Azərbaycan ərazisində yeni qızıl yataqları kəşf edilib.
Report-un məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Hüseyn Bağırov bildirib.
"İki qızıl yatağında işlər aparılıb. Daha bir neçə yerdə qızıl yataqları kəşf edilib. Kəşf olunan yataqlar üzərində hazırda hesablama işləri aparılır", - deyə nazir qeyd edib.
H.Bağırov əlavə edib ki, aşkarlanan yeni qızıl yataqları əsasən Kiçik Qafqazın və Böyük Qafqazın şimal hissəsində yerləşir: "Yenə də qazıntı işləri aparılır. Yeni qızıl yataqları aşkara çıxarılır".
H.Bağırov həmçinin xatırladıb ki, 2014-cü ildə Azərbaycanda ilk dəfə qızıl yataqlarının atlası nəşr olunub: "Bu, Ekologiya Nazirliyinin təşəbbüsü ilə nəşr edilib".
Xatırladaq ki, Azərbaycanda qızıl və gümüş 1997-ci il avqustun 21-də imzalanmış PSA (Hasilatın Pay Bölgüsü) tipli müqavilə çərçivəsində hasil olunur. Müqavilə 6 yatağın - Naxçıvanda 1, Gədəbəydə 2, hazırda erməni işğalı altında olan Kəlbəcər və Zəngilanda 3 yatağın işlənməsini nəzərdə tutur. Müqavilədə Azərbaycanın payı 51%, Böyük Britaniyanın "Anglo Asian Mining Plc." şirkətinin payı 49% təşkil edir. "Gədəbəy" yatağından ilk qızıl hasilatına 2009-cu ildə başlanılıb.
Qeyd edək ki, 2014-cü ilin yanvar-noyabr ayları ərzində Azərbaycanda 1 684,3 kq qızıl və 231,9 kq gümüş hasil olunub. Ötən ilin eyni dövrü ilə müqayisədə qızıl hasilatı 11,9% artıb, gümüş hasilatı isə 62,2% azalıb.