutanların ən aşağı səviyyəli işlərə bulaşdırıldığının sübutudur.

Akif azadliq.info
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar