Maaş artımından müəllimlər necə faydalanacaqlar?-Ekspert ŞƏRHİ

18-01-2015, 11:18   
Maaş artımından müəllimlər necə faydalanacaqlar?-Ekspert ŞƏRHİ
Müəllimlərin biliyinə görə əmək haqqı sisteminin müəyyən olunması doğru yanaşmadır.

Xəbər verdiyimiz kimi, dünən Prezident İlham Əliyev müəllimlərin biliyinə görə əmək haqqı sisteminin müəyyən olunması barədə sərəncam imzalayıb.

Sərəncama görə, Azərbaycanda bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin dərs yükü norması 1,5 dəfə, əməkhaqqı isə 2 dəfə artırılıb.

Milli.az xəbər verir ki, iqtisadçı-ekspert Rövşən Ağayev bu sərəncamla bağlı aydınlaşdırılmalı olan bəzi suallara cavab verib.

Ekspertin sözlərinə görə, müəllimlərin biliyinə görə əmək haqqı sisteminin müəyyən olunması doğru yanaşmadır, amma gələcəkdə bu sistemin əsaslı qaydada işlənməsi və şagird nailiyyətlərinin müntəzəm və avtomatik olaraq müəllimlərin maaşına təsir göstərməsi qaçılmaz olacaq.

R. Ağayev hesab edir ki, müəllimlərin məvaciblərinin artımı ilə bağlı ölkə prezidentinin dünən imzaladığı sərəncam ən çox müzakirə edilən məsələlərdən biri olacaq.

Müəllimlərin dərs yükünün artması və bunun yaradacağı problemlər haqda danışan ekspert hazırkı müəllim sıxlığı şəraitində dərs yükünün 18 saata çatdırılmasının çox çətin göründüyünü deyib: “Xüsusilə də müəllimlərin sıx olduğu şəhər yerlərində pedaqoji heyətin bir hissəsini ixtisar etmədən dərs yükünün 50% artırılması mümkün görünmür. Əks halda müəllimlərin ən azı 65-70%-nin tam stavka ilə (18 saat) işləməsi mümkün olmayacaq. Tam stavka ilə işləməyən müəllim isə bu artımdan tam bəhrələnə bilməyəcək. Çünki əgər ixtiyari müəllim 18 saat əvəzinə, yenə də 12 saat stavka ilə işləməyə məhkum olacaqsa, onun faktiki aldığı maaş indikindən kəskin fərqlənməyəcək. Hazırda Bakı, Gəncə, Naftalan, Mingəçevir kimi iri şəhərlərdə hər 5-6 şagirdə 1 müəllim düşür. Rayon mərkəzlərində bu göstərici 7-8, kəndlərdə isə 9-dan yüksəkdir. Hesablamalar göstərir ki, indiki müəllim heyyətinin ən azından 25-30%-i ixtisar edilmədən dərs yükünün artırılması çətindir”.

İlk dəfə işə başlayan ali təhsilli müəllim üçün sərəncamın özəlliklərindən danışan R. Ağayev bu müəllimlərin 155 manat maaş aldığını xatırlatdı: “Sərəncamda maaş artımı 2 dəfə göstərilsə də, hər saat üçün real artım 30%-dən də az olacaq. Belə ki, qüvvədə olan qanunvericiliyə görə, hazırda ilk dəfə işə başlayan ali təhsilli müəllimin tam stavka (12 saat) maaşı (10-cu dərəcə) 155 manatdır. Yəni hər saat üçün 12.9 manat. Əgər, məsələn hazırkı 12 stavka çərçivəsində maaşları 2 dəfə çoxaldıb 310 manata çatdırısalar, bu zaman paralel olaraq dərs yükü də 50% artırlaraq 18 saata çatdırıldığı halda tam stavka çərçivəsində 1 saatın dəyəri 17.2 manat olacaq. Yəni bu halda bir saatın zəhmət haqqında 3.7 manat və ya 33% artım olacaq. Amma burada başqa variant da mümkündür: maaşlar 12 saatlıq stavka çərçivəsində 2 dəfə artıraraq hər saat üçün zəhmət haqqı 25.8 manata çatdırılır və sonra dərs yükü 18 saata yüksəldilir. Bu halda ilk dəfə işə başlayan ali təhsilli müəllim (10-cu dərəcəli) 465 manat, ən yüksək stajlı müəllim (15-ci dərəcə) 620 manat maaş almalıdır. Amma bu variant, yəqin ki, olmayacaq və birinci variant seçiləcək”.

Maaş artımının problemli tərəfindən də söz açan ekspert əlavə edib ki, 2 dəfə artımdan sonra 310 manatlıq maaşın 43 manatı vergiyə gedəcək.

“Maaş artımının xeyli hissəsi verginin “qurbanı olacaq”. Vergi Məcəlləsinə görə, hazırda 250 manatadək maaşlardan yaşayış minimumunun əmək qabiliyyətli əhali üçün təsdiqlənmiş məbləğinin 1 misli çıxılır və yerdə qalan məbləğdən 14% vergi tutulur. Yanvarın 1-dən əmək qabiliyyətli əhali üçün ölkə üzrə yaşayış minimumunun məbləğinin yanvarın 1-dən 140 manat təsdiqləndiyini nəzərə alsaq, deməli, ən aşağı stavka üzrə müəllim maaşından cəmi 2 manat gəlir vergisi tutulur (155-140×14%). Amma 2 dəfə artımdan sonra 310 manatlıq maaşın 43 manatı vergiyə gedəcək. Nəticədə hər saat üçün faktiki maaş artımı cəmi 2 manat olacaq – indi vergi çıxılandan sonra 12.7 manat təşkil edirsə, 310 manata çatdırılacağı halda 14.8 manat təşkil edəcək”, – o bildirib.

Yenilik.Az:
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar