“Azərbaycanda lazımsız SMS-lər qadağan ediləcək”.
İnternet tariflərinin ucuzlaşması daim bizim diqqət mərkəzimizdədir.
Lakin biz həm də dünyada gedən prosesləri də izləyirik. Bu gün Azərbaycanda internetin qiymətləri Avrasiyada olan orta qiymətlərdən aşağıdır.
Oxu.Az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycanın rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov bildirib.
Ə.Abbasovun sözlərinə görə, Azərbaycan internet tariflərinin qiymət səbətindəki payına görə dünyada 56-cı yeri tutur.
“İnternetdən istifadə həcminə görə, hansı ki 500 meqabayt internetdən istifadəyə əsasən hesablanır, biz Beynəlxalq Telekommunikasiya İttifaqının reytinqində 38-ci yerdəyik. Bu, olduqca yaxşı bir göstəricidir”.
Nazir xüsusilə vurğulayıb ki, internetin ucuzlaşması, keyfiyyətinin artırılması istiqamətində qanunvericiliklə bağlı işlər aparılır:
“Biz telekommunikasiya qanunlarına yeni düzəlişlər etmişik. Yəqin ki, bu dəyişikliklər parlamentin növbəti iclasında qəbul olunacaq. Bu dəyişikliklər həm keyfiyyətə, həm qiymətlərə, operatorların abunəçilər qarşısında olan öhdəliklərinin daha da sərtləşdirilməsi istiqamətində olacaq. O cümlədən son vaxtlar əhali arasında geniş yayılan lazımsız SMS-lərin göndərilməsi də qanuna dəyişikliklərdə əksini tapıb”, - deyə, Əli Abbasov bildirib.
Nazir həmçinin əhalinin mobil rabitədən istifadəsi barədə də danışıb:
“Son vaxtlar bütün ölkələrin orta danışıq həcmi də çap olunub. Azərbaycanda mobil və stasionar telefonlardan çox istifadə edirlər. Belə ki, mobil telefondan istifadəyə görə azərbaycanlılar Avropada türklərdən sonra 2-ci yeri tuturlar. Bir tərəfdən bu yaxşıdır, mobil rabitənin nə qədər əlçatan olduğunu göstərir. Əgər biz danışıq həcminə görə Avropada ikinci abunəçilər sayılırıqsa, bunun özü də yaxşı göstəricidir”.