Müəllimlərə qayğı, yoxsa ayrıseçkilik?

19-01-2015, 11:08   
Müəllimlərə qayğı, yoxsa ayrıseçkilik?
Uzun illərdən sonra hökumət «addım» atdı

Hakimiyyət ölkədəki analoqsuz inkişafdan, iqtisadi qüdrətimizin artmasından, vətəndaşların rifah halının yaxşılaşmasından danışsa da, reallıq bunun əksini göstərir. Azərbaycanda əmək haqlarının yaşayış minimumunu ödəməməsi aydın məsələdi. Uzun illərdi müəllimlərin, həkimlərin, təqaüdçülərin az əmək haqqı alması müzakirə olunur və hökumətin bu istiqamətdə zəruri addımlar atması tələb edilir.

Hakimiyyət sözçüləri isə həmişə müəllimlərin maaşının artmasından söhbət düşəndə, “inflyasiya” bəhanəsi ilə silahlanıblar. Yəni, ölkənin milyardları talan edilib, məmurlar milyonerə çevrilib, deputatların və digər səlahiyyətli kəsimin maaşları artırılıb, amma aşağı təbəqənin nümayəndələri bu artımdan məhrum edilib.

Uzun illərdən sonra müəllimlərin maaşının artırılması məsələsi gündəmə gəldi və həmişəki kimi məyusluqla nəticələndi. Belə ki, Prezident Ilham Əliyev dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin dərs yükünün və əməkhaqqının artırılması haqqında sərəncam imzalayıb. Uzun illərdən sonra müəllimlərə bağlı bu “humanist” addımı, bir neçə gün öncə benzinin qiymətinin 2 qəpik aşağı salınması “humanist”liyi ilə eyniləşdirmək olar.


Əvvəla, ölkədə 150000-dən artıq müəllim fəaliyyət göstərir və bu peşə sahiblərinin hansı qayğılarla əhatə olunduğu göz önündədir. Çünki, hər birimizin ailəsində, yaxınları arasında, qonşuluğunda müəllimlik edən insanlar var. Analoqsuz inkişaf etmiş ölkənin prezidenti isə 20 ildən sonra yalnız 30000 müəllimin maaşının artırılmasına sərəncam verib. Qüsurlar yalnız bununla da kifayətlənmir. Bu sərəncamın ruhunda “şikəst”lik var və qeyri-müəyyənliklə əhatə olunub.

Maraqlıdır, əgər bu diaqnostik testin nəticələri heç nəyi dəyişmirsə, bu 30000 müəllim istənilən halda sərəncamdan yaralancaqsa, bu testə nə ehtiyac var idi? Yəni, testin nəticəsindən asılı olmayaraq 30000 müəllimin dərs yükü və maaşı artırılacaqsa, bu “şou”nun hikməti nədədir?

Digər tərəfdən müəllimin dərs yükünün artırılması, onsuz da əmək haqqının artılmasını zəruri edir. 5 saat fəhləlik edib, 10 manat qazanan adamın, 10 saat fəhləlik edib, 20 manat qazanması maaş artımı deyil, yükün artırılmasıdır.

Ümumiyyətlə, ali təhsil sənədi olan, həyatının 4-6 ilini bilik öyrənməyə həsr etmiş adamlara, yenidən müəllimlik testi tətbiq edib, biliyini yoxlamaq nə qədər məntiqlidir? Deməli, etiraf olunur ki, ali təhsil diplomlarının heç bir dəyəri, qüvvəsi yoxdur.

Ilham Əliyevin məlum sərəncamı yalnız Bakı şəhərini əhatə edir. Deməli, ölkənin müxtəlif yerlərində çalışan müəllimlərin bu sərəncamdan mənffəti yoxdur. Bu həm də o deməkdir ki, müəllimlik peşəsinin daşıyıcıları mərkəzdən kənarda fəaliyyət göstərməkdə maraqlı olmayacaqlar. Tutalım bu sərəncam daha sonra Sumqayıtı, Gəncəni və digər iri şəhərləri əhatə etdi. O zaman müəllimlər həmin şəhərlərdə fəliyyət göstərməyə çalışacaqlar. Yəni, bu sərəncam 100000-dən artıq müəllimin həvəsdən düşməsinə, praqmatik seçim etməsinə səbəb olacaq. Prezident ən azı bu sərəncamda qeyd etməliydi ki, 1 il ərzində qiymətləndirmə testləri bütün ölkəni əhatə edəcək və bu müddətdə maaş artımı bütün bölgələrə şamil olunacaq. Indiki halda hakimiyyət müəllimlər arasında ayrıseçkilik etdi.

Məlum sərəncamın ən mücərrəd tərəfi isə “dərs yükü” məsələsidir. Bilirik ki, tədris ili başlayanda dərs yükü müəyyənləşir və hər bir müəllim neçə saat dərs deyəcəyini bilir. Bu sərəncamdan sonra isə bir sual meydana çıxır. Müəllimlərin dərs yükü necə artırılacaq? Bunun cavabını heç kim vermir. Cavab isə sadədir. Bir qrup müəllimin dərs yükü azaldılacaq və ya ixtisarlar aparılacaq.

Göründüyü kimi baş verənlərdə böyük mənada müəllimlərə qayğıdan söhbət gedə bilməz. Hətta hökumət özü də bu sərəncamın məntiqini və meyarını izah edə bilmirlər.

Bu məqamda daha bir sual meydana çıxır. Niyə müəllimlərlə bağlı bu sərəncam məhz indi meydana çıxdı? Neftin qiymətinin kəskin aşağı düşdüyü bir vaxtda, bu addım zəruri edən nədir?

Bu sualların cavabı onu deməyə əsas verir ki, məlum sərəncam siyasi xarakter daşıyır. Belə ki, Azərbaycan neftdən asılı ölkədir və neftin qiymətdən düşməsinin ölkəyə zərbə vuracağı təbiidir. Hakimiyyət isə ciddi cəhdlə sübut etməyə çalışır ki, neftin qiymətdən düşməsi ölkəyə təsir etməyəcək və bizim güclü iqtisadiyyatımız var. Indiki məqamda belə bir addım atmaqla “biz krizis dövründə də maaş artıra bilirik” mesajını vermək istəyirlər. Yəni, hər gün cəmiyyətə sırıdıqları informasiyanı, əməli şəkildə təsdiqləmək istəyirlər.

Indi müəllimlərlə bağlı bu sərəncamı prezidentin humanizmi və ölkənin analoqsuz inkişafı kimi qiymətləndirəcəklər. Biz isə qısa şəkildə izah etməyə çalışdıq ki, bu sərəncamdan irəli gələn məqamları müəllimlərin rifahının yaxşılaşdırılması kimi qiymətləndirmək olmaz.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar