Türkiyədə günü problemi böyüyür -
Türkiyədə suriyalıların ən çox məskunlaşdığı Kilis rayonunun hər tinində bir acı hekayə var.
Musavat.com-un məlumatına görə, suriyalı qadınlar burada “kataloq”dan günü (ikinci arvad) olaraq seçilir. Ölkələrində davam edən müharibədən qaçaraq Türkiyəyə sığınan əcnəbi vətəndaşlar burada xeyli problemlə də üzləşir. Suriyalı qadınlar isə günü adətinə qurban gedir. Bu qadınları alıb günü aparmaq üçün İzmir, Ankara, İstanbul kimi inkişaf etmiş şəhərlərdən də gələnlər olur.
Türkiyənin “Cumhuriyyət” qəzeti Kilisdəki mövcud vəziyyəti gün üzünə çıxarıb.
Yerli sakinlər doğma rayonlarında özlərini turist kimi hiss etdiklərini deyiblər: “Kilisdə turist kimiyik. Çünki burda əhalinin yarıdan çoxu suriyalı qaçqınlardır. Mağazaların çoxunda ərəbcə yazılar yazılır ”.
Əhməd adlı suriyalı kişi isə öz mədəniyyətlərindən danışaraq 12, 13, 14 yaşına çatmış qızlarını ərə verdiklərini bildirib: “Müharibədir, baxa bilmirik. Yüksək başlıq pulu da istəmirik. Qaçqınlara rəsmi nikah da kəsmirlər. Qızımızı verəcəyimiz adamın isə evli olması problem deyil. Bizdə 4 qadınla evlənməyə icazə var. Ailəmizdəki qızlarımızın çoxu burada belə evlənib. Həm biz, həm də qarşı tərəfdən araçılıq edənlər var. Qadınlar da, kişilər də bu işə kömək edirlər”.
Yerli sakinlər isə bildiriblər ki, burada təəccüblü bir şey yoxdur: “Biz əvvəllər də günü alırdıq. Müharibədən sonra bu işlər xeyli asanlaşıb. Sadəcə Kilisdən deyil, Qaziəntəp, Şanlıurfadan da günü alırdıq. İndi də Ankara, İzmir, İstanbuldan gələrək Kilisdən günü alırlar”.
Müxbirin "Bəs üstünə günü gətirilən qadınların vəziyyətdən xəbərləri yoxdurmu?"-sualına yerli sakinlərin cavabı isə belə olub:
"Var, amma səslərini çıxara bilmirlər../musavat.com/