25 ilin acı xatirəsi: həbs olunmuş baş rejissoru kim xilas etdi?

18-01-2015, 11:58   

“Bizi dəyənəklərlə döyürdülər; Nəzarətçilər dustaqlara işgəncə verirdilər, döyüb dişlərimizi sındırırdılar; Pullarımızı, saatlarımızı əlimizdən aldılar”
20 Yanvar faciəsinin 25-ci ildönümü ərəfəsindəyik. Üstündən bir igidin ömrü qədər vaxt keçsə də, o məşum günləri ağrı-acısı heç cür unudulmur, hər il o günlərə dair yeni-yeni xatirələr qələmə alınır, xalqa təqdim edilir. O cür acı xatirəninin birini də vaxtilə AzTV-nin baş rejissoru olmuş Vasif Babayev qələmə alıb və musavat.com-a göndərib. Vasif müəllimin hekayətini təqdim edirik.

***


Paytaxtın “Parlament” prospekti ilə keçərkən, Şəhidlər Xiyabanı və vaxtilə çalışdığım Azərbaycan Dövlət Televiziyasının qarşısında bir neçə anlıq da olsa, dayanmağa məcbur oluram. Bu iki məkan mənə və mənim timsalımda 25 il öncə baş verənlərin ƏSL ŞAHİDİ olmuş insanlara çox həqiqətləri deyir. Çox təəssüf edirəm, illər bizi Qara Yanvar hadisələrindən uzaqlaşdırdıqca, mətbuat səhifələrində, internet saytlarında təhrif olunmuş faktlar və yalançı qəhrəmanların “xatirələri”nə rast gəlirik.

Həmin illərdə mən Azərbaycan Dövlət Televiziyasında baş rejissor vəzifəsində çalışırdım, hadisələrin sıravi şahidi yox, birbaşa iştirakçısı idim. Ölkədə baş verən mürəkkəb siyasi-ictimai proseslər dövlətin əsas və yeganə televiziya kanalından daha aydın görünürdü.
1990-cı il yanvar ayının 16 – 18-də Bakının Azadlıq meydanında, Azərbaycan KP MK-nın, Respublika Ali Sovetinin binaları qarşısında izdihamlı mitinqlər keçirilirdi.
İştirakçıların tələbləri belə idi: “Azərbaycanın ərazi bütövlüyü toxunulmazdır!”; “Ermənistan öz iddialarından əl çəksin!” “Ordu Bakıdan, ətraf rayonlardan Dağlıq Qarabağa, Azərbaycan-Ermənistan sərhədlərinə köçürülsün və həmin ərazilərdə yerləşdirilsin!”; “Vəzirova və respublikanın bütün rəhbərliyinə istefa!”
19 yanvar 1990-cı ildə saat 18:30-da Bakıda müşavirələrin birində Moskvanın, Kremlin məsul işçiləri – Qorbaçov tərəfindən Azərbaycana göndərilmiş SSRİ Ali Soveti Millətlər Şurasının sədri Y.Primakov, KP MK-nin katibi A.Girenko və millətlərarası münasibətlər şöbəsinin müdiri V.Mixaylovun arasında olan dialoqun stenoqramı çox şeydən xəbər verirdi. A.Girenko: “Əmr var, sovet ordusu Bakıya daxil olacaq. Azərbaycan rayonlarında və başqa şəhərlərində bunu əhali bilməməlidir”. Y.Primakov: “Respublikanın bütün əhalisi demək olar ki, informasiyanı yalnız televiziyadan alır”. V.Mixaylov: “Rabitəni mütləq ləğv etmək lazımdır!”
Bu həmin Mixaylov idi ki, yanvarın 17-də AzTV-də çıxış edərək, tamaşaçılara söz verirdi ki, ordu Bakıya heç vaxt daxil olmayacaq.
19 yanvar 1990-cı ildə Dövlət Teleradio Verilişləri Komitəsinin baş girişinin qarşısında miting iştirakçıları «Rəsmi dövlət orqanları dezinformasiyalarına son qoysunlar, hadisələr haqqında xalqa düzgün informasiyalar çatdırsınlar» tələbi edirdilər. Mitinqdən sonra televiziyanın buraxılış şöbəsinin böyük redaktoru Eldar Bayramov mənə dedi: “Yarım saata axşam efiri başlamalıdır, mən nə edim?”
Eldar haqlı idi, doğrudan da idarədə heç kim yox idi, qapılar bağlı idi.
Biz tez bir zamanda axşam efiri üçün şərti proqram tərtib edib, efiri açdıq. Həmin gün növbəyə çıxan diktor Sevda Ağazadə idi. Onu da qeyd edim ki, onunla bərabər televiziyada Roza Tağıyeva və baş diktor Sabir Ələsgərov da vardı.
Mən, jurnalistlər Telman Qafarovu və Alı Mustafayevi işə çağırdım və onlarla birlikdə “Xəbərlər” proqramını efirə hazırlayırdıq. Jurnalist Rafiq Ağayev “Röyters” informasiya agentliyi ilə telefonla danışırdı. Bu vaxt dəhşətli partlayış baş verdi. Biz pilləkənlərlə həyətə düşdük, artıq tüstü ikinci mərtəbəyə qalxırdı. Biz enerji blokunun qarşısına çatanda, onun alışıb yandığını gördük. Dərhal yanğınsöndürmə xidməti və təcili yardımla əlaqə saxladıq. Təxminən 5-6 dəqiqəyə gəldilər. Təsəvvür edirsiz, həmin vaxtlarda nə yanğınsöndürənlər, nə də təcili yardım heç vaxt bu qısa müddətdə yetişmirdilər. Bu artıq ondan xəbər verirdi ki, hər iki qurum hadisə ilə bağlı əvvəlcədən məlumatlandırılıblar. Biz hələ onlar gələnə qədər su ilə yanğını söndürməyə çalışırdıq və məlum oldu ki, enerji blokunda olan iki mühəndis - Viktor Romanov və İbrahim Hüseynov yoxa çıxıblar. Hadisə yerinə Mərkəzi Komitənin, Dövlət Təhülskəsizlik Komitəsinin və Teleradio Komitəsinin məsul şəxsləri gəlmişdilər. Onlar mənimlə ayaqüstü 10 dəqiqəlik söhbətdən sonra idarədən çıxıb getdilər. Televiziya işçilərindən birinin “xatirələr”ində yazıldığının əskinə olaraq, söyləmək istəyirəm ki, məsul şəxslərin heç biri həmin axşam Komitənin hər hansı bir otağına daxil olmamışdı. Çünki işıqlar sönmüşdü, hər tərəf zülmətə qərq olmuşdu. Bütün söhbətlər həyətdə və foyedə, mənim iştirakımla baş vermişdi.
Onu da qeyd edim ki, son aylar bizim Teleradio Verilişləri Komitəsini hərbçilər və silahlı tanklar qoruyurdu. Hərbçilər adətən kollegiya zalında dislokasiya olunurdular. Biz 5-6 nəfər əməkdaşlar ora getdik və gördük ki... təxminən 15-20 nəfər qeyri-adi, xüsusi geyimdə olan hərbçilər oranı tərk etməyə hazırlaşırlar. Onlar hər gün gördüyümüz əsgərlərə oxşamırdılar, onlar sanki kosmosdan bura gəlmişdilər. İlahi! Sinələrində balaca qısa avtomatlar, dəbilqələrinin üzərində iki kiçik anten, əllərində telefon-ratsiya vardı. Özləri də hündürboylu idilər. Bizlə kəlmə kəsmədilər, yalnız əmr verdilər: “Ubiraytes von, a to mı za sebya ne otveçayem, mı vıpolnyayem prikaz”. Hətta onlar iyrənc söyüşlərlə hədə-qorxu gəlməyə başladılar. Onlar “Alfa”dan idilər. Sabahısı gün isə biz yoxa çıxan iki mühəndis - İbrahim Hüseynov və Viktor Romanov söylədilər ki, mənim əsgərlərlə mübahisəmi eşidiblər. Çünki onlar həmin yerdə hərbçilər tərəfindən qapı arxasında həbsdə saxlanılmşdılar. Onu da qeyd edim ki, “Alfa” qrupunu görən və yola salan yalnız mən və adlarını unutduğum bəzi əməkdaşlar olub.
19-dan 20-nə keçən gecə sovet işğalçı ordusu Bakı şəhərini gülləbarana tutdu. Gecə saat 1-ə işləmiş mən idarədən çıxdım və evə gəldim. Səhəri dirigözlü açdım, sübh tezdən yenə də işə hazırlaşarkən, evimə naməlum bir şəxs zəng edib dedi ki, sizin iki işçiniz – Romanov və Hüseynov Bakı şəhəri 26 Bakı komissarı (indiki Səbayel) rayonunun milis idarəsindədirlər, onları buraxmırlar. Sonra xəbərdarlıq olundu: “Yubansanız, partlayışı sizin boynunuza yıxacaqlar». Sonra bildim ki, mənə zəng edən şəxs, DTK-nın məsul əməkdaşı, polkovnik Laçın Ələkbərovdur, o həmin illərdə mənimlə eyni binada yaşayırdı. Heç demə, biz ailəvi dost olmuşuq.
Evdən iş yerinə gedərkən həyatımın ən ağır, ən çətin, ən dözülməz anlarını yaşadım. Böyükdən balacaya hər kəs ağlayır, qadınlar saçlarını yolurdular. Əzilmiş maşınlar, avtobuslar, köşklər, ağaclar... Küçələr milyonlarla qərənfil dənizinə qərq olmuşdu. “Vəhşilər! Faşistlər! Düşmənlər!” sözləri eşidilirdi. Teleşirkətə çatanda artıq Dövlət Təhlükəsizliyi Komitəsinin əməkdaşları, müstəntiq Rüfət Mansurov və teleradio üzrə kuratoru Məmmədəli Əliyev orada idilər.
Dövlət Teleradio Komitəsinin sədr müavini Fuad Tariverdiyev və mən bəzi vətənpərvər televiziya operatorlarına tapşırıq verərək onları Bakı küçələrinə, xəstəxanalarına, morqlara, idarələrə, faciə baş verən yerlərə çəkiliş aparmağa göndərdik. O günlər AzTv-nin bəzi operatorlarının işlərini xüsusi qeyd etmək istəyirəm. Onların çəkdiyi kadrlar bu gün də, bütün dünya ekranlarında göstərilir, Sovet kommunist rejiminin siyasətini və qəddarlığını bir daha ifşa etdirirlər.
Həmin 20 Yanvar gününün səhəri komitənin həyətində mən, Fuad Tariverdiyev və gecə ikən işğalçı ordu ilə Bakıya girmiş sovet ordusunun baş senzoru, general-leytenant Ovçinnikovla söhbət edirdik. Nə biz onu, nə də o bizi tanıyırdı. Bu vaxt həyacan içində gözləri dolmuş xalq şairi Baxtiyar Vahabzadə bizə yaxınlaşır, radio vasitəsi ilə efirə çıxmaq və bəyanat vermək istəyirdi. Bəxtiyar müəllim nifrətlə Ovçinnikova baxıb “Okuppantı” deyib, onun üstünə tüpürdü. Təsəvvür edin Ovçinnikov nə vəziyyətə düşdü? Onun ətrafında duran bir neçə silahlı əsgər dərhal avtomatlarını hazır vəziyyətə gətirdilər. Mən tez hərəkətə gəldim və aralarına girdim: “Bu bizim hörmətli xalq şairimizdir, Millətimizin sevimlisidir, Deputatdır”. Nələr baş verə bilərdi? Fuad Tarverdiyevlə birlikdə birtəhər vəziyyəti sabitləşdirdik. Faciənin qarşısını aldıq. Sözardı olaraq əlavə edim ki, bu hadisə ilə bağlı hörmətli Bəxtiyar müəllim televiziya müsahibələrinin birində mənim adımı yaddan çıxararaq, yaxud bilmədən səhv edərək, mənim yerimə rejissor Nazim Abbasovun adını çəkib. Halbuki Nazim Abbasov orada yox idi. Ümumiyyətlə, o bütün bu proseslərdən kənarda dayanırdı.
Televiziya jurnalisti Cavanşir Cahangirov, operator Ələkbər Muradov, mən və DTK-nın əməkdaşı Məmmədəli Əliyev, DTK-nın maşınında milis idarəsindən Romanovu və Hüseynovu televiziyaya gətirdik. Mənim göstərişimlə, Cavanşir dərhal partlayışa məruz qalmış enerji blokunun fonunda onlardan müsahibə aldı. İbrahimlə Viktor təsadüfən sağ qalmışdılar. Sonralar istintaq müəyyən etdi ki, onları partlayışdan sonra məhv etməliymişlər. Həmin müsahibə bir neçə əməkdaşımız və mənim üçün əhəmiyyətli məsələ oldu. Mühəndislərin müsahibələrindən və istintaqa verdikləri ifadələrdən bütün qaranlıq suallara cavab tapıldı. O vaxtlar dövlət təhlükəsizliyi, milis, prokurorluq orqanlarında çalışan əməkdaşların əksəriyyətində milli, vətənpərvərlik ruhu oyanmışdı. Bütün Azərbaycanda olduğu kimi, dövlət televiziyasında da çoxları öz partiya biletlərini təhvil verirdilər. Əlbəttə, bir neçə gündən sonra, onlar partiya və icraiyyə komitələrinə üz tutaraq, kommunist partiyası biletlərinin qaytarılmasını xahiş edirdilər. Bəziləri hələ də, yanvarın 18-dən 27-ə qədər Azərbaycan Dövlət Televiziyasında baş verən proseslərdə fəal iştirak etdiklərini iddia edirlər. Biz birmənalı şəkildə bu insanların uydurmalarını rədd edirik. Məlumat üçün bildirim ki, həmin “qəhrəmanlar” ümumiyyətlə televiziyada yox idilər.
Faciədən bir neçə gün keçsə də, hiss edirdim ki, məni də təhlükə gözləyir. Belə bir həbsi demək olar ki, çoxları görürdü və gözləyirdi. Bir gün Şəhidlər Xiyabanından təzəcə Komitəyə qayıtmışdım. Axşamüstü idi, mənə dedilər ki, küçə səni bir nəfər gözləyir. Çıxanda gördüm ki, xalq yazıçısı İsmayıl Şıxlı dayanıb. O mənə dedi: “Vasif, sən televiziyaya bir müddət gəlmə, onsuz da o işləmir, evə də getmə, get başqa yerdə qal. Biz səni təhlükədən qorumalıyıq!” Məhəl qoymadım.
Amma... yanvarın 26-dan 27-ə keçən gecə saat 1-2 radələrində mənzilin qapısı bərk döyüldü və zənqi çalındı. İki nəfər mülki geyimdə, üç əsgər “Alfa” geyimində evə daxil oldular. Biri sənədlərimizi yoxlayırdı, digərləri isə evdə nəsə axtarırdı. Onlardan biri: “Sən bizimlə yarım saatlıq Bakı şəhəri hərbi komendantının yanına gedəcəksən!” – dedi. Digəri isə, kitab rəfində Heydər Əliyevlə mənim birgə fotoşəklimi görüb o birisinə isteza ilə dedi: “Petroviç, sən bir bura bax, dahi insan”. Sonra əsəbi halda soruşdu: “Bu sizin nəyinizdir?” BDU-nun şərqşünaslıq fakultəsinin üçüncü kursunda oxuyan qızım Hüsniyyə cavab verdi: “Niyə bizim, o bütün sovet xalqının tanıdığı və sevdiyi bir şəxsiyyətdir”. Bu dialoqdan sonra silahlı əsgərlərdən biri mənim qulağıma pıçıldadı: «Teplo odevaytes!». Mən buna əməl etdim. Çünki, başa düşdüm ki, ya məni uzağa, ya da uzun müddətə aparırlar.
Aşağı düşəndə əsgərlərdən biri silahı kürəyimə dirəyib dedi: “Bir addım sağa-sola dönsən atacağam”. Artıq həbs edildiyim mənə agah oldu. Qorxudanmı, qəzəbdənmi oldu, gözlərim doluxsundu. Haradansa soyuq hiss elədim, əsməyə başladım...
Məni altı hərbiçi və iki müstəntiq müşayiət edirdi. Təsəvvür edin ki, onların hamısı gəlmə idi və təbii ki, Bakını tanımırdılar. Səkkiz nəfər və dustaq avtomobili Ayna Sultanovanın heykəli qarşısından Qaqarin körpüsünə qədər 20 dəqiqəlik yolu düz 100 dəqiqəyə, özü də xəritə vasitəsilə «fəth etdi».
O günlər bizim operatorların çəkilişləri erməni daşnaklarının separatizmi və sovet ordusunun Azərbaycan xalqına qarşı törətdiyi qəddar hücumlar genosid adlandırılır. Qanlı yanvar kimi faciəli günlər, verilən qurbanlar, bizim millətin azadlığa və müstəqilliyə gedən bir yolu kimi qiymətləndirilir.
Həmin çəkiliş kassetlərinin bir hissəsi vətənpərvər operator olan Seyidağa Mövsümovda idi. O gecə məni evimdən aparanda, həyat yoldaşım, Teleradio komitəsinin əməkdaşı Afət xanım ona telefon açıb demişdi: «Seyidağa, Vasifi apardılar, ola bilsin, sənin arxanca da gəlsinlər. Kassetlərlə birgə evi tərk edin». Seyidağa da ailə ilə birgə mənzili tərk etmişdi.
Qaraşəhərdəki təcridxanada mənə guya günahkar olduğum barədə sənəd təqdim etdilər. Televiziyanın işinə maneçilikdə, mitinqlərə çağırışda çəkilmiş videokasetlərin gizlədilməsində günahlandırırdılar. Əlbəttə, belə bir ittihama mən imza ata bilməzdim. Bir azdan olduğum kameraya iş yoldaşlarım – rejissor Azər Zamanlı və radio jurnalisti Rafiq Ağayevi gətirdilər.
Yanvarın 19-dan işləməyən Azərbaycan televiziyası, yanvarın 27-də, məhz biz həbs ediləndən sonra öz proqramlarını efirə verməyə başladı. Sanki ölkə rəhbərliyi və televiziyanı o günlər idarə edənlər bizim həbsimiz gözləyirdilər. Ertəsi gün əllərimi boğazdan keçən polad məftillə bağlayaraq, Nasosnı qəsəbəsində yerləşən hərbi hava limanına, oradan isə silahlı hərbçilər və alman cinsindən olan köpəklərin müşayiəti ilə, hərbi təyyarələr vasitəsilə Krasnodar şəhərinə apardılar. Dəmiryol vağzalına gətirdilər. Bizi dəyənəklərlə döyürdülər, köpəklər üstümüzə hürürdü. Bütün bunlar filmlərdə gördüyümüz nasist konslaqerlərini xatırladırdı. Bizi “Stolıpin” deyilən vaqon-zindana doldurdular. Ac-susuz biz üç gün, üç gecə Ulyanovsk şəhərinə yollandıq. Hərbi nəzarətçilər dustaqlara işgəncələr verirdilər, döyüb dişlərimizi sındırırdılar. Pullarımızı, saatlarımızı əlimizdən aldılar. Nəhayət, Ulyanovska – “dahi Lenin”in vətəninə çatdıq. Bizi yerli həbsxanada bir aydan çox saxladılar. Çəkdiyim zillətləri ömrüm boyu unutmaram. O vaxtdan 25 il keçməsinə baxmayaraq, hələ də o illərin bütün hadisələri yuxularımda canlanır.
Ulyanovska çatandan sonra çoxdan orada yaşayan, əslən Göyçay rayonundan olan milis kapitanı Varis Məhərrəm oğlu Məcidov bizim bura gətirilməyimizdən xəbər tutub, yerli yüksək rütbəli general və zabitlərlə həbsxanaya gəldi. Elə ilk gündən Ulyanovskda məskunlaşan bu yeddi Məcidov qardaşlarının mərdliyi, qeyrəti bizi – bütün Azərbaycan dustaqlarını heyran etdi. Həmin görüşdən sonra onlar Bakıya, ailələrimizə xəbər göndərmişdi ki, nigaran qalmayın, əzizləriniz sağ-salamatdırlar. Həbsxanada saxlandığımız bir aydan çox vaxt ərzində Məcidov qardaşları bizim bütün təminatımızı üzərlərinə götürdülər. O, çətin və əzablı günlərimizdə bizə - 46 nəfər azərbaycanlıya arxa, dayaq oldular. “Cəza” müddətimiz başa çatdıqda eyni vəziyyətdə Azərbaycana yola salınacağımızdan xəbər tutan Varis Məcidov qardaşlarıyla birlikdə Bakıdan xüsusi nəqliyyat təyyarəsi sifariş verib, öz vəsaitləri hesabına bizi vətənə çatdırdılar.
Bütün bunlar gerçəklikdir, lakin bir daha təəssüf edirəm ki, o zaman heç bir prosesə qoşulmayan, hətta günlərlə evdən çıxmayan bəzi ziyalılar, televiziya işçiləri bu gün şişirdilmiş hadisələr və yalanlarla kütlə qarşısına çıxır və mətbuatda ağız dolusu danışırlar. Ad çəkmək nə yaşıma, nə nüfuzuma, nə də peşəkarlığıma yaraşar.
Amma, təbii ki, son qərar tarixin özünə məxsus olacaq!

Vasif Hacıağa oğlu Babayev, Azərbaycanın xalq artisti,
Beynəlxalq Televiziya və Radio Akademiyasının həqiqi üzvü,
Prezident təqaüdçüsü //musavat.com/


25 ilin acı xatirəsi: həbs olunmuş baş rejissoru kim xilas etdi?
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar