Qış sessiyasında Elmar Hüseynovla Rafiq Tağının qətlə yetirilməsinin araşdırılması tələb olunacaq
Avropa Şurası Parlament Assambleyasının (PA) qış sessiyasında Avropada mətbuat azadlığının müdafiəsilə bağlı hesabat müzakirə olunacaq. Artıq AŞ PA-nın saytında qətnamənin layihəsi çap olunub.
Layihənin bəndlərindən birində Avropa Şurasının üzvü olan bəzi ölkələrdə qətlə yetirilmiş jurnalistlərin məsələsi qaldırılıb. Layihədə qətlə yetirilmiş azərbaycanlı jurnalistlər Elmar Hüseynov və Rafiq Tağının da adı qeyd olunur. Azərbaycan da daxil olmaqla jurnalist qətlləri həyata keçirmiş ölkələrdən bu cinayətlərin hərətərəfli araşdırılması tələb olunur.
Qeyd edək ki, “Azadlıq” məlumat yaymışdı ki, AŞ PA-nın qış sessiyasında Azərbaycanla bağlı gərgin müzakirələr gözlənilir. Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov da dolayısı ilə bu məlumatı təsdiq edib. O, APA-ya müsahibəsində Azərbaycanla bağlı müzakirələrin olacağını istisna etməyib.
Seyidov həmçinin Azərbaycan hüquq-mühafizə orqanlarında çalışan bir sıra yüksək çinli məmurlara qarşı sanksiyaların tətbiq olunması barədə bu günlərdə yayılan xəbərə də münasibət bildirib. O, ad çəkmədən hansısa dairələrin Azərbaycanla bağlı pis fikir formalaşdırmaq məqsədində olduğunu deyib: “Bəzi qüvvələr, qurumlar süni şəkildə Azərbaycana qarşı hansısa tədbirlərin görülməsinin tərəfdarıdır, onlar öz fikirlərini başqalarına da yaymaq istəyirlər. Əslində Avropa Azərbaycanla əməkdaşlıqda həddindən artıq maraqlıdır. Çünki Avropanın həll edə bilmədiyi məsələni Azərbaycan burada həll edir”.
Seyidovun fikrincə, Avropa bu gün Azərbaycanla bağlı mənfi nəsə etsə, özünə etmiş olacaq. “Hazırda Avropada gedən proseslər onun müqəddəratını və taleyini şübhə altında qoyur”, - deyə o qeyd edib.azadliq.info